Zelenski Ukraynanın Rusiyaya əks-hücuma keçdiyini təsdiqləyib
12 İyun 2023
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı əks-hücuma keçdiklərini təsdiqləyib. Kiyevin uzun müddətdir ki, Ukraynadakı Rusiya ərazilərini geri almaq üçün əks hücuma hazırlaşdığı ehtimal olunurdu. "Əks-hücum və müdafiə tədbirləri həyata keçirilir", - deyə Zelenski açıqlayıb, lakin o, əks-hücumun hansı mərhələdə olduğunu açıqlamayıb.
Bu bəyanatlar Ukraynanın cənubunda və şərqində döyüşlərin şiddətlənməsindən və hücumun gözlənilən irəliləyişi ilə bağlı fərziyələrdən sonra verilib.
Bildirilir ki, Ukrayna qoşunları şərqdə Bahmut, cənubda isə Zaporojye yaxınlığında irəliləyir və Rusiya hədəflərinə uzaq məsafədən hücumlar təşkil edir.
Lakin iki döyüşən tərəf bir-birinə zidd iddialar irəli sürərkən, cəbhədəki reallığı qiymətləndirmək çətindir: Ukrayna irəlilədiyini, Rusiya isə hücumları dəf etdiyini iddia edir.
Bu arada Rusiyanın Moskva ətrafında cənub rayonları ilə həmsərhəd olan Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bazar günü səhər saatlarında Telegram-da bildirib ki, bir dron Strelkovk kəndi yaxınlığında qəzaya uğrayıb. BBC bu iddianı təsdiqləyə bilməyib.
Rusiya Prezidenti Vladimir Putin cümə günü dərc olunmuş müsahibəsində Ukrayna qüvvələrinin hücuma başladığını, lakin irəliləyiş cəhdlərinin uğursuzluğa düçar olduğunu və ağır itki verəcəyini bildirib.Şənbə günü Kiyevdə Kanadanın baş naziri Justin Trudeau ilə görüşdən sonra açıqlama verən Zelenski Rusiya liderinin sözlərini "maraqlı" adlandırıb.
Çiyinlərini çəkərək, qaşlarını qaldıraraq və Putinin kim olduğunu bilmirmiş kimi davranan Zelenski Rusiyanın "çox vaxtının qalmadığını" hiss etməsinin vacibliyini deyib. Ukraynalı hərbi komandirlərin müsbət əhval-ruhiyyədə olduğunu qeyd edən Ukrayna lideri "Bunu Putinə çatdırın" deyib.
Justin Trudeau qəfil səfəri zamanı Ukraynaya 500 milyon Kanada dolları (təxminən, 635 milyon manat) məbləğində yeni hərbi yardımın ayrıldığını açıqlayıb. Danışıqlardan sonra açıqlanan birgə bəyanatda Kanadanın Ukraynanın "şərtlər imkan verən kimi" NATO üzvü olmasını dəstəklədiyi və iyulda Litvada keçiriləcək NATO Sammitində məsələnin müzakirə ediləcəyi bildirilib.
Rusiya rəsmiləri bildiriblər ki, son günlər əsas Zaporojye bölgəsində toqquşmalar artıb. Ukrayna qüvvələrinin Rusiyanı Krımla birləşdirən işğal olunmuş əraziləri yarmaq və Rusiya qüvvələrini iki yerə bölmək üçün cənuba doğru irəliləməyə çalışdığı güman edilir.
Ötən həftə Kaxovka bəndinin dağılmasından sonra ölkənin cənubunda baş vermiş böyük daşqın Ukraynanın regionda irəliləyişlə bağlı ümidlərini puça çıxara bilər.Daşqın Dnepr çayının hər iki sahilində təxminən 596 kvadrat kilometr ərazini əhatə edib.
Zelenski şənbə günü gecə etdiyi çıxışında su basmış Xerson və Nikolayev vilayətlərindən 3000 nəfərin təxliyə edildiyini bildirib.Xersonun regional meneceri Oleksandr Prokudin suyun səviyyəsinin 27 sm aşağı düşdüyünü, lakin Ukraynanın nəzarətində olan ərazi - çayın sağ sahilində 30-dan çox yaşayış məntəqəsinin və 4000-ə yaxın evin su altında qaldığını bildirib.
NATO və Ukrayna ordusu Rusiyanı bəndi partlatmaqda ittiham edərkən, Rusiya Ukraynanı günahlandırıb.
Bununla belə, BBC-nin müxbiri Pol Adams deyir ki, bəndə nəzarət edən Rusiya qüvvələri, böyük ehtimalla, Ukrayna qüvvələrinin çaydan keçməsini çətinləşdirmək üçün əks-hücum zamanı bəndi partladıblar.
Paul Adams-ın təhlili
Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı başlayıbmı? Bu suala cavab tapmağa çalışan BBC müxbiri Paul Adams hərbi baxımdan vacib olan ölkənin cənubundakı vəziyyət təhlil edir.
Cümə günü Rusiya Prezidenti Ukrayna qüvvələrinin hücuma keçdiyini bildirib. "Biz tam dəqiqliklə deyə bilərik ki, bu, hücumdur", - Vladimir Putin cümə günü Telegram-da yayımlanan videomüsahibəsində deyib.
Əslində hücumun, artıq həftələrdir ki, davam etdiyini demək olar. Ukrayna hazırlıq əməliyyatları aparır, cəbhə xəttinin çox arxasındakı Rusiyanın əsas logistik hədəflərinə artilleriya və raket zərbələri endirir.
