Avtoritarizmin son ili
Kursk məğlubiyyəti və Trampa olan ümidlərin öləziməsi rejimin sonunu gətirir
19 Avqust 2024
Normandiyaya müttəfiqlərin desant çıxarmasının 80-ci ildönümü ilə bağlı tədbirdə çıxışı zamanı prezident Co Bayden Rusiyanın Ukraynaya təcavüzünü İkinci Dünya Müharibəsi ilə müqayisə etmişdi. O, müasir Avropada demokratiyanın müdafiəsini faşizmə qarşı müharibədə həlak olmuş veteranların xatirəsinə ehtiram adlandırmışdı. Bundan öncə də Ağ ev sahibi dəfələrlə Rusiyanın Ukraynaya qarşı müharibəsini xeyirlə şərin, azadlıqla tiraniyanın mübarizəsi adlandırıb.
Rusiyanın Ukraynaya hərbi təcavüzü və törədilən vəhşiliklər dünyanın böyük bir kəsiminin nəzərində Rusiyanı şərin, Ukraynanı isə xeyrin simvoluna çevirib. Dünyanın aparıcı siyasi və düşüncə mərkəzlərində isə Rusiyanın Ukraynaya qarşı müharibəsi azadlıqla tiraniyanın mübarizəsi hesab olunur.
Müharibənin geridə qalan 30 ayı Rusiyanın qalib ola bilməyəcəyini tam aydınlığı ilə üzə çıxarmaqdadır. Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində həyata keçirdiyi hərbi əməliyyat isə bunun ən bariz nümunəsi və zirvəsi oldu. Məlum oldu ki, bir zamanlar dünyanın ikinci ən güclü ordusu hesab olunan Rusiya ordusu Ukraynanın Kurska müdaxiləsini önləyə bilmədiyi kimi, onu indi dayandırmaqda da acizdir. Tam əminliklə demək olar ki, bir neçə il öncə dünyanın ikinci ən güclü ordusu hesab olunan həmin ordu artıq yoxdur. Güclü ordu olmadan isə Rusiyadakı avtoritar rejim mövcudluğunu qoruya bilməz. Ukraynanın Kurskda keçirdiyi əməliyyat eyni zamanda avtoritar hakimiyyətin Rusiyanın toxunulmazlığının təminatı olması haqqında rus xalqının düşüncəsində yaradılmış və Putin iqtidarının əsas legitimlik mənbəyi olan rəyi dağıtmağa başlayıb. Siyasi-mənəvi legitimliyini itirən və güclü ordunun olmadığı bir şəraitdə avtoritar rejim uzun müddət mövcudluğunu saxlaya bilməz.
Putinin avtoritar rejiminin həyat qabiliyyətini itirdiyini göstərən digər önəmli məqam Rusiya iqtisadiyyatının çöküşüdür. Rusiya iqtisadiyyatı hələ sovet dövründən enerji daşıyıcılarının - neft, qaz və daş kömürün ixracı üzərində qurulub. Sovet İttifaqının dağılmasından sonra bu tendensiya daha da güclənmişdi. Qərblə yaxşı münasibətlər nəticəsində Rusiya Avropanın enerji bazarlarında əsas mövqeləri ələ keçirə bilmişdi. Hesablamalara görə, Putinin 25 illik hakimiyyəti dövründə yalnız neft, qaz və daş kömürün satışından Rusiyaya 11-12 trilyon dollar pul daxil olub. Hələ 2019-cu ildə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın açıqladığı rəsmi məlumatda 2000-2018-ci illər arasında neft, qaz və daş kömürün satışından Rusiyaya 8 trilyon dolların daxil olduğu qeyd edilirdi. Orta hesabla, hər il neft, qaz və daş kömürün ixracından Rusiyaya 500-550 milyard dollar daxil olurdu. Məhz buna görə Putin hakimiyyətinin effektli olması haqqında yanlış rəy yaranmışdı. İndi isə Qərblə münasibətlər korlandıqdan sonra qlobal iqtisadiyyatdan təcrid edilən Rusiya iqtisadiyyatı sürətlə çökməkdədir. Rusiya iqtisadiyyatının iki sütunundan biri hesab olunan qaz nəhəngi “Qazprom” ötən il 700 milyard rubla yaxın zərər edib. Bu il qaz nəhənginin zərərinin 2.5 trilyon rubl təşkil edəcəyi gözlənilir. Dünyanın ən böyük palladium və yüksək keyfiyyətli nikel, həmçinin əsas platin və mis istehsalçısı olan Norilsk Nikel şirkəti də gəlirdən məhrum olaraq zərərlə işləyir. Rusiya dövləti isə bu şirkətlərin fəaliyyətini təmin etmək üçün onların zərərlərini qarşılamaq imkanında deyil. Norilsk Nikel şirkətinin (NILSY) rəhbəri və ən böyük səhmdarı Vladimir Potanin Qərb şirkətləri ilə əlaqələrin qırılması nəticəsində Rusiyanın 1917-ci il inqilabının təlatümlü günlərinə qayıda biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Ukrayna ordusunun Kurskda keçirdiyi hərbi əməliyyatın gözləniləndən daha artıq dərəcədə uğurlu olması Kiyevə müttəfiqlərin dəstəyini artıracaq. Ukraynanın Qərb müttəfiqlərinin Kursk əməliyyatından razı qaldıqlarını bir neçə gün öncə Kiyevdə səfərdə olan amerikalı senatorlar, respublikaçı Lindsi Qrem və demokrat Riçard Blumentalın açıqlamaları da təsdiq edir. Kiyevdə prezident Volodimir Zelenski ilə görüşdən sonra nüfuzlu respublikaçıların liderlərindən biri olan senator Lindsi Qrem Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatından vəcdə gəldiyini gizlətməyərək, baş verənləri cəsarətli, parlaq, gözəl iş adlandırıb və belə də davam etməyə çağırıb. Müharibəni Putinin başladığını bildirən senator Qrem Putinin “dalını” təpikləməyə də çağırıb. Senator Qremin bu ifadəsi "Reuters"in yaydığı xəbərdə əksini tapmasa da, bu ifadə "Ukrinform"da yer alıb. Senator bildirib ki, Co Bayden administrasiyası Ukraynaya qalib gəlməsi üçün lazım olan bütün silahları verməlidir.
