Logo
news content
User
Kateqoriyalar

Xəbər

TikTok-un tənqidçiləri nədən qorxurlar və onların şübhələri nə dərəcədə əsaslıdır?


Çin ABŞ hakimiyyətini TikTok-un milli təhlükəsizliyə təhdid yaratması iddialarını şişirtməkdə ittiham edib. Üstəlik, Pekin hesab edir ki, bu, Çin şirkətini bazardan sıxışdırmaq üçün məqsədli şəkildə edilir.





ABŞ-da dövlət qurumlarının əməkdaşlarına tətbiqi bir ay ərzində bütün cihazlardan silmək tapşırılıb. Bu, istifadəçi məlumatlarına potensial təhlükə ehtimalıyla izah edilib.


Kanada və Aİ ölkələrinində də dövlət qulluqçularına oxşar müraciətlər edilib. Bəzi Qərb siyasətçiləri isə TikTok-un rəsmi şəkildə, dövlət səviyyəsində qadağan olunmasını tələb edirlər.




Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ning buna cavab olaraq deyib ki, "Avropa İttifaqı bazarda formalaşmış qaydalara hörmət etməli və milli təhlükəsizlik məsələlərini belə geniş və ümumiləşdirilmiş şəkildə şərh etməyi dayandırmalıdır".





Özünüzü TikTok-un rəhbərlərinin yerində təsəvvür edin.





2020-ci ildə ABŞ-da bu tətbiqi az qala qadağan edəcəkdilər, buna ozamankı prezident Donald Trump şəxsən özü nail olmağa çalışırdı.





Amma onun səyləri cəmiyyətin ciddi narazılığına səbəb oldu və Joe Biden prezident seçiləndən sonra Trump-ın müraciətini geri götürüb.





Üç il əvvəl dünya üzrə TikTok-un 800 milyona yaxın istifadəçisi vardı, indi bu say təxminən 3,5 milyard nəfərə çatıb.





Kibertəhlükəsizlik baxımından Çin şirkətinə qarşı irəli sürülən üç əsas iddia hansılardır və TikTok-un rəhbərləri bu iddialara necə cavab verirlər?





1. TikTok istifadəçilər haqqında "həddindən artıq” məlumat toplayır




Tənqidçilər tətbiqi istifadəçilər haqqında “həddindən artıq çox” məlumat toplamaqda ittiham edirlər. Onlar Avstraliyanın “İnternet 2.0” şirkətinin 2022-ci ilin iyulunda dərc olunmuş, onlayn təhlükəsizlik məsələlərinə dair hesabatına istinad edirlər.





Şirkətin mütəxəssisləri tətbiqin baza kodunu araşdırandan sonra belə qənaətə gəliblər ki, TikTok öz istifadəçilərinin dəqiq yeri, şəbəkəyə hansı cihazdan daxil olmaları və bu cihaza başqa hansı proqramların quraşdırılması barədə məlumatlar toplamaqla məşğuldur.





Citizen Lab şirkəti isə analoji araşdırmadan sonra bildirib ki, digər məşhur sosial media platformaları kimi, TikTok da istifadəçilərinin davranışlarını izləməyə imkan verən məlumatlar toplayır.





TikTok-un sözçüsü də BBC-yə açıqlamasında qeyd edib ki, istifadəçi məlumatlarının toplanması "bu sahədəki praktikaya uyğun" şəkildə həyata keçirilir.





2. TikTok Çin rəsmilərinə istifadəçiləri izləmək imkanı verir




TikTok-un sözçüsü BBC-yə bildirib ki, şirkət tamamilə müstəqildir və "məlumatları Çin hökumətinə təqdim etməyib və hətta xahiş etsəydilər belə, bunu etməzdi".










“ByteDance”





TikTok-un sahibi baş ofisi Şanxayda yerləşən internet nəhəngi ByteDance şirkətidir




Çin Milli Kəşfiyyat Qanununun 7-ci maddəsinə görə, bütün vətəndaşlar və Çində fəaliyyət göstərən bütün təşkilatlar ölkə kəşfiyyatının onlara müraciət edən nümayəndəsinə “yardım göstərməyə, dəstək verməyə və əməkdaşlıq etməyə” borcludurlar.





Amma Georgia Texnologiya İnstitutunun tədqiqatçıları deyirlər ki, bu cümlə kontekstdən çıxarılıb, qanunda istifadəçilərin və özəl şirkətlərin hüquqlarını qoruyan bəndlər də var.





2020-ci ildən bəri TikTok rəhbərliyi dəfələrlə öz auditoriyasını inandırmağa çalışıblar ki, Çindən kənarda yaşayan istifadəçilərin məlumatları onlar üçün əlçatmazdır və istəsələr belə, onları əldə edə bilməzlər.





Amma 2022-ci ilin dekabrında ByteDance-ın Mətbuat Xidməti etiraf etdi ki, şirkətin Pekindəki bir neçə əməkdaşı ən azı iki amerikalı jurnalistin, eləcə də “az sayda” digər şəxslərin məlumatlarına çıxış əldə edib.





