“Köhnə çamadanlar”ın Ankara premyerası olub
09 Noyabr 2024
8 noyabr – Zəfər günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunub.
"RS Production"dan Pressklub.az-a verilən məlumata görə, noyabrın 6-da “CSO Ada”- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası baş tutub.
Nümayiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, AHİD – Ankaralılar Dərnəyi, eləcə də Altındağ Bələdiyyəsi, “Qazi” Universiteti, Türkiyədəki Dünya Qadınlar Birliyi, “Çinar” Qadınlar təşkilatı, “Port Baku”, “Kraton clinik” və digər təşkilatların dəstəyi ilə reallaşıb.
“Qadın, sülh, zəfər” adı altında keçirilən və ölkəmizin Qarabağ zəfərini ehtiva edən zəngin proqramlı tədbirdə Türkiyəli fırça ustalarının rəsm əsərləri də sərgilənib.
Tədbirin rəsmi hissəsi Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin milli himnlərinin səsləndirilməsi ilə başlayıb.
İştirakçılara “Köhnə çamadanlar” filmi haqqında geniş məlumat verilib. Bildirilib ki, Birinci və İkinci Qarabağ müharibəsi həqiqətlərini real qəhrəmanların xatirələri əsasında ekrana gətirən film müharibədən, zəfərdən sonra qısa zamanda (2021) istehsal olunub və geniş tamaşaçı auditoriyasının ixtiyarına verilib.
Bildirilib ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.
"RS Production"un istehsalı olan filmdə Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları rol alıblar.
Tədbirdə çıxış edən Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkan, Ankara Ticarət Odasının sədri Gürsel Baran, MHP sədr müavini, professor Mevlüt Karakaya, AK Partiyanın İstanbul millət vəkili Serkan Bayram, “Qazi” Universitetinin prorektoru, professor Hasan Tezer və Ankaralılar və Ankaraya Xidmət Edənlər Dərnəyinin başqanı Hilmi Yaman Türkiyə-Azərbaycan qardaşlığı, iki dövlət arasındakı tarixi əlaqələrə toxunublar.
Gecənin sonunda ekran işinin yaradıcı heyətinin bir qrupuna təşkilatçılar tərəfindən plaketlər təqdim olunub.
Qeyd edək ki, ekran əsəri Azərbaycanda 4 dəfə premyera edərək Bakıda, Naxçıvanda və Şamaxıda izləyiciləri ilə görüşüb.