Logo
news content
User
Kateqoriyalar

Analitika

O sazişdən Ukrayna və Gürcüstan da imzalamışdı...
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir?

Dünən Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişinə imza atıblar. 

Tərəfdaşlıq aşağıdakı sahələri əhatə edir:

- ABŞ Ermənistanda demokratikləşmə islahatlarını dəstəkləməlidir;

- Birləşmiş Ştatlar Ermənistan iqtisadiyyatın inkişafına kömək etməyə sadiqdir;

- ABŞ Ermənistanda inklüzivliyin inkişafına kömək etməlidir;

- Birləşmiş Ştatlar təhlükəsizlik sahəsində yardım göstərməyi öhdəsinə götürür. Bura Müdafiə, Kəşfiyyat, Texnologiya və Daxili İşlər Nazirliyi daxildir;

- ABŞ nüvə enerjisinin transformasiyasına yardım etmək öhdəliyi götürüb;

- ABŞ sərhəd təhlükəsizliyini təmin etməyə kömək edəcək;

- Ermənistan Yaxın Şərqdə İŞİD terrorçularına qarşı mübarizə koalisiyasına üzv olub.

Sazişə ilk reaksiyalar Rusiyadan verilib, Azərbaycanın siyasi gündəminin əsas müzakirə mövzusu da bu hadisədir. Ümumi yanaşma belədir ki, ABŞ-nin yeni prezidenti Donald Tramp dövründə Birləşmiş Ştatların Ermənistana siyasi, iqtisadi, hərbi, texnoloji dəstəyini əhatə edən bu sazişin nə dərəcədə işlək olacağı bəlli deyil. 

Bir neçə arqument irəli sürülür:

  • Saziş bir neçə gündən sonra Ağ Evi təhvil verəcək Bayden administrasiyası ilə imzalanıb və erməni lobbisinin ermənipərəst demokratlarla işbirliyinin nəticəsidir. Məqsəd yeni hökuməti reallıqla üz-üzə qoymaq və Birləşmiş Ştatların dəstəyini təmin etməkdir;
  • Tramp administrasiyası postsovet məkanı ilə bağlı fərqli siyasət yürüdəcək və Cənubi Qafqazda Azərbaycanla münasibətlərə xüsusi önəm verəcək;
  • 2025-ci ilin əvvəlindən Paşinyan hakimiyyəti artıq ikinci anti-Rusiya addımı atıb (Bir neçə gün əvvəl Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə rəsmi müraciət ünvanlanıb). Rusiyanın xarici işlər naziri, Kremlin sözçüsü səviyyəsində dərhal açıqladığı kəskin reaksiyadan sonra Moskva-İrəvan münasibətlərində nələr baş verəcəyi də bu tərəfdaşlığın keyfiyyətinə ciddi təsir edə bilər. 

Azərbaycanda gedən ictimai müzakirələrin əsas istiqaməti bu sazişin Ermənistanla sülh müqaviləsi, normallaşma prosesinə necə təsir edəcəyidir. Çünki yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistandan Bakının əsas şərtlərini yerinə yetirməyi tələb etmişdi. Bu ölkənin keçmiş rəhbərlərinin çıxışlarını, azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri xatırladaraq, onu “faşist dövlət” adlandırmışdı. Prezident bəyan edib ki, şərti sərhədlər Azərbaycan üçün ehkam deyil, Zəngəzur dəhlizi mütləq açılmalıdır və açılacaq, Qərbi Azərbaycan İctimai Birliyi ilə İrəvan arasında qaçqınların hüquqları ilə bağlı dialoq başlamalıdır, Ermənistanın silahlanması dayandırılmalı, müqavilələr ləğv olunmalı, alınan silahlar geri qaytarılmalıdır. O, xüsusilə vurğulayıb ki, dünyada və regionda gedən proseslər güc amilini önə çıxarıb, hazırda bu faktor Azərbaycanın əlindədir, Ermənistan 44 günlük müharibəni, antiterror əməliyyatını göz önünə gətirib, şərtləri yerinə yetirməlidir. 

Maraqlıdır, ABŞ-Ermənistan strateji sazişi Azərbaycanın sözügedən güc mövqeyində hansısa dəyişikliyə gətirib çıxaracaqmı? 

Qeyd edək ki, Birləşmiş Ştatların vaxtı ilə bu sazişi Ukrayna ilə Krımın işğalından əvvəl (2008-ci ildə), Gürcüstanla Abxaziya və Osetiyanın işğalından sonra (2009-cu ildə), yenidən Ukrayna ilə Krımın və Donbasın bir hissəsinin işğalından sonra (2021-ci ildə) imzaladığını, son 16 ildə Rusiyanın adıçəkilən ölkələrə qarşı işğalçı siyasətini xatırladıb, tələsik nəticə çıxarmamağa çağıran ekspertlər də var. 

