Logo
news content
User
Kateqoriyalar

Xəbər

Təqaüdə çıxmayanlar - Gözəl fantaziyanın sonu

Təqaüdə çıxmaq əksər insanlar üçün gözəl bir fantaziyadır. BBC-nin məqaləsində deyilir ki, bir çoxları üçün o, fantaziya olaraq qalacaq. Çünki indiyədək qavranılan mənada təqaüd konsepsiyası dəyişməkdədir. Təqaüd yaşını keçəndən sonra da işləməyə davam edən insanların sayı 1990-cı illərdən bəri davamlı artmaqdadır. ABŞ-da 2017-ci ildə 65-69 yaşlı insanların 32 faizi işləyib. Bu isə 1994-cü ilə aid göstəricidən 22 faiz çoxdur. Britaniyada yaşı 65-dən yuxarı olanların işləmə faizi 1993 – 2018-ci illər arasında iki dəfə artıb.

Toronto Skarboro Universitetinin professoru Mişel Silver deyir ki, COVID-19 pandemiyası bu tendensiyanı daha da gücləndirib.

Təcili iş axtaran 55-64 yaşlılar


Pandemiya başlayanda insanların iş məsələlərinə baxışı dəyişməyə başladı. Əvvəlcə daha yaşlı işçilər iş yerlərini kütləvi tərk etməyə başladılar. Britaniyada yaşı 50 – 64 arasında olan azı 250 min işçi işini tərk etdi. 3 milyondan artıq amerikalı isə erkən təqaüdə çıxdı.

İnflyasiyanın artdığı indiki şəraitdə isə yaşı çatsa da, təqaüdə çıxmayanların sayı daha da artmaqdadır. "Indeed" iş saytının məlumatına görə, təqaüdə çıxmayanların sayı 3.3 faizə çatıb. Sayt Britaniyada 55 – 64 yaşlı insanların təcili iş axtardığını da qeyd edib. Başqa bir araşdırmanın nəticələrinə görə, pandemiya vaxtı təqaüdə çıxanların 2/3-si hansısa formada işə davam etməyə ümid edir.

"Hays" işəgötürmə şirkətinin Böyük Britaniya və İrlandiya üzrə daimi təyinatlar şöbəsinin müdiri Qael Bleyk hesab edir ki, bu, insanların maliyyə sıxıntısı üzündən işə qayıtması fenomeninin başlanğıcıdır. Bu fenomen bəlkə də həyatın bu mərhələsi ilə bağlı baxışları birdəfəlik dəyişdirəcək.

Bahalanma


Təqaüdçülərin işə qayıtmasının arxasında bir neçə amil var. Hazırda yaşayış qiymətləri ilə bağlı narahatlıqlar əsas motivatordur.

Britaniyada pandemiya zamanı təqaüdə çıxan, yaşı 50-dən yuxarı olan insanlar arasında işə qayıdanların 48 faizi bu addımı pula ehtiyacı olduğunda atdığını deyib. 23 faiz isə təqaüdə çıxmaq üçün kifayət qədər pulu olmadığını bildirib.

Şirkətlərə daim gənc işçilər lazım olsa da, bəzi işləri tez görmək üçün təcrübəli əməkdaşlara ehtiyac olur. Artıq təqaüdə çıxmış işçilərin yenidən işə götürülməsi də bununla bağlıdır.

Britaniyada işsizlik faizi son 50 ilin ən aşağı səviyyəsinə (3.7 faiz) düşüb. "Ancaq həm də işlərin sayı rekord həddədir", – Bleyk deyir. Onun sözlərinə görə, təqaüdə çıxmağı seçənlər məhz iş bazarında lazım olan adamlardır. Müəllimlər, tibb bacıları, həkimlər, statistiklər, texnologiya mütəxəssisləri kimi bilikyüklü işçilər. "Onların tələbə uyğun bacarıqları var. Çatışmayan insanlar məhz onlardır", – Bleyk deyir.

İşçi qıtlığını aradan qaldırmağın yolu


ABŞ-da da vəziyyət buna bənzərdir. Bu ölkədə işsizlik 1960-cı illərdən bəri ən aşağı səviyyəyə enib. İnsanların təqaüddən geri qayıtması tendensiyası isə işçi qıtlığını aradan qaldırmağın həll yolu kimi görünür.

Əvvəllər tibbi cihaz şirkətində çalışan Riçard Sartiano 2021-ci ilin aprelindən təqaüdə çıxıb. Ancaq cəmi bir neçə aydan sonra həm bahalaşmaya görə, həm də işsiz qala bilmədiyindən yenidən iş axtarışına başlayıb.

Məhsuldar bir işlə məşğul olmaq istəyən Sartianoya övladlarından biri rəsm çəkməyə başlamağı təklif edib. O isə bunun əvəzində Perdyu Universitetində direktor vəzifəsinə müraciət edib.

"Mənim çox yaxşı təhsilim var və mən hələ də ondan yararlanmaq istəyirəm", – deyən Sartianonun təqaüdə çıxmasından cəmi bir il sonra yenidən tam ştat işi var.