Bazar ertəsi isə sanki dəyişiklik yaranıb: Ukrayna qüvvələrinin yüngül zirehli kiçik dəstələri açıq sahələr üzərindən Zaporojyenin cənub-şərqindəki rus istehkamlarına doğru irəliləyiblər.
"İndi cəbhənin bütün uzunluğu boyunca sanki döyüş kəşfiyyatı mərhələsi davam edir", - hərbi ekspert, Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin həmtəsisçisi və sədri Segey Kuzan deyir. Onun sözlərinə əsasən, hazırkı əməliyyatların uğuru onun yerindən asılı olaraq fərqlənir.
Bəziləri sosial şəbəkələrdəki videolara əsasən ukraynalıların artıq problemlərlə üzləşdiyini iddia edirlər, Paul Adams yazır.
Adətən cari hərbi əməliyyatları şərh etməyən Ukrayna rəsmiləri də bir sıra maraqlı eyhamlar ediblər. Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Rusiya qoşunları Zaporojyedən təxminən 65 kilometr cənub-şərqdə, Orexov şəhəri ətrafındakı ərazidə "aktiv müdafiəyə keçiblər".
O, həmçinin Uqledarın qərbindəki Donetsk vilayətində yerləşən Velikaya Novoselka qəsəbəsi ərazisində döyüşlərin getdiyini təsdiqləyib.
Orexov və Velikaya Novoselka cəbhə xəttinin möhkəmləndirilmiş hissəsinin qərb və şərq çıxışında yerləşir. Bir çox analitiklərə görə, Ukrayna Rusiya xətlərini məhz buradan yarmağa çalışa bilər.
"Sirr deyil ki, bizim əsas məqsədlərimizdən biri qarşı tərəfin bütün cənub qruplaşmasını qidalandıran quru dəhlizini kəsməkdir", - BBC-yə danışan Sergey Kuzan deyir.
Bəzi rusiyayönlü Telegram kanallarında Ukraynanın hərbi hərəkətləri istehza ilə şərh edilir. "Rusların gözlədiyi yerə gedirlər. Necədə bir axmaqlıq!" - "I love Kramatorsk" qrupunun üzvlərindən biri yazır.
Digərləri Ukrayna ordusunun irəlilədiyini etiraf edirlər, lakin itkilərin əsaslı olduğunu şübhə altına alılar. "Onların Berdyansk və Melitopoldan başqa Tokmaka çatmağa gücü çatacaqmı? Eyni qrupun başqa bir üzvü soruşur.
Ancaq döyüşlərin getdiyi yeganə yer bura deyil: müharibənin ən uzun və ən qanlı döyüşlərinin mərkəzi sayılan Baxmutun şimal və cənubundan çəkilən videolar Ukrayna qoşunlarının irəlilədiyini göstərir.
Anna Malyarın sözlərinə görə, onlar "müxtəlif ərazilərdə 200 metrdən 1100 metrə qədər" irəliləyiblər. Bu, şəhəri və onu işğal edən Rusiya hissələrinin mühasirəyə almaq cəhdi sayıla bilər.
Həlledici mərhələ?
Bu o deməkdirmi ki, Ukraynanın əks-hücum əməliyyatı artıq yeni, həlledici mərhələyə qədəm qoyur?
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov belə iddiaları rədd edir.
"Bütün bunlar doğru deyil," o, çərşənbə günü "Reuters" agentliyinə deyib, "Biz əks-hücum əməliyyatına başlayanda bundan hamı xəbər tutacaq".
Britaniya Müdafiə Nazirliyi isə vəziyyətin "çox mürəkkəb" olduğunu bildirir. "Cəbhənin bir neçə hissəsində ağır döyüşlər davam edir", cümə axşamı nazirliyin tvitter hesabında yayılan məlumatda deyilir. Açıqlamaya görə, əksər hissələrdə təşəbbüs Ukrayna tərəfində qalır.
Amma Ukrayna qoşunları Azov dənizinin sahillərinə çatsalar, qərbdə qalan rus bölmələri sırf Krımdan keçən tədarük xətlərindən asılı vəziyyətdə qalacaq.
Bundan sonra Rusiyanı Krımla birləşdirən Kerç körpüsünü dağıtmaq və yük daşımaq üçün istifadə olunan gəmi və təyyarələrə hücum etmək qalır, Sergey Kuzan davam edir: "Ancaq bunun tezliklə baş verəcəyini gözləməyin. Bu, aylarca davam edə bilər".
Bu arada çərşənbə axşamından bəri dünyanın diqqəti Nova Kaxovkada dağılmış bənd və Dnepr çayının hər iki tərəfində təxminən 600 kvadrat kilometr ərazini əhatə edən daşqına yönəlib.
Kreml bəndin dağıdılmasında əli olduğu barədə iddiaları rədd etsə də, bu, bir təsadüf kimi görünmür. Bənd və oradan keçən yol Rusiya qoşunlarının mövqelərini pozmaq üçün mümkün hücum nöqtəsi ola bilərdi.
Çox güman ki, bəndə nəzarət edən Rusiya qüvvələri qarşı tərəfin hərbi əməliyyatlarından birini pozmaq məqsədilə, onu partlatmaq qərarına gəliblər, BBC təhlilində deyilir.
Fəlakətli sel indiyə qədər çay üzərindən keçidi mümkünsüz edib. Kiyevin ərazidəki hərbi planları isə məlum deyil və hazırda nəzəri xarakter daşıyır.