Logo
news content

Hindistan qlobal gücə çevrilir
Azərbaycan nələri nəzərə almalıdır?

Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğu dərinləşdikçə Moskvanın qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlərdən təcridi artır. Rusiyanın itirdiyi mövqeləri isə Çin və Hindistan tutmağa çalışır. Qərb blokunun Çinin təsirinin artmasının qarşısını almağa çalışması isə Hindistanın önə çıxmasına səbəb olur. Bu gün tam əminliklə demək olar ki, Hindistanın qlobal proseslərə təsiri iki il əvvələ müqayisədə hiss olunacaq dərəcədə artıb. Yeni Dehlinin dünyanın əsas siyasi mərkəzlərindən birinə çevrilməsində üç hadisənin böyük rol oynadığını söyləmək olar. 

Belə fikirlər mövcuddur ki, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətini işğaldan azad etdiyi 2022-ci ilin yay-payız kampaniyası dövründə məruz qaldığı ağır hərbi məğlubiyyətin təsirini azaltmaq üçün Rusiya nüvə silahından istifadə etmək niyyətinə düşüb. Vaşinqton Rusiyanı belə bir hərəkətdən çəkindirmək üçün Çin və Hindistandan dəstək istəyib. ABŞ rəsmiləri etiraf edirlər ki, Çin dövlət başçısı Si Cinpin və Hindistanın baş naziri Narendra Modinin mövqeyi Rusiyanın bu niyyətinin qarşısını almağa yardım edib. İddialara görə, Rusiyanın nüvə silahına əl atmaqdan çəkinməsində Hindistanın baş naziri Narendra Modinin Rusiya prezidenti Vladimir Putinlə ötkəm danışığı xüsusi rol oynayıb. Vaşinqtonda hesab edirlər ki, Modinin Putinlə həmin danışığından bəri nüvə silahından istifadə təhlükəsi azalıb. 

Baş nazir Narendra Modinin 2022-ci ilin sentyabrında Özbəkistanda Rusiya prezidenti Vladimir Putinlə  görüşdə “indiki dövr müharibələr dövrü deyil, demokratiya dövrüdür” deməsi də hələ yaddaşlardan silinməyib. 

Yeni Dehlinin qlobal proseslərdə təsirini artıran ikinci hadisə “Çandrayan-3”  kosmik missiyasının “Vikram” eniş aparatının Ayın səthinə uğurlu enişi oldu. Bununla Hindistan tarixdə  ABŞ, Çin və keçmiş SSRİ-dən sonra Ayın səthinə uçuş aparatını endirən dördüncü ölkə oldu. Üstəlik, Hindistan Ayın cənub qütbünə uçuş aparatı endirən ilk ölkə kimi tarixə düşdü. Sovet İttifaqının mövcud olmadığını, Rusiyanın Ay layihəsinin uğursuzluğunu nəzərə alanda Hindistan, ABŞ və Çinlə yanaşı, Ayda kosmik aparatı olan üçüncü ölkədir. Bu hadisə Hindistanın nüfuzunun artmasına çox ciddi təsir etdi. 

Qərb bloku ilə Çin arasında ticarət müharibəsinin güclənməsi müqabilində Hindistan Avropa Azad Ticarət Assosiasiyasının (EFTA) dörd üzvü ilə azad ticarət anlaşması imzalayıb. Həmin ölkələrin arasında İsveçrə və Norveçin olması Hindistanın qlobal iqtisadiyyatda çəkisini artıracaq. 

