Logo
news content
User
Kateqoriyalar

Xəbər

"The Insider": Rusiya və Çin "Starlink"'i sıradan çıxarmaq üçün gizli danışıqlar aparıb

2023-cü ildə Rusiya Çin ilə hərbi əməkdaşlıq və "Starlink" peyklərinə qarşı mübarizə barədə məxfi danışıqlar aparıb. Bu barədə "The Insider", "Der Spiegel" və "Le Monde" nəşrlərinin birgə araşdırmasında deyilir.

Media qurumları bu iddialarında 2023-cü ilin payızında Quançjouda keçirilən Üçüncü Çin-Rusiya Hərbi-Texniki Əməkdaşlıq Forumundakı təqdimatlara və həmin ilin iyununda Moskvada imzalanmış ikitərəfli protokolun sənədlərinə istinad edir.

Sənədlərə əsasən, tərəflər kosmik silahlar, peyklərin məhv edilməsi, hava və raketdən müdafiə sistemləri, hərbi texnika, aviasiya və qoşunların təchizatı sahələrində əməkdaşlığı nəzərdən keçiriblər.

"Starlink"ə qarşı texniki alyans

"Starlink" şəbəkəsini sıradan çıxarmaq üçün mülki terminallardan "Starlink"ə kiberhücumların təşkili, ucuz Çin qırıcı-peykləri ilə onları fiziki olaraq məhv etmək təklif olunub.

Bundan əlavə, Pekin digər maraqlı dövlətlərin də qatılacağı "Starlink-ə qarşı texniki alyans" yaratmaq təşəbbüsü ilə çıxış edib.

Tərəflər həmçinin perspektivli HHM (Hava Hücumundan Müdafiə) və RMD (Raketdən Müdafiə) sistemlərinin birgə layihələndirilməsinə başlamaq barədə anlaşıblar.

Döyüş təcrübəsi müqabilində Çin texnologiyası

Müzakirələrin digər mühüm mövzusu isə birlikdə (qrup halında) hərəkət edən yeni nəsil avtonom sursatların hazırlanması olub. Bu məqsədlə Rusiyanın real döyüş təcrübəsi ilə Çinin süni intellekt (Sİ) texnologiyaları və kütləvi istehsal imkanlarının mübadiləsi nəzərdə tutulub.

Bu sövdələşmənin praktiki nəticələrindən biri kimi Rusiyanın Ukrayna müharibəsində aktiv istifadə etdiyi avtonom "V2U" pilotsuz uçuş aparatını (PUA) göstərmək olar. Bu dronun bir çox kritik komponentləri, o cümlədən süni intellekt modulu Çin istehsalıdır.

"Reuters" agentliyi hələ iyulun 8-də yazmışdı ki, Rusiya ordusu Ukrayna dronlarının zərbələrini əngəlləmək üçün güclü radioelektron mübarizə (REM) sistemləri ilə "Starlink"in fəaliyyətini pozmağa çalışır.