
Ölümcül yara: dəridə, ciyərlərdə, bağırsaqda gizlənən təhlükə - “Təbib” çarəsini açıqlayır
Boyun göyərir, damarlar şişir, qidanı udmaq çətinləşir, xəstə boğularaq ölür...
28 Mart 2025
Təbabət nə qədər inkişaf etsə də, xəstəliklər artmaqda davam edir. Dərd çox, dərman baha, həkim ondan da baha! Amma necə deyərlər, insan özü-özünün həkimi ola bilər. Və əslində olmalıdır. Bunun üçün əsrlərin sınağından çıxmış, varlısına-kasıbına, kəndlisinə-şəhərlisinə baxmadan, hamı üçün eyni dərəcədə əlçatan olan dərman bitkiləri, çaylar, qida vasitələri var. “Təbabətin atası” Hippokrat əbəs yerə deməmişdi ki, “Qoy yeyib-içdikləriniz dərmanlarınız, dərmanlarınız yeyib-içdikləriniz olsun”.
Pressklub.az “Təbib” adlanan rubrikasında sizə təbii müalicə üsullarından danışır, zəmanəmizin bəlasına çevrilmiş xəstəliklərdən uzaq durmağın yollarını göstərir. Bələdçiniz isə 500-dən artıq dərman bitkisinin “dilini” bilən, fitoterapiya sahəsində 35 illik təcrübəyə malik tanınmış həkim Fuad Mahmudovdur.
Rubrikamızın ötən dəfəki mövzusu vəzin insult idi. Bu yazıda həkiminiz sizə son günlər haqqında çox yazılan qarayara xəstəliyi barədə danışır.
Qarayara xəstəliyi çox təhlükəli bir xəstəlik olub, insanın Bacillus anthracis bakteriyalar ilə yoluxması nəticəsində baş verir. Xəstəliyin inkubasiya dövrü 3-5 gündür və bundan sonra xəstənin dərisində çibanabənzər irinli yaralar (karbunkul da deyilir) əmələ gəlir. Xəstəliyi törədən bakteriyalar silindrik şəkilli olub, daxilində çoxlu miqdarda sporlar olur. Bakteriyalar xarici təsirlərə qarşı çox dözümlüdür, həm oksigenli, həm də anaerob (oksigensiz) şəraitdə çoxalıb arta bilirlər. Amma +100 dərəcədə ölürlər ki, bu da suyun qaynama temperaturu deməkdir. Qarayara xəstəliyinə yoluxma və yayılma prosesinə daha çox iri buynuzlu ev heyvanları (inək, camış), atlar və qoyunlar səbəb olur desək, yanılmarıq. Xəstəliyə yoluxmada 2 əsas mənbə və ya ocaq göstərilir:
1. Birincili. Xəstəliyə yoluxmuş və ölmüş heyvanlar adətən torpağa, müəyyən bir dərinliyə bas-dırılır və bakteriyalar torpaq altında çox geniş olaraq artıb inkişaf edir.
2. İkincili. Bu mərhələdə isə artıq çoxalmış və inkişaf etmiş bakteriyaların yayılma prosesi başlayır ki, bu da adətən qış sezonundan sonra qarın əriməsi, yağışların yağması nəticəsində kiçik və ya böyük şəkildə sel sularının bir yerdən başqa yerə axması ilə aparılır. Yəni yoluxmaya hazır olan bakteriyalar axar sular vasitəsilə digər ərazilərə aparılır.
Xəstəliyin əlamətləri
Qarayara xəstəliyi bir neçə formada özünü büruzə verir.
- dəridə olan forma
- ağ ciyər forması
- bağırsaq forması
- sepsis (irinli) forması
Qarayara xəstəliyi, demək olar ki, bütün hallarda dəridə olan yoluxma ilə özünü büruzə verir. Amma bununla paralel olaraq, digər forma da ola bilər. Xəstəlik törədən bakteriyalar və ya basillər əsasən dəri qatında olan hər-hansı bir kiçik yaradan (hətta çox kiçik dəri zədələnməsindən) yoluxa bilər. Əksər hallarda, xəstələrdə bir ədəd böyük karbunkul müşahidə olunur, çox ciddi hallarda isə bu karbunkulların sayı 20-yə qədər ola bilir. Karbunkullar və ya çibanabənzər şişkinliklər adətən əllərdə, üz dərisində, boyunda, bədəndə və ayaqlarda müşahidə olunur. Karbunkullar ilkin olaraq üz nahiyəsində və ya boyunda müşahidə olunursa, bu, xəstəliyin gedişatının çox ağır olacağından xəbər verir. Bu o deməkdir ki, xəstəlik tənəffüs yollarını zədələmişdir və xəstələrdə az vaxtdan sonra təngnəfəslik, boğulma və s. kimi hallar müşahidə olunur. Son nəticə olaraq bunların hamısı ölümlə nəticələnir.
