Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yerevan və Qarabağ arasında qarşıdurma güclənir

Qarabağın Azərbaycanın tərkibində tanınması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını pisləyən və rədd edən Qarabağ "parlamenti"nin gecəki ultimatumundan sonra demək olar ki, separatçıların bütün liderləri Yerevana qarşı çıxıblar.

Belə ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və Qarabağın keçmiş "prezidentləri" Arkadi Qukasyan və Bako Saakyan da Paşinyanın fikirlərini pisləyiblər, onların yerinə yetirilməsinin mümkünlüyünü rədd ediblər.

Separatçıların keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan birgə bəyanatda Ermənistan hakimiyyətinin siyasətini "qəbuledilməz" adlandırıblar.

"Heç kimin bizim gələcəyimizi və uşaqlarımızın gələcəyini həll etməyə mənəvi haqqı yoxdur. Arsax mayın 22-də Ermənistanın baş nazirinin təqdim etdiyi yanaşmaları qəbul etməyib və qəbul etməyəcək. Bundan öncə necə mübarizə aparıbsa, indi də öz vətənində ləyaqətlə yaşamaq hüququ uğrunda bütün mümkün vasitələrlə mübarizə aparacaq", - bəyanatda deyilir.

Bundan əlavə, Qarabağ "parlamentinin rəhbəri" Artur Tovmasyan Paşinyanın mövqeyini pisləyib. O, bütün dünya ermənilərini, eləcə də Ermənistan ictimaiyyətini "Qarabağ ermənilərinin yaşamaq üçün sarsılmaz və qətiyyətli iradəsini" dəstəkləməyə çağırıb.

Qarabağın keçmiş "dövlət naziri" Ruben Vardanyan da analoji bəyanatla çıxış edib.

Yaxın vaxtlarda separatçıların hazırkı lideri Araik Arutyunyanın  oxşar bəyanatlarla çıxış edəcəyi gözlənilir.