Logo
news content

Kişilərin baş bəlası: təbii və ucuz xilas yolu – “Təbib” təqdim edir
Prostatit nədir, həkimlərə və dərmanlara pul xərcləmədən necə müalicə etmək olar?

Təbabət nə qədər inkişaf etsə də, xəstəliklər artmaqda davam edir. Dərd çox, dərman baha, həkim ondan da baha! Amma necə deyərlər, insan özü-özünün həkimi ola bilər. Və əslində olmalıdır. Bunun üçün əsrlərin sınağından çıxmış, varlısına-kasıbına, kəndlisinə-şəhərlisinə baxmadan, hamı üçün eyni dərəcədə əlçatan olan dərman bitkiləri, çaylar, qida vasitələri var. “Təbabətin atası” Hippokrat əbəs yerə deməmişdi ki, “Qoy yeyib-içdikləriniz dərmanlarınız, dərmanlarınız yeyib-içdikləriniz olsun”.

Pressklub.az “Təbib” adlanan rubrikasında sizə təbii müalicə üsullarından danışır, zəmanəmizin bəlasına çevrilmiş xəstəliklərdən uzaq durmağın yollarını göstərir. Bələdçiniz isə 500-dən artıq dərman bitkisinin “dilini” bilən, fitoterapiya sahəsində 35 illik təcrübəyə malik tanınmış həkim Fuad Mahmudovdur.

Rubrikamızın ikinci mövzusu prostat vəzinin xəstəlikləri barədədir. 

Prostatit – prostat vəzinin iltihabi prosesi olub, oturaq (taz) nahiyəsində qanın  mikrosirkulyasiya prosesinin pozulması və prostat vəzinin toxumasında infeksion prosesin yaranması nəticəsində baş verir. Xəstəlik zamanı əsasən sidiyə getmə prosesində pozuntular müşahidə olunur ki, buna misal olaraq da aşağıdakıları göstərmək olar: 

- gecələr sidiyə getmə ehtiyacı artır; 

- sidiyin irəliyə doğru kənarlaşma təzyiqi xeyli dərəcədə azalır; 

- bir qədər keçdikdən sonra sidiyə getmə prosesi yanma və zəif ağrılarla müşayiət olunur; 

- daha gecikmiş formalarda sidiyin saxlanma qabiliyyətinin də pozulması baş verir. 

Prostat vəzin normal fəaliyyət göstərməsi üçün ən vacib elementlərdən biri sinkdir. Orqanizmdə sinkə olan günlük tələbat 15-20 milliqramdır. İnsan yaşa dolduqca  orqanizmdə sink defisiti yaranır ki, bununla əlaqədar olaraq kişilərdə cinsi zəiflik, prostat vəzin iltihablaşması, normadan artıq böyüməsi və s. xoşagəlməz hallar müşahidə olunur. 

Prostatit, prostat vəzin xərçəngi və prostat vəzin adenoması və s. zamanı orqanizmdə olan sink elementinin miqdarının normadan xeyli dərəcədə aşağı olduğu müəyyən edilmişdir. Orqanizmdə yaranan sink çatışmazlığının yerini doldurmaq üçün vələmir və küncüd toxumları, dəniz yengəcləri, malın qaraciyəri, buğda cücərtisi və s. kimi qidalardan istifadə etmək lazımdır. Bundan başqa, hamımızın yaxşı tanıdığımız fındıq ağacının yarpaq və ya cavan budaqlarından götürülmüş qabıqlarından istifadə etməklə prostatitin qarşısını almaq olar. Fındığın tərkibində lazımi qədər sink elementi vardır. Prostatit çox ciddi xəstəlikdir və bu baş verdiyi zaman vaxt itirmədən ciddi və hərtərəfli müalicəyə başlamaq lazımdır.                                                                                                                        Xəstəliyin müalicəsi üçün konservativ, yəni cərrahi əməliyyat, medikamentoz müalicə və xalq təbabəti üsulları ilə müalicə yolları var. Biz, təbii yollarla müalicə yolunu seçirik. 

Reseptlər:

  1. Dəmrovotu bitkisindən quru və nisbi xırdalanmış halda 100 q götürüb, 700-750 ml qaynar suya əlavə edib, zəif alovda 5-6 dəq. qaynatmaq, süzmək. Alınan məhlula 500 q təmiz bal əlavə edib, yaxşı-yaxşı qarışdırmaq. Gündə 3 dəfə yeməkdən qabaq 1 xörək qaşığı qəbul etmək. Hazırlanmış qarışığı soyuducuda saxlamaq. Müalicə dövründə alkoqollu içkilər və digər dərman vasitələri qəbul etmək olmaz. Paralel olaraq, vələmir toxumlarının da qaynanmış məhlulunu və ya çayını içmək lazımdır ki, bu da 2 aya qədər davam etməlidir. Müalicənin effektini 7-8 gündən sonra görmək mümkündür, amma tam dayanıqlı nəticə tam kursu keçdikdən sonra görmək mümkündür. 
  2. Arıçılıq məhsulu təbii çiçək tozu prostat vəzin iltihabi proseslərində çox faydalıdır. Belə ki, çiçək tozu ağrıkəsici, tonus artırıcı, ümumi möhkəmləndirici, iltihabi prosesə qarşı və s. kimi xüsusiyyətlərə malikdir. 
  3. Balqabaq toxumu. Hələ qədim zamanlardan prostat vəzin xəstəliklərində çox faydalı olduğu göstərilir. Bitkinin toxumlarının tərkibi sink elementi ilə zəngindir ki, bu da bütün kişilər üçün (xüsusilə orta və yuxarı yaş), yəni prostat vəzin normal fəaliyyət göstərməsi üçün vacib şərtlərdən biridir. Balqabaq toxumlarından istifadə edilməsinin 2 üsulunu göstərək:
  4. a) Gündəlik olaraq xırdalanmış toxumlardan 30-35 qr miqdarında yeməklərə əlavə etmək olar.
    b) 0,5 kq balqabaq toxumunu qabıqlardan təmizləmək, sonra blenderdən keçirib, tam xırdalamaq, üzərinə 200-250 qr təmiz bal əlavə edib, yaxşı-yaxşı qarışdırmaq. Sonra hazırlanmış qarışıqdan az-az götürərək yumrulayıb, fındıq böyüklüyündə yumru kürəciklər düzəltmək. Gündə 2 dəfə yeməkdən 15-20 dəq. qabaq bir ədədini yemək. Kürəcikləri soyuducuda saxlamaq lazımdır.

