Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanı necə xilas etməli? – “Vaşinqton Post”

Tərcümə: Novator

ABŞ-ın “Vaşinqton Post” qəzetində “NATO Ukraynanı uzunmüddətli perspektivdə qorumaq üçün nələr etməlidir?” başlıqlı redaksiya məqaləsi dərc olunub.

Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin fevralında Ukraynada qəddar müharibəyə başlayandan bəri ABŞ və onun avropalı müttəfiqləri Kiyevə ümumi həcmi 150 milyard dollara çatan hərbi və digər yardımlar vəd edib. ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə qarşıya qoyulan, Qərbin yekdilliklə qəbul etdiyi bu heyrətamiz öhdəlik Kiyevin təcavüzə mətinliklə sinə gərməsində mühüm rol oynayır. Ancaq gələcəyə boylananda ortaya suallar da çıxır: Qərb Ukraynanın müdafiəsini uzunmüddətli perspektivdə necə davam etdirəcək, bu ölkəni həm hərbə, həm də sülhə, yəni istər müharibəyə, istərsə də hansısa sülh nizamlamasına asanca tablaşmaq gücündə olan Rusiyadan gələcəkdə necə qoruyacaq?

Ukraynanın cavabı birmənalıdır. Amma hələlik o qədər də reallığa uyğun deyil. O, 31 dövlətin daxil olduğu və biri hücuma məruz qalarsa hamısının onu qorumağa borclu sayıldığı Şimali Atlantika Müqaviləsi Təşkilatına – NATO-ya qoşulub öz təhlükəsizliyinə qızıl zəmanət qazanmaq istəyir. Həqiqətən də Ukraynaya 2008-ci ildə ABŞ-ın təkidi ilə NATO-ya üzvlük vədi verilib.

Sonrakı dövrlərdə bu vəd dəfələrlə təkrarlanıb. 2023-cü ilin aprelində Kiyevə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq də vədi yada salıb. Alyansın bəzi üzvləri, xüsusilə Şərqi Avropa ölkələri NATO-nun iyulda keçiriləcək illik sammitində vədin yerinə yetirilməsi istiqamətində konkret addımların atılmasını istəyir. Ancaq hələ ki, bu vədin donu açılmayıb. Birləşmiş Ştatlar daxil olmaqla NATO-nun bir neçə əsas üzvü Ukraynanın alyansa qəbulu mexanizmini işə salacaq addımları – Kiyevə fəaliyyət planı təqdim edilməsini, üzvlük mərhələlərini müəyyənləşdirəcək qrafikin tutulmasını bloklayır.

Onlar bunu məntiqli arqumentlə izah edirlər: müharibə gedir. 2014-cü ildə Krım yarımadasını ilhaq etmiş Moskvanın hazırda Ukraynanın başqa ərazilərini də işğal etməkdə olduğu bir zamanda NATO-nun kollektiv təhlükəsizlik zəmanətinin Kiyevə şamil olunması nüvə arsenalına malik iki böyük qüvvə – NATO ilə Rusiya arasında müharibəyə gətirə bilər.

Ancaq istər Vaşinqtonda, istərsə Avropa paytaxtlarında oturan rəsmilər onu da yaxşı başa düşürlər ki, Putin bu müharibəni elə ilk növbədə Ukraynanın Qərbə doğru irəliləməsinin qarşısını almaq üçün başlayıb. Söhbət təkcə NATO-ya deyil, 2022-ci ildə Ukraynaya formal namizədlik statusu vermiş Avropa İttifaqına da üzvlükdən gedir. Ona görə amerikalı və avropalı rəsmilər haqlı olaraq Ukraynanın NATO-ya üzv olacağı vədindən boyun qaçırmırlar, əks halda Rusiya diktatoru öz təcavüzünü toy-bayrama çevirər.

İllik sammit ərəfəsində NATO-nun Brüsseldəki nəhəng qərargahı qaynayır: rəsmilər qızğın danışıqlar, müzakirələr aparır. Məqsəd Kiyevlə NATO arasında əlaqələri gücləndirəcək, gələcəkdə Rusiyanın Ukraynaya qarşı yenidən savaşa qalxmasına imkan verməyəcək uzunmüddətli tədbirlər planı hazırlamaqdır.

NATO-nun, alyansda təmsil olunan dövlətlərin Kiyevlə yaxınlığını ona tamhüquqlu üzvlük mandatı verilməmiş də artırmaq, Ukraynanın müharibədən sonrakı dövrlərdə müdafiəsinin təşkili istiqamətində çoxlu iş görmək imkanları var.

Bəzi rəsmilər, o cümlədən Vaşinqton rəsmiləri diplomatların obrazlı şəkildə “kirpi strategiyası” adlandırdığı üsulun tərəfdarıdır. Bu strategiyaya görə, NATO, yaxud alyansa üzv dövlətlər Ukraynanı uzunmüddətli perspektivdə o qədər silahlandırmalıdır ki, gələcəkdə Rusiyanın təkrar hücuma keçməsi ehtimalı sıfıra bərabər olsun. İsrailin təhlükəsizliyi – xüsusilə ABŞ-ın sayəsində – bu cür təmin edilib, nəticədə son 50 ildə yəhudi dövlətinin düşmənlərini səksəkədə saxlamaq mümkün olub.

