Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə siyasi təlatüm: Müxalifət parçalandı, Meral Akşener “Altılı masa”dan çıxdı

Türkiyədə prezident və parlament seçkiləri yaxınlaşdıqca, vəziyyət getdikcə gərginləşir. Bir müddət öncə müxalifətin vahid namizəd seçərək hazırkı prezident Rəcəb Tayyib Ərdoğana qarşı birgə mübarizə aparacağı ilə bağlı ümidlər əriməyə başlayır.

Pressklub.az xəbər verior ki, Türkiyənin əsas müxalif partiyalarından biri olan İYİ Partiya 6 müxalifət partiyasının yaratdığı birlikdən çıxıb. Bunu İYİ Partiyanın sədri, Böyük Millət Məclisinin deputatı Meral Akşener jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, “Altılı masa” adlanan birlik prezidentliyə vahid namizəd məsələsində razılığa gələ bilməyib: "Biz Ankara bələdiyyə başqanı Mansur Yavaş və İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun namizədliyini irəlisürürdük, lakin bu namizədlər rədd edildi. Biz CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk edirik”.

M.Akşener söyləyib ki, “Altılı masa” artıq millətin iradəsini təmsil etmir.

CHP sədri Kamal Kılıçdaroğlu isə məsələyə münasibət bildirərək deyib ki, narahatlığa əsas yoxdur: “Heç narahat olmayın. Bütün daşlar yerinə oturdulacaq. Yolumuza davam edəcəyik”.

Qeyd edək ki, “Altılı masa”nı müxalif Cümhuriyyət Xalq, Səadət, Demokrat, DEVA, Gələcək və İYİ partiyaları birlikdə yaratmışdı.