  5. Fındıq ağacının yarpaq və ya qabıqlarından quru və xırdalanmış halda 2 xörək qaşığı termosa qoyub, üzərinə 0,5 litr qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Alınan məhlulu hər dəfə 100 ml olmaqla, gün ərzində  4 dəfəyə içmək.
  6. Acı yovşan terapiyası. Acı yovşan müalicəsi demək olar ki, cinsiyyət orqanlarının hər cür iltihabi prosesi, xroniki prostatit və prostat infeksiyaları zamanı da çox effektlidir. Tam kursun aparılması üçün quru və xırdalanmış halda 100 qr  yovşan bitkisi lazımdır. Həmin miqdarın üzərinə 1 litr 50%-li spirt əlavə edib, ağzı bağlı halda 2 həftə saxlamaq, gündə bir dəfə çalxalamaq, süzmək. Gündə 4-5 dəfə (hər 2-3 saatdan bir) 20 ml adi suya 25-30 damcı əlavə edib, içmək. Paralel olaraq, acı yovşanın spirtdə dəmləməsin 10-15%-li zəif məhlulunun mikroklizma şəklində uretraya vurulması da çox faydalıdır. Bu proseduru gündə 2 dəfə səhər və axşam 25-30 mq miqdarda etmək lazımdır. 
  7. Gündə 3 dəfə yeməkdən yarım saat qabaq təzə çəkilmiş Cəfəri şirəsi (suyu) içmək prostatitin müalicəsi üçün faydalıdır. Cəfəri suyunu kurs şəklində qəbul etmək həmçinin də gözlər üçün xeyirlidir. Bundan başqa, bitkinin tərkibində olan C vitamini limonun tərkibində olan C vitaminindən 4 dəfə çoxdur. 
  8. 3 çay qaşığı paxlakolu kökü, 1 çay qaşığı bədrənc yarpağı, 1 çay qaşığı şüyüd toxumu, 1 çay qaşığı qatırquyruğu otu, 1 çay qaşığı murdarça qabığı və 3 çay qaşığı ardıc meyvəsini (ölçülərin düzgün olması üçün bütün bitkilər xırdalanmış halda olmalıdır) 0,6 litr qaynar suya əlavə edib, zəif alovda 2-3 dəq. qaynatmaq, 1,5 saat soyutmaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 1/3 hissə içmək.
  9. Qulançar köklərindən quru və xırdalanmış halda 3 çay qaşığı termosa qoymaq, üzərinə 250 ml qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Alınan məhlulu hər dəfədə 50 ml olmaqla 3 saatdan bir içmək.
  10. Atpıtrağı köklərindən quru və xırdalanmış halda 3 çay qaşığı termosa qoymaq, üzərinə 250 ml qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Alınan məhlulu hər dəfədə 50 ml olmaqla 3 saatdan bir içmək.
  11. Hər birindən eyni miqdarda olmaqla bağayarpağı, cəfəri, keşniş, şüyüd, yabanı yerkökü və qaraçörəkotu toxumlarından quru və xırdalanmış halda yaxşı-yaxşı qarışdırmaq. Sonra ümumi qarışıqdan 2 xörək qaşığı termosa qoymaq və üzərinə 0,5 litr qaynar su əlavə edib, axşamdan səhərə qədər saxlamaq, süzmək. Alınan məhlulu səhər və axşam olmaqla 2 dəfəyə içmək.
  12. İvançay. Bitkinin tərkibində flavonoidlər, askorbin turşusu, dubil maddələri və s. birləşmələr var ki, bunlar da prostat vəzində olan iltihabi prosesi aradan  qaldırır, testosteron sintezini stimulə edir, prostat vəzidə qan dövranının mikrosirkulyasiyasını artırır ki, bunlar da son nəticədə prostatitin sağalmasına səbəb olur.
  13. Arıçılıq məhsulu olan propolis ekstraktı da prostatitin müalicəsi zamanı çox yaxşı nəticələr verir. Bu resepti hazırlamaq üçün 40 qr propolis götürüb xırdalamaq və üzərinə 200 ml 96%-li spirt əlavə edib, 10-15 gün saxlamaq, süzmək. Alınan məhluldan 0,1 qr götürüb, 2 qr kakao yağı ilə qarışdırmaq. Qarışıqdan bir az götürüb tampona hopdurmaq və axşam bağırsaq daxilinə qoyub səhərə qədər saxlamaq. Müalicə kursu 1 aydır, 1-2 aylıq fasilədən sonra yenidən 1 aylıq müalicə almaq olar.