Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ötən gün Rusiyanın iri neft obyektlərini və 18 gəmisini vurduğunu açıqlayıb

Ukrayna ordusunun iyulun 10-na keçən gecə həyata keçirdiyi hücum nəticəsində Rusiyanın "İlski" neft emalı zavodu, "NOVATEK-Ust-Luqa" neft emalı kompleksi, "Kurqanneftprodukt" neft terminalı və "Azovneftprodukt" neft bazasında yanğınlar qeydə alınıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir.

Məlumata görə, Krasnodar vilayətindəki "İlski" NEZ-i Rusiyanın cənubundakı ən böyük neft emalı müəssisələrindən biridir və ildə 6,6 milyon tona qədər neft emal edir. Zavodun istehsal etdiyi yanacaq hərbi logistikanın təminatında da istifadə olunur.

Həmçinin Leninqrad vilayətində yerləşən "NOVATEK-Ust-Luqa" kompleksi, Rostov vilayətindəki "Kurqanneftprodukt" terminalı və "Azovneftprodukt" neft bazası da zərbəyə məruz qalıb.

Bundan əlavə, Ukrayna Baş Qərargahı Rusiyanın hərbi logistikasında istifadə olunduğu bildirilən 13 tanker, 3 yük gəmisi, 1 bərə və 1 köməkçi gəminin də vurulduğunu açıqlayıb. Ümumilikdə hücum zamanı 18 gəminin hədəf alındığı qeyd olunub.