“Trendyol”a hücum vətəndaşların deyil, “Mall”ların, iri satış sahiblərinin marağına xidmət edir” – AKTUAL ŞƏRH
24 Fevral 2023
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq” Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Qeyd olunur ki, yerli bazardakı pərakəndə şirkətlər “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir.
Xidmətin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının bu barədə açıqlamasına cəmiyyətdən müxtəlif reaksiyalar oldu və davam edir.
İqtisadçı ekspert Natiq Cəfərli bu məsələ ilə bağlı sosial şəbəkə hesabında şərh paylaşıb.
“Bu adam işdən qovulmalıdır, çünki açıqlaması sübut edir ki, nə işlədiyi orqandan, nə onun səlahiyyətlərindən, ən vacibi isə nə də məntiqdən xəbəri var”.
Pressklub.az-ın məlumatına görə, N.Cəfərli şərhinə bu fikirlə başlayıb. O, daha spnra bildirir ki, Antiinhisar fəaliyyəti haqqında qanuna görə, bazarda hökmran mövqedə olan şirkətlərlə məşğul olmalıdırlar:
“Qanunun 4-cü maddəsi: Hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur”.
Ekspert bildirir ki, “Trendyol” bazarda hökmran mövqe tutan şirkət deyil, klassik anlamda pərakəndə satışla məşğul olan şirkət də deyil: “Yəni, Antiinhisar Komitəsinin bu işlə əlaqəsi yoxdur! Hə, işsizlikdən əziyyət çəkirlərsə getsinlər, məsələn, dərman bazarını yoxlasınlar, bu bazarda satış həcminin 50%-nə yaxınına nəzarət edən şirkətlər var.
Cavid Süleymanov daha sonra deyir: “Azərbaycan bazarındakı pərakəndəçi, “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir. Bu vəziyyətdə bir rəqabət orqanı olaraq bizim, ölkədə yerləşən pərakəndə satış məntəqəsini qorumaq öhdəliyimiz var” – Dünyadan bixəbər məmur anlamır ki, onun işi vətəndaşın maraqlarını qorumaqdır, yəni, onlar sevinməlidirlər ki, RƏQABƏT var, online satışla ənənəvi satışın RƏQABƏTİNDƏN udan vətəndaşlar var, amma yox, bu məmur rəqabətli mühitdə maraqlı deyil, əksinə, RƏQABƏTİ BALTALAMAQDA maraqlıdır, deməli vətəndaşın marağını deyil, ölkədə Mall-ların sahiblərinin, onların fantastik icarə haqlarının, məmurlara bağlı iri yerli satış təmsilçilərinin maraqlarını qorumağa çalışır”.
Natiq Cəfərli daha bir maraqlı məqama toxunub. Deyir ki, Türkiyəyə qardaş, dost, strateji müttəfiq deyirlər, amma Türkiyə şirkətləri, məsələn, Rusiyada belə daha rahat işləyə bilirlər – bu da kənardan çox qeyri-səmimi görünür. “Həm də, online ticarət dünyada 20 ildir sürətlə inkişaf edir, bu tək mal satmaq deyil, bu həm də infrastrukturdur, yeni iş yerləridir, İT sektorunun inkişafı, yeni bilikli kadrlar deməkdir. Hökumət isə belə düşünə bilmir, çünki “sovetləşmiş” məntiqlə yanaşırlar, yaşları cavan olanlar da belədir, çünki “sovetləşmə” yaş məsələsi deyil baş məsələsidir...”