Yengicə su anbarında tikinti işləri davam edir - FOTOLAR
18 Sentyabr 2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Pressklub.az-a verilən məlumata görə, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
ADSEA-dən bildirilib ki, tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Yengicə su anbarının tikintisidir. Agentlik su anbarının tikintisinə Prezident İlham Əliyevin “Yengicə su anbarının tikintisi haqqında” 2023-cü il 12 aprel tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarının artırılmasının, əkinəyararlı torpaqların genişləndirilməsinin, müasir təsərrüfatların yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının təşviqidir.
“Yengicə su anbarının ümumi su tutumu 17,5 milyon kub, istifadə olunan həcmi isə 12,4 milyon kub-dur. Çay hövzəsində qurulan bəndin ümumi uzunluğu 449,5 metrə, hündürlüyü isə 45 metrə çatacaq. Anbar tikilib istifadəyə verildikdən sonra 15 kəndin ərazisində yaşayan 3 minə yaxın fermer təsərrüfatının su təminatı tamamilə yaxşılaşacaq. Ümumilikdə su anbarı tikildikdən sonra Qəbələ rayonunun aran hissəsində 10 min hektar, o cümlədən 6 min hektar yeni torpaq sahəsinin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq”, - agentlikdən bildirilib.
Agentliyin məlumatına görə, Qəbələ rayonunda yerləşən su anbarında hazırda tikinti işləri davam edir. Göl ərazisinin təmizlənməsi, bənd özülünün qazılması, gil karxanasının üst qatının açılması və sel sutullayıcısı üzrə qazma işləri tamamlanıb. Qülləli suburaxıcı qurğu, suburaxıcı tunel üzrə dəmir-beton və bənd üzrə tökmə işləri isə davam etməkdədir.