Çinin qisas ssenarisi
Pekin Den Syaopinin vəsiyyətini həyata keçirməyə hazırlaşır
23 May 2024
Kremlin sərt nəzarəti altında olan Rusiya mediası prezident Vladimir Putinin Çinə səfərinin uğurlu olduğunu, bu səfərin Moskva-Pekin tərəfdaşlığını gücləndirəcəyini geniş təbliğ edir. Bu zaman Rusiya və Çin dövlət başçılarının birgə bəyanatında yer alan fikirlərə istinad edilməklə yanaşı, Si Cinpinin Vladimir Putini qucaqlamasının sadəcə şəxsi dostluq jesti olmadığını vurğulayırlar.
Prezident Putini Çinə səfəri zamanı müşayiət edən heyətə baş nazirin birinci müavini Denis Manturovla yanaşı, baş nazirin müavinləri Tatyana Qolikova, Aleksandr Novak, Vitali Savelyev, Yuri Trutnev və Dmitri Çernışenkonun, eləcə də xarici işlər naziri Sergey Lavrov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, maliyyə naziri Anton Siluanov və təbii sərvətlər naziri Aleksandr Kozlovun, Mərkəzi Bankın (MB) rəhbəri Elvira Nabiullinanın və Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinin, böyük şirkət və bankların rəhbərlərinin daxil edilməsi təbliğat üçün səfərdən öncə imkanlar yaratmışdı.
Vladimir Putinin Si Cinpinlə təkbətək danışıqlarının 2.5 saat davam etməsi, Rusiya və Çin nümayəndə heyətlərinin 12 sənəd imzalaması da təbliğatın tezislərini gücləndirdi.
Gerçəklik isə ondan ibarətdir ki, geniş tərkibli Rusiya nümayəndə heyətinin Çinə səfəri Pekinin Rusiyaya vassal kimi baxdığını tam çılpaqlığı ilə üzə çıxardı. Çin simvollara çox böyük önəm verən bir ölkədir. Putini hava limanında qarşılamağa Çin Dövlət Şurasında yeganə qadın olan Çen Yiqini göndərilməsi təsadüfi ola bilməz. Üstəlik, Rusiyanın nümayəndə heyətinə daxil olan maliyyə naziri Anton Siluanovun hava limanında jurnalistlər üçün nəzərdə tutulmuş avtobusa mindirilməsi, Rusiyanın keçmiş müdafiə naziri, Çinə səfər ərəfəsində Təhlükəsizlik Şurasının katibi təyin edilmiş Sergey Şoyqunun nümayəndə heyətinin digər üzvlərindən fərqli olaraq görüşün keçirildiyi binaya daxil olmasına çinli mühafizəçilərin imkan verməməsi göstərir ki, Çin Rusiyaya özünün vassalı kimi baxır.
Rusiya və Çin nümayəndə heyətləri arasında imzalanmış sənəd sayının çox olmasına baxmayaraq, mahiyyətinə görə çox əhəmiyyətsiz sənədlərdir. Məsələn, imzalanan sənədlər arasında Çinin Sinxua agentliyi ilə Rusiyanın TASS agentliyinin əməkdaşlığını nəzərdə tutan saziş, Russia Today agentliyi ilə birlikdə BRİKS ekspert forumunun keçirilməsi barədə anlaşma, Çinin CMG media korporasiyasının “Qazprom-Media Holdinq”lə əməkdaşlığını nəzərdə tutan razılaşmalar var. Yuxarıda adı çəkilən və yaxud da “Biznes Rusiya” assosiasiyası ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Komitəsi arasında əməkdaşlığa dair razılaşma kimi sənədlərin imzalanması üçün Rusiya prezidentinin çox geniş tərkiblə uzaq Çinə səfər etməsinə zərurət yox idi. Bu sənədlərin iki dövlət başçısının iştirakı ilə imzalanması tərəflərin boşluğu doldurmaq cəhdindən başqa bir şey deyil.
Rusiyanın qaz inhisarçısı “Qazprom”u iflasdan xilas edə biləcək sonuncu ümid yeri olan “Sibirin gücü-2” layihəsinə Pekinin razılıq verməyəcəyi Çinə gedəcək nümayəndə heyətinin tərkibi açıqlanan zaman məlum olmuşdu - “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller heyətə daxil edilməmişdi.
Rusiya iqtisadiyyatının iki sütunundan biri olan “Qazprom” mövcudluğu boyunca ilk dəfə zərər edib. Qərbin enerji bazarından təcrid edilən “Qazprom”un ötən ili 7 milyard dollar zərərlə başa vurması qaz inhisarçısının vəziyyətinin nə qədər ağır olduğunu göstərir. Rusiya Çinə qaz ixracını 100 milyard kubmetrə çatdırmaqla, Qərbdəki itkilərini qismən kompensasiya etməyə çalışır. Putinin son iki ildə Si Cinpinlə apardığı bütün danışıqlar bu günə kimi heç bir nəticə verməyib və yaxın gələcəkdə də Pekinin mövqeyində ciddi dəyişiklik olacağı gözlənilmir. Baxmayaraq ki, Çin ən ucuz qazı məhz Rusiyadan alır. Bu isə o deməkdir ki, Çin Rusiyanın iqtisadi iflasdan xilas etmək niyyətində deyil.