Bu məlumatlar vasitəsilə həmin şəxslərin hərəkət trayektoriyası izlənib, mediaya məlumat sızdırmaqda şübhəli bilinən TikTok-un əməkdaşlarıyla görüşüb-görüşmədikləri araşdırılıb.





Şirkətin sözçüsü əmin edir ki, həmin məlumatları əldə edən əməkdaşlar işdən qovulublar.





TikTok rəhbərliyi isə bildirir ki, istifadəçi məlumatlarının toplandığı serverlər fiziki olaraq ABŞ və Sinqapur ərazisində yerləşir və bu serverlər heç vaxt Çində olmayıb.





3. TikTok vasitəsilə beyinləri “yumaq” olur




TikTok təmsilçiləri deyirlər ki, "İcma prinsiplərimizin əks olunduğu sənəd icmanın özünə və ya daha geniş ictimaiyyətə zərər verə biləcək dezinformasiyanı birmənalı şəkildə qadağan edir. Eyni zamanda, razılaşdırılmış qeyri-səmimi davranışlar da qadağandır” (Sosial şəbəkələrdə bu ifadəni pullu trolların fəaliyyətinə aid edirlər).





"Çin hakimiyyəti… təsir əməliyyatları aparmaq üçün tövsiyələrin alqoritmini idarə edə bilər" (Yəni proqram hər hansı mövzuda auditoriyanın fikrinə təsir etmək imkanına malikdir) - 2022-ci ilin noyabr ayında FTB direktoru Christopher Wray ABŞ qanunvericilərinə belə deyib.





Belə qorxuları artıran faktlardan biri də budur ki, TikTok-un ana şirkətinin telefonlara yalnız Çində yüklənən Douyin adlı digər tətbiqi ciddi senzuraya məruz qalır.





Çindəki bütün sosial şəbəkələr böyük bir senzura ordusu tərəfindən izlənir; hakimiyyəti tənqid edən və ya siyasi narazılığı artırmaq təhlükəsi yaradan istənilən status silinir.










TikTok-un Çin versiyası “Douyin”





TikTok-un Çin versiyası Douyin adlanır, amma hər iki proqramın baza kodu eynidir




Qlobal bazara daxil olandan sonra TikTok dəfələrlə senzura faktlarının üzə çıxdığı qalmaqalların mərkəzində olub. Ən çox bilinən nümunələrdən biri Pekinin Sincandakı müsəlmanlara münasibətini müzakirə edən amerikalı istifadəçinin hesabının bloklanmasıdır.





Onda cəmiyyətin bununla bağlı kəskin etirazı fonunda TikTok rəhbərliyi istifadəçilərdən üzr istəmiş və amerikalının bloklanmış hesabına girişi bərpa etmişdi.





TikTok və Douyin platformalarını müqayisə edən Citizen Lab şirkəti Douyin-dəki geniş siyasi senzuraya TikTok-da qətiyyən rast gəlinmədiyini açıqlayıb.





Georgia Texnologiya İnstitutunun analitikləri isə bu tətbiqdə "Tayvanın müstəqilliyi" və ya Çin Prezidenti Si Tsinpin haqqında ironik ideolar axtarıblar və belə nəticəyə gəliblər ki, "bu kateqoriyadan olan videoları “TikTokda asanlıqla tapmaq mümkündür, belə paylaşımların çoxu məşhurdur və geniş yayılıb".





Nəzəri risk




Bütün bunlar deməyə əsas verir ki, TikTok-la bağlı qorxular kifayət qədər əsassızdır: hazırda hər cür təhlükə nəzəri xarakter daşıyır və real sübutlara əsaslanmır.





Tənqidçilərsə tətbiqin Troya atına bənzədiyini deyirlər: zahirən zərərsiz görünür, əslində isə bir gün (məsələn, münaqişə zamanı) güclü silaha çevrilə bilər.





2020-ci ildə Hindistan bəzi başqa tətbiqlərlə yanaşı, TikTok-a da bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq edib.





Amma ABŞ-ın qadağası platforma üçün fəlakətli ola bilər, çünki Vaşinqtonun müttəfiqləri çox vaxt bu cür qərarlarla razılaşırlar.





Məsələn, ABŞ eyni dərəcədə nəzəri olan riskə əsaslanaraq Çinin telekommunikasiya nəhəngi Huawei şirkətinə məxsus 5G infrastrukturunu Amerikada bloklamaq qərarına gələndə Vaşinqtonun müttəfiqləri də bu addımı atmışdılar.





Qeyd etmək lazımdır ki, yuxarıda təsvir edilən bütün risklər yalnız ABŞ üçün keçərlidir. Çinsə bu ölkənin tətbiqlərinə görə narahat olmaya bilər: bir ildən artıqdır ki, ölkədə onların hamısına giriş bloklanıb.