Rusiyanın ilkin reaksiyası:

Dmitri Peskov: “Bu, bizim erməni dostlarımızın münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək üçün mütləq suveren hüququdur. Biz əsas məsələdən çıxış etməyə davam edirik: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, bu əlaqələri yüksək qiymətləndiririk və onları daha da inkişaf etdirmək niyyətindəyik. İnteqrasiya prosesləri çərçivəsində, o cümlədən Avrasiya İqtisadi ittifaqı (Aİİ) çərçivəsində qarşılıqlı fəaliyyətin aspektləri də vacibdir. Bütün bunlar birlikdə Ermənistan və onun xalqı üçün əhəmiyyətli dividendlər verən əməkdaşlıqdır. ABŞ heç vaxt Cənubi Qafqazda xüsusilə sabitləşdirici rol oynamayıb. Məhz bu hərəkətlər kontekstində, ABŞ hər bir sahədə getdikcə daha çox ölkəni öz arxasınca çəkməyə çalışır”.

Xarici işlər naziri Sergey Lavrov Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırladıb. O, qeyd edib ki, Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil: "Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır".

Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. "O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik”.  Lavrov Paşinyan hakimiyyətinə Ukraynanın Avropa İttifaqı ilə assosiasiya təcrübəsini xatırladıb:

"2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası ilə bağlı danışıqlar daxili tariflərin olmadığı MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çıxır".

Ekspertlər nə düşünür?

Politoloq Fərhad Məmmədov hesab edir ki, bu saziş ABŞ-nin Ermənistana birtərəfli siyasi, iqtisadi, hərbi, texnoloji dəstəyidir: “Prinsipcə, vəzifədən gedən ABŞ administrasiyası son bir neçə ildə fəaliyyətini ayrı-ayrılıqda sənəddə rəsmiləşdirib. Azərbaycan mətbuatının Birləşmiş Ştatların Ermənistana silah ötürməsi ilə bağlı məlumatı, birgə təlimlər planlaşdırması və Ermənistan sərhəd xidmətinə dəstək verməsi xəbərləri də təsdiqlənib. ABŞ-nin Azərbaycandakı səfirliyi ən azı öz şərhlərinə görə utanmalıdır”.

Ekspert vurğulayır ki, bu sazişlə Ermənistan sərhədi ABŞ-nin nəzarətinə keçir, görək, Rusiya və İran nə edəcək: “Tortun üstündəki albalı Ermənistanın Suriyada Rusiya, İran və Bəşər Əsəd rejiminin daxil olduğu koalisiya üzvlüyündən ABŞ-ın himayəsi altında İŞİD-ə qarşı mübarizə aparan koalisiya üzvünə keçməsidir. Ermənistan silahlı qüvvələrinin Rusiya kontingentinin tərkibində Suriyada peyda olması Paşinyanın Baş nazirlik dövründə Putinlə ilk görüşündən sonra baş verdiyindən və Ermənistan tərəfindən Rusiyaya münasibətdə “görünməmiş addım” kimi təqdim edildiyindən bu, olduqca fantastik görünür. Burada Türkiyəyə “salamlar” göndərilir, çünki ABŞ İŞİD-lə mübarizə adı altında Suriyadakı mövcudluğunu rəsmiləşdirir və ən əsası, PKK/YPG terrorçularına hərbi və maliyyə dəstəyi verir. Yəni Ermənistan kürd terror təşkilatlarını dəstəkləyən koalisiyaya üzv olur!

Ermənistanın xarici işlər naziri Mirzoyan sanksiyaya məruz qalan malların Rusiyaya təkrar ixracı və sanksiyaya məruz qalan Rusiya mallarının dünya bazarına çıxarılması nəticəsində baş vermiş Ermənistanın iqtisadi inkişafına görə Blinkenə təşəkkür etməsi məni güldürdü”.

F.Məmmədov müsbət məqamları da qeyd edib: “Blinken özünəməxsus "səmimiyyət" üslubunda qaşlarını çataraq, Ermənistanı sırf onun sərhədləri daxilində dəstəkləməkdən danışdı, Azərbaycandan və Qarabağdan söz açmırdı... Mirzoyan Azərbaycanı xatırladaraq, bölgədə sülhdən də danışdı”.