Dəri nahiyəsində olan qarayara xəstəliyi bir neçə formada olur:
- Karbunkulez forma. Qarayara xəstəliyinin ən geniş yayılmış forması olub, ilkin dövrdə kiçik düyün əmələ gəlir və bu da çox sürətlə böyüməyə başlayır. Az vaxtdan sonra böyümüş bu şişkinlik partlayır və qara yara üzə çıxır.
- Edematoz forma. Bu forma zamanı yoluxma nahiyəsində çox güclü şişkinlik yaranır ki, bunun da təməlində karbunkul əmələ gəlir. Bu növ qarayara xəstəliyi çox az-az hallar-da müşahidə olunur ki, bunun da gedişatı çox ağır olur.
- Bullyoz forma. Xəstəliyin gedişatı dərinin müəyyən nahiyəsində içərisində hemorragik maye olan suluqlar ilə başlayır. Təxminən 5-10 gün sonra isə bu suluqların yerində nekrozlaşmış xoralar əmələ gəlir.
- Erizipeloid forma. Xəstənin dəri nahiyəsində içərisində maye olan bir neçə suluqlar yaranır ki, onların da açılması nəticəsində üzəri qara rəngli qabıqla örtülü olan yaralar üzə çıxır. Xəstəliyin bu forması çox az hallarda rast gəlinir, amma digər formalarla müqayisədə daha yüngüldür.
Ağ ciyər forması
Xəstəlik tədricən üzə çıxır. İlkin olaraq xəstənin hərarəti yüksəlir, sonra bədəndə olan bütün əzələlərdə ağrılar, ümumi halsızlıq və öskürək şəklində başlayır. Sinə nahiyəsində güclü diskomfort müşahidə edilir. Bir şeyi də qeyd etmək vacibdir ki, bu forma çox tez, cəmi 1-3 gün ərzində pik həddinə çatır.
Əsas əlamətləri:
- bədən hərarəti 40 və daha çox qalxır
- güclü üşütmələr
- intoksikasiya
- təngnəfəslik
- dəridə göyərmələr
Xəstələr sinə nahiyəsində infarkt ağrılarına bənzər ağrılar hiss edirlər. Öskürək get-gedə artır və güclənir, köpüklü-qanlı bəlğəm ifrazı yaranır və çoxalır. Xəstəliyin baş verməsi nəticəsində limfa düyünləri şişir ki, bunlar da öz növbəsində traxeyanı sıxır, təngnəfəslik, oksigen çatışmazlığı və boğulmalar müşahidə edilir. Qarayara xəstəliyinin ağ ciyər forması çox sürətlə inkişaf edir. Ağırlaşmalar nəticəsində ürək çatışmazlığı, ağ ciyər şişkinliyi və s. hallar baş verir ki, bu da çox vaxt ölümlə nəticələnir.
Bağırsaq forması
Qarayara xəstəliyinin çox nadir forması olmasına baxmayaraq, ən çətin gedişatı olan bir formadır. Yoluxma başlayandan cəmi 2-5 günə pik həddinə çatır.
Əsas əlamətləri:
- qarın nahiyəsində çox bərk ağrılar
- yüksək hərarət
- öd və qanla müşayiət olunan ürəkbulanma və qusma
- iştahanın tamamilə itirilməsi
- qanlı ishal
Toplanmış mayenin miqdarına görə qarın çox böyüyə bilir və bu da öz növbəsində bağırsaq keçməzliyi ilə nəticələnir. Ağız-udaq nahiyəsində də xəstəliyə yoluxma müşahidə olunur. Boyun nahiyəsi dərisi göyümsov rəng alır, qan damarları isə şişərək, al qırmızı xətlərlə özünü büruzə verir. Ağız qanamaları nəticəsində qidanın udulması problemi yaranır, boğulmalar başlayır. Əgər lazımi tibbi yardım olunmazsa, xəstə boğularaq ölür.