Ukraynadakı müharibəyə son qoymaq üçün Türkiyə və Çinin diplomatik cəhdləri uğursuzluğa məruz qaldıqdan sonra Hindistan sülh təşəbbüsü ilə çıxış edib. Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışan Hindistanın baş naziri Narendra Modi müharibəyə son qoymaq üçün Yeni Dehlinin vasitəçi ola biləcəyini bildirib. Türkiyə və Çindən fərqli olaraq, Hindistanın təşəbbüsünün Moskva və Kiyev tərəfindən daha ciddi qəbul olunduğunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Yeni Dehliyə səfər etmək qərarı aydın göstərir. Kuleba müharibə başlayandan bəri Hindistana səfər edən ilk yüksək rütbəli Ukrayna rəsmisi olacaq. Bu səfərin Hindistanın xarici işlər naziri Subramanyam Caişankarın dəvəti ilə gerçəkləşməsini Yeni Dehlinin sülh prosesinə fəal müdaxilə etmək istəyinin nəticəsi kimi dəyərləndirmək olar. Ukrayna rəsmiləri Kiyevin sülh planı ilə bağlı İsveçrədə müzakirələrdə Hindistanın iştirakına nail olmağa çalışır. Hindistan hökuməti bu tədbirə nümayəndə göndərsə, bu, Kiyevin diplomatik uğuru hesab olunacaq. Moskva ilə ənənəvi sıx iqtisadi və hərbi əlaqələri olan Hindistan isə Kiyevlə münasibətlərini yaxınlaşdırmaqla Rusiya və Ukrayna arasında balans yaratmağa çalışır. Ukrayna prezidenti Volodimir Zelenski X (keçmiş Twitter) hesabında yazıb ki, Kiyev Hindistanla iqtisadi əlaqələrini genişləndirmək istəyir. Ukrayna Hindistanla kənd təsərrüfatı, hava nəqliyyatı və əczaçılıq sahəsində əməkdaşlıqda maraqlıdır. 

Əlbəttə, Hindistan Rusiya ilə Ukrayna arasında sülhün asan əldə olunmayacağını, bunun üçün ən azı ilkin şərtlərin mövcud olmadığını çox yaxşı bilir. Buna görə də sülhə nail olacağına ümid edə bilməz. Ancaq böyük dövlət olduğunu, qlobal proseslərə müdaxilə etmək qüdrətinə malik olduğunu nümayiş etdirmək üçün sülh təşəbbüsü ilə çıxış etməyi vacib hesab edir. Üstəlik, proseslərə müdaxilə etməklə gələcək sülh danışıqlarında iştirakını təmin etmiş olur. 

Yeni Dehlinin strateji planlarına görə, Hindistan 2060-cı ildə Çini ötüb keçərək, ikinci ən böyük iqtisadiyyata malik ölkə olmalıdır. Əsrin sonunda isə Hindistan ABŞ-ı da ötüb keçərək, ən böyük iqtisadiyyata malik ölkəyə çevrilməyi hədəfləyir. İqtisadçılar hesab edirlər ki, Çinin iqtisadi inkişafının zəifləməsi və Hindistanın sürətli inkişaf yoluna çıxması Yeni Dehlinin strateji planlarının gerçəkləşməsinə gətirib çıxara bilər. 

Hindistanın qlobal iqtisadiyyatda çəkisinin və beynəlxalq münasibətlərdə rolunun artması ölkəmizin yerləşdiyi bölgəyə təsirsiz qalmayacaq. Ümumiyyətlə, Rusiyanın bölgədə təsirinin azalmasından sonra Çin və Hindistan kimi böyük ölkələrin təsirinin artması təbii prosesdir. Çindən fərqli olaraq, Hindistan bu prosesi sürətləndirən addımlar atmaqdan çəkinmir. Hindistanın Ermənistana silah satması bunun nəticəsidir. Pakistanla qarşıdurma vəziyyətində olan Hindistan İslamabadın müttəfiqi Bakıya qarşı İrəvanı dəstəkləməklə bölgədə gedən proseslərdə öz iştirakını təmin etmiş olur. Pakistanda sosial-iqtisadi böhranın dərinləşdiyi, Hindistanın isə əksinə, sürətlə inkişaf elədiyi bir zamanda Yeni Dehli ilə İslamabad arasındakı rəqabət Çənubi Qafqaza mənfi təsir edə, Azərbaycanın maraqlarına təhlükə yarada bilər.