Logo
news content
User
Kateqoriyalar

Xəbər

Üç saat davam edən görüş – Ukrayna Rusiyaya qalib gələ bilər

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. CNN xəbər verir ki, görüş 3 saat davam edib.

Blinken görüş zamanı birgə planlarla bağlı məsələlərə və əldə edilən irəliləyişlərə fokuslanıldığını qeyd edib. Dövlət katibi Polşa-Ukrayna sərhədi yaxınlığında jurnalistlərə açıqlamasında ABŞ nümayəndə heyətinin Kiyevə Polşanın cənub-qərbindən qatarla yola düşdüyünü qeyd edib.

Blinken Kiyevdə sadə ukraynalılarla danışmaq üçün fürsət olmadığını, lakin Kiyevin küçələrində gördüyü insanların şəhər uğrunda döyüşdə Ukraynanın qalib gəldiyini göstərdiyini deyib. O, şəhərin bəzi hissələrində normal həyatın əlamətləri olduğunu vurğulayıb.



ABŞ Müdafiə naziri Lloyd Ostin isə Ukraynanın düzgün təchizat və düzgün dəstəklə Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyinə inandığını bildirib.

“Onların qələbə qazanmaq imkanları baxımından – qələbə qazanmaq üçün ilk addım qalib gələcəyinə inanmaqdır. Onlar qalib gələcəklərinə inanırlar. Biz (də) inanırıq ki, onlar qalib gələ bilərlər, o halda ki, düzgün təchizat, düzgün dəstəkləri olsun. Biz bacardığımız hər şeyi edirik və bacardığımız hər şeyi etməyə davam edəcəyik”, - deyə Ostin jurnalistlərə bildirib.

Ostin əlavə edib ki, ABŞ üçün Ukraynaya göndərilən silahların izlənilməsi çətindir, çünki orada ABŞ hərbçiləri yoxdur. Lakin göndərilən silahların mümkün qədər yaxşı izlənilməsi üçün ukraynalılarla danışdığını qeyd edib.

O, eyni zamanda ABŞ-ın Ukraynaya hərbçi göndərməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, səfər zamanı ABŞ-ın Ukraynaya daha 700 milyon dollarlıq silah verəcəyi qeyd olunub.