
Tramp Ər-Riyadla "ən böyük" silah sazişi imzalayıb
14 May 2025
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və ABŞ prezidenti Donald Tramp silah tədarükü ilə bağlı böyük saziş imzalayıblar. Bu, mayın 13-də Amerika liderinin Ər-Riyada səfəri çərçivəsində baş tutub.
Sənəddə göstərilir ki, ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dollar dəyərində silah paketi satmağa razıdır. Ağ evin açıqlamasında razılaşma müdafiə sahəsində Vaşinqtonun indiyə qədər imzaladığı "ən böyük əməkdaşlıq sazişi" adlandırılır.
"Reuters"in vurğulamasına görə, saziş havadan və raketdən müdafiə, hərbi-hava qüvvələri, kosmik inkişaf, dəniz təhlükəsizliyi və rabitə kimi sahələrdə ondan çox Amerika hərbi şirkətini əhatə edir.
"Təsdiq olunmuş paket ikitərəfli tərəfdaşlığımızı gücləndirmək öhdəliyimizin bariz nümayişidir", - Tramp administrasiyasından bildirilib.
Səudiyyə Ərəbistanı Amerika silahlarının ən böyük alıcısıdır. "Reuters" yazır ki, əvvəlki prezident Co Baydenin administrasiyası Krallığın İsraillə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan geniş sövdələşmə çərçivəsində Ər-Riyadla müdafiə paktı bağlamağa cəhd göstərsə də, uğursuz olub.
D.Tramp hazırkı səfəri zamanı şahzadə Məhəmməd bin Salmanı "inanılmaz insan" adlandırıb və əlavə edib ki, iki ölkə arasındakı bağ indi "həmişəkindən daha güclüdür". Səfərdə onu böyük iş adamları, o cümlədən "SpaceX" və "Tesla"nın rəhbəri İlon Mask müşayiət edir.
Trampın dördgünlük Yaxın Şərq turnesinin rəsmi proqramına Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlər də daxildir.