Septik forma
Xəstəliyin bu forması az hallarda rast gəlinir. Bu xəstəlik zamanı bakteriyaların orqanizmdə sirkulyasiyası və onların yaratdığı toksinlərin qan dövranı sistemində yaratdığı fəsadlar çox xarakterikdir. Belə ki, xəstəlik zamanı bir çox orqanlar sistemli olaraq öz fəaliyyətlərini itirmiş olurlar.
Əsas əlamətləri:
- 41 dərəcəyə qədər müşahidə olunan bədən hərarəti
- uzun müddətli üşütmələr
- təngnəfəslik
- sinə nahiyəsində ağrılar
- köpük və qanla müşayiət olunan öskürək
- qarında güclü ağrılar
- ürəkbulanma və qanlı qusmalar
- qanlı ishal
Xəstəlik çox çətinliklə müalicə olunur və hətta əksər hallarda müalicə mümkün olmur. Xəstəliyin ən effektiv sayılan müalicəsindən sonra xəstədə bir çox ağırlaşmalar ola bilir ki, bunlardan meningit, baş beyin şişkinlikləri, ağ ciyər şişkinlikləri, asfiksiyalar, peritonit, mədə-bağırsaq qanamaları, bağırsaq keçməzliyi və s. göstərmək olar.
Xəstəliyin müalicəsi
Xəstəliyin müalicəsi birbaşa olaraq müasir antibiotik dərman preparatları ilə aparılır. Burada əsas məsələ müalicə üçün gecikməmək, yəni vaxt itirməməkdir. Antibiotiklərlə paralel olaraq, qarayara çöplərinə qarşı immunoqlobulin də vurulmalıdır.
Təbii ki, müasir tibdə çox güclü dərman preparatları vardır və bu xəstəliyin müalicəsində müvəffəqiyyətlə tətbiq olunur. Bizim istədiyimiz isə qarayara xəstəliyinin müalicəsi üçün hansı təbii üsullardan və təbii dərman vasitələrindən istifadə olunduğunu öyrənmək, aşkar etməkdir. Doğrudur, xəstəlik çox ciddi və təhlükəli xəstəlikdir, amma ümumi şəkildə bu xəstəliyə təbii vasitələrlə təsir etməyin mümkün olduğunu qısa şəkildə çatdırmaq istərdim.
- Propolisin spirtdə 20 %-li dəmləməsi. Propolis çox güclü bir təbii vasitə olub, əsasən çətin sağalan yaralarda, yoluxucu bakteriyalara qarşı, immun zəifliyə qarşı və s. kimi sahələrdə çox yaxşı effekt verir.
- Sarımsaq çox qədim zamanlardan bir çox çətin sağalan xəstəliklər zamanı tətbiq olunub və bu gün də olunmaqdadır. Sarımsağın tərkibində olan “allisin” maddəsi əsil təbii antibiotik hesab olunur. Sarımsaq həzm prosesini yaxşılaşdırır, qanyaranma prosesini stimullaşdırır, qanda xolesterin və şəkərin miqdarını tənzimləyir və s. Çox güclü antimikrob, antihistamin və s. kimi xüsusiyyətlərə malikdir.
- Exinaseya. Bitkinin tərkibi flavonoidlər (iltihabi proseslərə qarşı birləşmələr), polisaxaridlər (virusların hüceyrə daxilinə keçmə prosesini əngəlləyir), saponinlər (antioksidant xüsusiyyətə malikdir) və s.
- Evkalipt. Çox güclü təbii antiseptik bitki olub, bakterisid, antibakterial, antiparazitar, sakitləşdirici, ağrıkəsici və s. təsirlərə malikdir.
- Zəncəfil. Çox güclü təbii antibiotikdir. İltihabi prosesə qarşı, antiparazitar, bəlğəmgətirici, ümummöhkəmləndirici, antibakterial, antiseptik və s. xüsusiyyətləri var.