Tramp: İranın interneti bərpa etməsi razılaşma istədiyini göstərir
29 May 2026
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın internet blokadasını aradan qaldırmaq qərarı bu ölkənin Vaşinqtonla razılaşma əldə etmək istədiyinin göstəricisidir.
Tramp aprelin 27-də Vaşinqtonda hökumətin iclasının açılışında deyib ki, İran razılaşma əldə etmək niyyətindədir.
"Məncə, onlar sadəcə razılaşma əldə etmək istəyirlər. Başqa seçimləri olduğunu düşünmürəm. Sadəcə internetə qayıdırlar, çünki ağır zərbə altındadırlar. İqtisadiyyatları sərbəst enişdədir", – o bildirib.
ABŞ və İsrail fevralın 28-də İrana hərbi zərbələrə başlayandan ölkədə internetə çıxış bağlanmışdı. Bu, ölkə tarixində ən uzunmüddətli məhdudiyyət olub.
İranın internet blokadası ağır iqtisadi nəticələr doğurub. İran Ticarət Palatasından Əfşin Kolahe aprelin 12-də deyib ki, internetin kəsilməsi ölkəyə günə 40 milyon dollaradək ziyan vurur. Onun sözlərinə görə, dolayı itkilər gündə 80 milyon dollara çatır.
Tramp Tehranla razılaşma əldə olunmasına yönəlik diplomatik səylərdə irəliləyişə eyham vurub. ABŞ və İran Pakistan vasitəsilə bir-birinə təkliflər göndərirlər.
"Onlar çox istəyirlər ki, razılaşma əldə olunsun. Hələlik, buna nail olmayıblar. Bundan razı deyilik", – Tramp bildirib.
"Amma olacağıq. Yoxsa işi sadəcə tamamlamaq məcburiyyətində qalacağıq", – o əlavə edib və, görünür, hərbi əməliyyatların bərpasına eyham vurub.
Tehranla Omanın birlikdə Hörmüz boğazına nəzarət edəcəyi barədə İran mediasının iddiası ilə bağlı suala cavabında isə Tramp söhbətin beynəlxalq sulardan getdiyini vurğulayıb.
"Oman hamı kimi davranacaq, əks halda, onları bombalamaq məcburiyyətində qalacağıq. Onlar bunu başa düşürlər", – o deyib.