Düzdür, bu, bahalı layihədir, amma Ukraynanı Rusiyanın təkrar hərbi yürüşlərindən qorumaq bundan da baha başa gələsidir. Ona görə sözügedən strategiya gələcəkdə, Ukrayna ilə NATO arasında əlaqələrin dərinləşdirilməsini nəzərdə tutan tədbirlərlə bərabər qəbul edilərsə, effekt verə bilər.

Ukraynanın NATO-da diplomatik missiyası fəaliyyət göstərir. Ölkə NATO-nun Əfqanıstanda, Bosniyada apardığı hərbi əməliyyatlara dəstək verib. Xüsusilə Rusiyanın total hərbi hücumundan sonra Ukrayna alyans qarşısında tez-tez çıxış edir. 2020-ci ildən Kiyev NATO-nun təlim-məşqlərində iştirakla bağlı xüsusi imtiyaz qazanıb. 2023-cü ilin aprelində NATO-ya qəbul edilən Finlandiyanın da alyansın tamhüquqlu üzvü olanadək statusu belə idi…

Bu gün alyans Ukrayna ilə koordinasiyasını, Kiyevə silah-sursat yardımını gücləndirməlidir. Ukraynaya adi silahlarla yardım edən NATO-nun bu məqsədlə ayırdığı illik büdcə 275 milyon dollara yaxındır. Hazırda büdcənin iki dəfə artırılması məsələsinə baxılır. Bundan başqa alyans mütəmadi məsləhətləşmələr keçirməklə təşkilatlandırma işini və Kiyevə dəstəyini təkmilləşdirməlidir. Ukrayna və NATO-nun silah ehtiyatları ilə bağlı fəaliyyətini qarşılıqlı surətdə yaxşılaşdırmaq istiqamətində də ağlabatan təkliflər var. Məlum olduğu kimi Kiyev artıq NATO-nun silah ehtiyatlarından Rusiya işğalçılarına qarşı mübarizədə gen-bol istifadə edir. Ukraynanın xaricdən silah alma siyasətinin NATO ilə razılaşdırılması qərarına da gəlmək mümkündür.

Doğrudur, mərhələli tədbirlər Ukrayna prezidenti Vladimir Zelenskini, onun həmvətənlərinin əksərini elə də qane etmir. Rəsmi Kiyev, o cümlədən beynəlxalq qurumlar bildirir ki, ölkənin müharibədən sonrakı dövrdə dirçəldilməsi 1 trilyon dollar tələb edir. Haqlı olaraq vurğulanır ki, bu layihə Qərbin etibarlı təhlükəsizlik təminatı olmadan uğur qazana bilməz. Amerikanın, yaxud Avropanın hansı şirkəti milyonlarla dollarını bir gün Rusiya raketlərinin hədəfinə çevrilə biləcək istehsal müəssisəsinin inşasına yatırar?

Amma Rusiyanın Ukrayna torpaqlarının 17 faizini işğal altında saxladığı bir dövrdə Kiyevin NATO-ya qəbul edilməsi üzrə ətraflı bir plan ortaya qoymaq da tezdir. NATO-ya tamhüquqlu üzvlük ölkə ərazisində bir neçə min nəfərlik döyüş hazırlıqlı hərbçinin yerləşdirilməsi anlamına gəlir. Bu isə NATO-nun hazırda şərq cinahında dislokasiya olunmuş 40 min əsgəri qüvvəsinin, o cümlədən alyansa üzv dövlətlərdəki komanda heyətinin, elə Ukrayna qoşunlarının özünün də sayca artırılması deməkdir. Əks halda qüvvələri lazımi anda tez səfərbər etmək mümkün olmaz.

Kiyevi NATO-ya müharibə başa çatandan sonra götürmək daha düzgün strategiya olardı, xüsusilə də müharibə rus qoşunlarının Ukrayna torpağından qovulması ilə nəticələnəcəksə. Birləşmiş Ştatlar və avropalı müttəfiqlər üçün indi qarşıda duran əsas məsələ Ukrayna ordusunun təchizatını yaxşılaşdırmaqdır ki, Kiyev daha geniş əraziləri işğaldan qurtara və mümkün sülh danışıqlarına da mövqeyi möhkəmlənmiş formada gedə bilsin.

Prioritetləri bu sayaq müəyyənləşdirmək daha məntiqlidir. Bu, Qərbin Ukraynanı təhlükəsizlik ağuşuna almasını nəzərdə tutan konkret tədbirlərdən imtina olunmasına gətirib çıxarmamalıdır. Rusiyanı gələcək təcavüzlərdən çəkindirəcək tədbirlər mütləq görülməlidir, yoxsa o yenə hücuma keçə bilər.