Politoloq onu da qeyd edib ki, bu sazişlə ABŞ-nin Ermənistan qarşısında birtərəfli öhdəlikləri açıqlanıb. “Daha çox xeyriyyəçilik kimi görünən bu öhdəliklərə Tramp administrasiyasının münasibətinin necə olacağı hələ qarşıdadır”, - o bildirib. 

Siyasi təhlilçi Ramiz Yunus isə hesab edir ki, Azərbaycan Prezidentinin son müsahibəsi və həm Ermənistana, həm də onun dünyadakı havadarlarına qarşı sərt ritorikası Bayden administrasiyasını Prezident Trampın andiçmə mərasimindən bir neçə gün əvvəl Ermənistanla strateji tərəfdaşlıq haqqında sənədi tələsik imzalamağa məcbur edib: “Prezident Trampın həm daxili, həm də xarici siyasətdə prezident Baydenin bütün irsinə mənfi münasibətini nəzərə alsaq, çox güman ki, sənəd adi kağız parçası olaraq qalacaq. Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslər, Azərbaycanın həm də strateji tərəfdaşı olan Türkiyə və İsrailin simasında ABŞ-nin bu regionda əsas müttəfiqlərinin güclənməsi bu sənədin sırf populizmdən xəbər verdiyinə sübutdur. Çalışırlar ki, gələcək Tramp administrasiyası üçün müəyyən çətinliklər yaratsınlar və ABŞ-də daxili siyasi mübahisələrdə “erməni kartı”ndan istifadə etsinlər. Bu gün dünyada, xüsusən də Vaşinqtonda, Brüsseldə, Parisdə, Moskvada, Tehranda və Pekində heç kimə sirr deyil ki, Türkiyə-Azərbaycan tandemi ilə qarşılıqlı əlaqə olmadan Cənubi Qafqazda heç bir geosiyasi problemi həll etmək mümkün olmayacaq. Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsini, “Rusiya sülhməramlılarının” Qarabağdan çıxarılmasını, Azərbaycanın bütün ərazisində tam suverenliyini bərpa etməsini və Türkiyənin yuxarıda qeyd olunan bütün uğurlarını xatırlamaq kifayətdir".

R.Yunus bildirir ki, Prezident Trampın xarici siyasətindəki “erməni mərkəzliliyin” Cənubi Qafqaz regionu siyasətində prioritet olmayacağını güman etmək çətin deyil. “Bunu İrəvanda Paşinyan hökuməti və bütövlükdə erməni cəmiyyəti nə qədər tez başa düşsə, hər iki tərəf üçün bir o qədər yaxşıdır. Arzuları reallığa çevirməyə cəhd etməyi dayandırıb, regionumuzun coğrafi xəritəsinə nəzər salmağın vaxtıdır”, - o vurğulayıb.

Politoloq Elxan Şahinoğlu isə rəsmi Bakını çevik siyasət yürütməyə çağırır: “Rusiya Azərbaycanın sərnişin təyyarəsini raketlə vurmaqla münasibətlərə kölgə salıb, kompensasiya və cinayətkarların cəzalandırılması tələbimizə reaksiya yoxdur, digər qonşumuz İrandan ölkəmizə qarşı təxribatlar davam edir. Bu arada, Ermənistan hökuməti Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirib, sərhədimizə avropalılarla yanaşı, amerikalı hərbçilər də yerləşdiriləcək”. 

Ekspert hesab edir ki, Rusiya və İranın buna görə Ermənistanı cəzalandıracağı barədə mülahizələr özünü doğrultmaya bilər. O, xatırladır ki, Rusiya ilə Ermənistan arasında ticarətin həcminin 4-5 dəfə artmasının gizli tərəfləri var, Moskva bundan faydalanmaqdadır. “Tehran isə Ermənistanın bütün şıqtaqlıqlarını, hətta “şeytan” adlandırdığı Amerika ilə hərbi əməkdaşlığına da dözümlü yanaşmağa hazırdır, yetər ki, bunun Azərbaycana zərəri olsun”, - təhlilçi əlavə edib. 

E.Şahinoğlu hesab edir ki, bölgədə baş verənlərə çevik reaksiya verməliyik, ümidimizi yalnız Donald Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verəcəyinə bağlamamalıyıq: “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun yeni dövlət katibi, hər zaman ermənilərin mövqeyini müdafiə edən və Azərbaycan əleyhinə açıqlamalar verən senator Marko Rubio ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasını çətin təsəvvür etsək də, oxşar sənədin Bakıya da təklif edilməsi ehtimalını diqqətdə saxlamalı və bundan imtina etməməliyik. Bütün hallarda əsas məsələmiz şərtlərimiz daxilində il ərzində Ermənistanı sülh sazişini imzalamağa təşviq etmək olmalıdır”.

Turqut