Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Azərbaycanın ən yaxın siyasi müttəfiqidr, amma iqtisadi müttəfiqi deyil

Türkiyədə seçki keçirilib. Bu mövzu Azərbaycanda da geniş dartışılır. Təəcüblü deyil: axı Türkiyə Azərbaycanın ən yaxın siyasi müttəfiqidir. Üstəlik, bu ölkənin Azərbaycanın iqtisadi əlaqələrində də payı yüksəkdir.

Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, ötən il Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi 5 milyard 842 milyon dollar olub. Bu, Azərbaycanın toplam ticarət dövriyyəsinin 11.1 faizi deməkdir və həmin nəticə ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət partnyorudur.

İxrac və idxal baxımından da Türkiyə ikinci yerdədir. Azərbaycanın ötənilki ixracının 9 faizi, idxalınınsaə 16 faizi Türkiyə ilə bağlıdır. Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi ölkə İtaliya, ən çox mal gətirdiyi ölkə isə Rusiyadır.

Türkiyə ilə ticarətdə bir məqam da diqqət çəkir: Müsbət saldo Azərbaycandan yanadır. Ötən ilin sonuclarına görə, Azərbaycanın Türkiyədən ixracı (3.5 milyard dollar), Türkiyədən idxalı (2.3 milyard dollar) təxminən 1.2 milyard dollar qabaqlayır. Azərbaycansa, Türkiyə statistika qurumunun bilgisinə görə, istər idxala, istərsə ixraca görə Türkiyədə ilk onluğa düşməyib.

Azərbaycan Türkiyədən nə alıb-satır?

Azərbaycanın Türkiyədən çox sayda məhsulun idxalını gerçəkləşdirir. Ötən il Türkiyədən toplam 3 min 488 çeşid məhsul gətirilib. İdxalın həcminə görə ilk yeri dərman vasitələri tutur və 2022-ci ildə Azərbaycan Türkiyədən toplam 92.4 milyon dollar dəyərində dərman vasitələri gətirib.

İkinci yeri avtobuslar tutur. Ötən il Türkiyədən 233 ədəd avtobus gətirilib. Bu idxalın toplam dəyəri 44 milyon dolları aşıb. Həcmi 30 milyon dolları aşan digər məhsullar sürtkü yağları (35.2 milyon dollar), metal konstruksiyalar (34 milyon dollar), tütün (32.7 milyon dollar) və qadınlar üçün gigiyenik bez və uşaq bezləridir (31.6 milyon dollar).

Azərbaycandan Türkiyəyə isə ötən il cəmi 665 məhsul çeşidi satılıb. Bu, Türkiyədən Azərbaycana göndərilən məhsul çeşidləri ilə müqayisədə beş dəfəyə yaxın azdır. Azərbaycanın Türkiyəyə ixracında əsas pay, ənənəvi olaraq, enerji sektoru ilə bağlıdır. Ötən il Türkiyəyə 2 milyard 208 milyon dollar dəyərində təbii qaz satılıb. Bu, Azərbaycanın toplam idxalının 62 faizi deməkdir. Neft də diqqətə alınsa, Azərbaycanın Türkiyəyə ixracında enerji sektorunun payı 76 faizə yüksəlir.

Enerki sektorundan başqa Türkiyəyə ən çox pambıq lifi satılıb (162 milyon dollar dəyərində). Elektrik enerjisi (79.2 milyon dollar) və alüminium (61.3 milyon dollar) da Azərbaycanın Türkiyəyə ixrac etdiyi əsas məhsullar arasındadır.

Qarşılıqlı yatırımlar

Türkiyə Azərbaycana yatırılan və Azərbaycanın yatırdığı investisiyaların həcminə görə də önəmli yer tutur. Mərkəzi Bankın bilgisinə görə, 2022-ci ildə Türkiyədən Azərbaycan iqtisadiyyatına 1 milyard 187 milyon dollar dəyərində birbaşa investisiya cəlb edilib.

Bu göstərici ilə Türkiyə Böyük Britaniyadan sonra Azərbaycana ən çox yatırım edən ölkə adını qazanıb. Azərbaycana cəlb edilən investisiyaların 19 faizi təkcə Türkiyə ilə bağlıdır. Diqqətçəkən daha bir məqam - son illər ərzində Türkiyədən Azərbaycana yatırılan investisiya həcminin ardıcıl artmasıdır.

2020-ci ildə Türkiyədən Azərbaycana yatırımlar 577 milyon dollar, 2021-ci ildə 740 milyon dollar, ötən ilsə 1 milyard 187 milyon dollar olub. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalara görə Türkiyə birinci yeri tutur.

2022-ci ildə Azərbaycandan Türkiyə iqtisadiyyatına 247 milyon dollar yatırılıb. Bu, 2021-ci illə müqayisədə 33 milyon dollar az olsa da, Türkiyə 21.4 faizlik payla hələ də liderdir. Türkiyənin ən böyük xarici yatırımçısı Azərbaycandır. Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Türkiyənin neft-kimya sənayesinə 18 milyard dollar yatırıb.