Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə seçki: Rəsmi nəticələr açıqlandı

Türkiyədə prezident seçkisinin nəticələri dərc olunub.

Rəsmi hesabata görə, mayın 28-də keçirilmiş ikinci turda dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 27,8 milyon səslə (etibarlı səslərin 52,18 faizi) qalib gəlib.

Mayın 14-ü parlament seçkisi ilə birgə keçirilmiş ilk turu Rəcəb Teyyub Ərdoğan 27,1 milyon səslə (49,52 faiz) lider bitirmişdi.

600 nəfərlik yeni parlamentə Ədalət və İnkişaf Partiyası 263, müttəfiqləri – Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Hür Dava Partiyası 4, Demokratik Sol Partiya 1 mandat alıb.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyası əvvəllər 6 parlament, 4 bələdiyyə, 2 prezident seçkisində, 3 referendumda qalib olub.

Partiya 2002-ci ilin parlament seçkisində 550 nəfərlik qanunverici orqana 363 mandat qazanaraq təkbaşına hökumət qurub.

2007-ci ilin seçkisində 550 mandatın 341-ni, 2011-ci ilin seçkisində 327-ni götürən Ədalət və İnkişaf Partiyası hakim statusu saxlayıb.

7 iyun 2015-ci ilin seçkisində 550 mandatın 258-ni alan Ədalət və İnkişaf Partiyası təkbaşına hökumət qura bilməyib, koalisiya danışıqları isə uğursuz olduğu üçün növbədənkənar seçkiyə gedilib. 1 noyabr 2015-ci ilin parlament seçkisində 317 mandat götürən Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.

Partiya 2004, 2009, 2014 və 2019-cu illərin bələdiyyə seçkilərində də üstün gəlib.

Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə konstitusiyaya yenilik referendumları keçirilib, prezidentin parlamentdə deyil, ümumxalq səsverməsində seçilməsi, parlament idarəçiliyinin cilovlanması, prezident idarə üsuluna keçid rəsmiləşib. Yeniliklər 2007-ci ildə 68,95 faiz, 2010-cu ildə 57,88 faiz, 2017-ci ildə 51,18 faiz səslə dəstəklənib.

Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir olub, 2014-cü il avqustun 10-da 21 milyon səslə (51,79 faiz) prezident seçilib.

24 iyun 2018-ci ildə parlament seçkisi ilə birgə keçirilən prezident seçkisində Rəcəb Teyyub Ərdoğan 26,3 milyon səslə (52,59 faiz) qalib gəlib.

Ədalət və İnkişaf Partiyası 600 nəfərlik parlamentə 295, müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası 49 mandat əldə edib.

1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan İstanbuldakı Mərmərə Universitetində iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.

Siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.