Ukraynanın qalib gəlməsi üçün lazım olan silahlarla təmin olunması və malik olduğu Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirə bilməsi üçün Britaniya hökumətinin də fəallığını artırdığı haqqında məlumatlar yayılır. “The Times” nəşrinin məlumatına görə, britaniyalı nazirlər müttəfiqlərini Ukraynaya Rusiya ərazisini vurmaq üçün ona verilmiş qanadlı raketlərdən istifadəyə icazə verməyə sövq edirlər. Ukrayna prezidenti Volodimir Zelenski də Rusiyanın dərinliklərinə zərbə endirə biləcək uzaqmənzilli silahlardan istifadəyə icazə almaq üçün hökumətdən danışıqları gücləndirməyi tələb edib. Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daxil olmasını şərh edən prezident Volodimir Zelenski bildirib ki, Kurskda baş verənlər Putinin siyasi sonu olacaq.
Ukraynaya qarşı müharibədə 30 ay ərzində qələbə qazana bilməyən, üstəlik, Ukrayna Silahlı Qüvvələrinin uğurlu Kursk əməliyyatı ilə Kiyev üzərində qələbəyə bütün ümidini itirən Rusiya hakimiyyətinin son ümidi də öləziməkdədir. Söhbət noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində keçmiş dövlət başçısı Donald Trampın qalib gəlmək ehtimalının hər ötən gün azalmasından gedir. Rusiya ilə Ukrayna arasında müharibəni 24 saatda dayandıracağını, bunun üçün Ukraynanı güzəştə sövq edəcəyini bəyan edən Tramp ard-arda qalmaqllarla üzləşir. Ən son olaraq Donald Tramp Birləşmiş Avtomobil İşçiləri (UAW) həmkarlar ittifaqının rəhbərliyini qəzəbləndirib. Trampın tətil edən işçilərin işdən çıxarılmasına bəraət qazandırmasından sonra həmkarlar ittifaqının rəhbərliyi respublikaçıların namizədinin mövqeyini federal qanunun pozulması kimi qiymətləndiriblər. Bununla bağlı həmkarlar ittifaqının rəhbərliyi məhkəmədə Donald Trampa qarşı iddia qaldırmaq niyyətindədir. ABŞ-ın ən böyük həmkarlar təşkilatı olan Birləşmiş Avtomobil İşçiləri ilə qarşıdurma Trampın seçicilərin önəmli bir hissəsinin dəstəyini itirməsinə səbəb olacaq.
Trampın gözlənilən məğlubiyyəti Putinin üçün sonuncu ümidin ölməsinə, siyasi-hərbi elitanın da Putinlə yollarını ayırmasını tətikləyən son hadisə olacaq. Putin hakimiyyətdə olduğu müddətdə Qərblə barışmağın və Ukrayna ilə müharibəyə son qoymağın mümkün olmadığına inananlar ən uzağı ABŞ-dakı prezident seçkisini gözləyə bilərlər. Putinlə yaxşı anlaşdığını bəyan edən Trampın məğlubiyyəti Rusiyanın siyasi, hərbi və biznes elitasını qəti addımlar atmağa vadar edəcək.
Bütün bunlar göstərir ki, Putinin avtoritar hakimiyyəti, necə deyərlər, tükdən asılıdır və uzun müddət mövcudluğunu saxlaya bilməyəcək. Tam əminliklə demək olar ki, Putin iqtidarının bundan sonra, ən pis halda, bir il ömrü qalıb. Onun sonunun çatması isə çox geniş coğrafiyada avtoritarizmin sonunu gətirəcək.