Ukrayna və Rusiya: “Müharibəni havada üstünlüyü olan tərəf qazanır”
19 Aprel 2022
Rusiyanın Ukraynaya hücumu indiyə qədər daha çox qurudakı əməliyyatlara fokuslanıb. Amma döyüşlərin əhəmiyyətli hissəsi havada baş verir, hər iki tərəf hava məkanına nəzarəti ələ keçirməyə çalışır.
Ukrayna Prezidenti Zelenski müharibənin əvvəlində Qərb ölkələrindən hava məkanını Rusiyanın hücumlarına qarşı qapatmağı xahiş etdi. Amma bu baş vermədi.
İlk günlərdə Ukrayananın xeyli sayda havadan müdafiə sistemi məhv edildi. Ancaq ekspertlər hesab edirlər ki, o, Rusiyaya qarşı kifayət qədər ciddi müqavimət göstərə bilib.
Müharibə başlayandan bəri hərbi itkiləri izləyən hərbi analiz saytı "Oryx"-in məlumatına görə, Ukrayna Rusiyanın ən azı 82 təyyarəsi, vertolyot və pilotsuz təyyarəsini ələ keçirib və ya məhv edib. Ukraynanın isə cəmi 30-a yaxın hava gəmisi itkisi olub.
Ukrayna Hərbi Hava Qüvvələrinin zabiti, olduğu yeri açıqlamayan Vasil Kravçuk BBC-yə verdiyi videomüsahibədə Rusiyanın hava zərbələrinə qarşı müdafiənin çətinliklərindən danışıb, nəhəng bir hava məkanına nəzarət etməyin mümkün olmadığını bildirib.
Kravçuk deyib ki, qarşıdakı həftələrdə vəziyyət çətin olacaq, Rusiya Kiyevdən əl çəksə də, Ukraynanın şərqindəki Donbasda əməliyyatları davam etdirəcək.
Buna baxmayaraq 50 gündür döyüşlərdə olan Kravçukun üzü gülür.
Hava məkanında Rusiya daha üstün mövqedədir
Hava məkanında üstün mövqedə olan Rusiyanın Ukraynadan təxminən 3 dəfə çox döyüş təyyarəsi var.
ABŞ Müdafiə Nazirliyi bildirir ki, Rusiya təyyarələri gündə orta hesabla 250 əməliyyat və 30 hücum həyata keçirir.
Bununla belə, Qərb rəsmiləri hava məkanında üstünlük əldə etməkdə Rusiyanın hələ də çətinlik çəkdiyini bildirirlər.
Ukraynanın köhnə model "MiQ-29" döyüş təyyarələri Rusiya təyyarələrinin sürətinə çatmaqda çətinlik çəkir və gün ərzində maksimum 10 hərbi əməliyyat keçirə bilir.
Ukrayna hava hücumunda Rusiyanın daha güclü olduğunu bildiyi üçün Qərb ölkələrindən uçuşlara qapalı zona yaratmağı tələb edirdi.
Ekspertlər hesab edirlər ki, Rusiyanın Donbasa mümkün hücumu müharibənin yeni və daha çətin mərhələsinin başlamasına və Ukrayna hərbi-hava qüvvələrinin daha çox zəifləməsinə gətirib çıxara bilər.
Çoxpilləli müdafiə
Krallıq Birləşmiş Xidmətlər İnstitutunun hərbi-hava qüvvələri üzrə araşdırmaçısı Justin Bronk deyir ki, Ukraynanın digər əraziləriylə müqayisədə Donbas Rusiyanın hava məkanına daha yaxın olduğu üçün onun ora girməsi daha rahat olacaq.
Ekspertlər bildirirlər ki, bu regiondakı döyüşlərdə qalib gələ bilməsi üçün Ukraynanın çoxpilləli müdafiəyə ehtiyacı var və bunun üçün qısa, orta və uzaq mənzilli silahlardan istifadə etməlidir.
Qərb ölkələri indiyədək Ukraynaya ancaq qısa mənzilli yer-hava raketləri veriblər.
ABŞ 2000 ədəd "Stinger" raketi, Britaniya isə raket əleyhinə yüksək sürətli, portativ "Starstreak" havadan müdafiə sistemi göndərib.
Ukraynanın "Manpads" adlandırılan və istifadəsi asan olan bu sistemlərə görə minnətdar olduğunu bildirən Kravçuk onların yalnız ön cəbhədə faydalı olduğunu deyib.
Çünki "Manpad" sistemləri yalnız alçaqdan uçan təyyarələrə qarşı effektivdir, Rusiya isə daha çox uzaq mənzilli qanadlı raketlərdən istifadə edir.
"Bizim orta və uzaq mənzilli silahlara ehtiyacımız var" - Kravçuk belə deyir.
"Müharibəni havada üstünlük qazanan tərəf udur"
Hazırda Ukraynanın şərqində daha şiddətli döyüşlər gedir. Ukrayna o bölgədə hava hücumundan müdafiəni gücləndirir.
Amma ölkənin qalan hissəsi də qorunmalıdır.
Kravçuk deyir ki, "biz Ukraynanın yarısını tamamilə müdafiəsiz qoya bilmərik".
Digər tərəfdən, Ukrayna hava hücumundan müdafiə sistemindən təkcə Rusiya təyyarələrinə qarşı deyil, Rusiyanın qanadlı və ballistik raketlərinə qarşı da istifadə edir.
Kravçuk qeyd edir ki, indiyə qədər onun bölməsi uzaqmənzilli raketləri 50-70 faiz müvəffəqiyyətlə məhv edib.
Ancaq bu həm də o deməkdir ki, çox sayda raket öz hədəfinə çatıb.
Pentaqon bildirir ki, müharibə başlayandan bəri Rusiya 1550 raket atıb.
Üstəlik, Rusiya adi raketdən təxminən beş dəfə sürətli və dayandırılması, demək olar, mümkün olmayan hipersəs raketindən istifadə etdiyini iddia edir.
Belə çıxır ki, müharibə nə qədər uzansa, Rusiyanın hava zərbələrindən müdafiə olunmaq Ukrayna üçün bir o qədər çətinləşəcək.
İki yüksək rütbəli kəşfiyyatçı BBC-yə bildirib ki, Ukrayna Qərb ölkələrindən uzun və orta mənzilli hava hücumundan müdafiə sistemləri tələb edib.
"Tarixdəki müharibələrin nəticələri göstərir ki, müharibəni havaya nəzarət edən tərəf qazanır" - Kravçuk belə deyir.