Putinin Pekinə səfəri zamanı Çin banklarının ABŞ-ın sanksiyaları təhlükəsi qarşısında Rusiyadan edilən ödənişləri kütləvi şəkildə bloklamasının aradan qalırılması və yaxud da təsirini azaldacaq anlaşmaya nail ola bilmədi. Rusiya Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və VTB-nin rəhbəri Andrey Kostinin Çin banklarında ilişib qalan ödənişlərlə bağlı apardıqları danışıqlar da nəticəsiz qaldı. Bu məsələlər də Çinin Rusiyanı iqtisadi iflasdan xilas etməkdə maraqlı olmadığını bir daha təsdiqləyir.
ABŞ-la sərt rəqabətdə olan Çinin Rusiyanı xilas etmək istəməməsinin səbəbini isə tarixə kiçik bir ekskursiya etməklə tapmaq mümkündür. 1860-cı ildə Pekində imzalanmış müqaviləyə görə, Sin (Çin) İmperiyası ərazilərinin böyük bir hissəsini Rusiya İmperiyasına güzəştə gedərək, çox geniş torpaqlarını itirib.
Çin Xalq Respublikası qurulması ilə çinlilər “milli rüsvayçılıq əsri”nin başa çatdığını bəyan edərək, itirdikləri torpaqları geri istəməyə başladılar. “Milli rüsvayçılıq əsri” adı altında çinlilər 1840-cı ildən 1940-cı ilədək olan dövrü nəzərdə tuturlar.
Çinin ilk kommunist lideri Mao Tsedun çar Rusiyasının işğalçı siyasətinə görə Sovet İttifaqının Çinə borcu olduğu qənaətində idi və Uzaq Şərqdə SSRİ-nin təxminən 1.54 milyon kvadrat kilometr ərazisinə iddia edirdi. Mao Tsedun 1949-cu ilin dekabrında Moskvaya səfəri zamanı Stalinlə apardığı danışıqlarda bu iddiasını dilə gətirmiş, ancaq qəti rədd cavabı almışdı.
Moskvanın sərt mövqeyinə sonrakı illərdə əmin olan çinlilər itirilmiş geniş torpaqları geri almağı gələcək nəsillərin öhdəsinə buraxaraq, sərhədlərin dəqiqləşdirilməsi ilə sərhədyanı ərazilərin geri qaytarılmasını hədəflədilər. Çinlə Sovet İttifaqı arasında bir neçə hərbi ixtilaf da buna görə baş verib. Çinlilərin sərhədyanı ərazilər anlayışı isə əsasən Amur çayında və onun sağ qolu olan Ussuri çayındakı adaları əhatə etdirdi.
Çin iqtisadi möcüzəsinin müəllifi Den Syaopinin 1989-cu ilin fevralında SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə Pekində apardığı danışıqlar zamanı Amur və Ussuri çaylarındakı adalar, xüsusilə Damansk adası ilə bağlı apardığı danışıqlarda səsləndirdiyi bir fikir çox ilgincdir. Siyasi Büronun təlimatı ilə Şevardnadze bir neçə saatlıq müzakirə boyu heç bir güzəştə getmədi. Onun bu mövqeyinə qarşı Den Syaopin belə deyib: “Burada cəmi bir neçə min insanın yaşadığı kiçik bir adaya sahibliyimizi inkar edirsiniz. Halbuki Çin daha geniş torpaqların əsl sahibdir və əminəm ki, gələcək nəsillər bu problemlə məşğul olacaqlar. Kimin şanslı olacağını indi proqnozlaşdırmaq mümkün deyil. Çinlilər səbirlə gözləməyi bilirlər”.
Sovet İttifaqının son aylarında və SSRİ dağıldıqdan sonra Çin Amur və Ussuri çaylarındakı 600 ada üzərində suverenliyini təmin etdi. İndi isə belə görünür, Den Syaopinin vəsiyyətini həyata keçirməyə başlayaraq, iddialı olduğu 1.54 milyon kvadrat kilometr ərazini Rusiyadan geri almaq planını işə salıb. Bu planın əsasını Rusiyanın iqtisadi cəhətdən iflas edərək Çindən daha çox asılı vəziyyətə düşməsi və Qərblə düşmənçiliyinin dərinləşməsi təşkil edir.
Putinin Qərbə münasibətinin hər ötən gün daha barışmaz xarakter alması və paralel olaraq, Çindən iqtisadi asılılığının artması bu planının sürətlə həyata keçməkdə olduğunu göstərir.