Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şuşada tunel, Ağdamda xan nəslinin qəbirləri, Füzulidə hökmdarın kurqanı...

“Şuşa şəhərində çox sayda tunellər aşkarlanıb”.

Bunu Azərbaycan Milli Elmlər Akademisyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.



Onun sözlərinə görə, arxeoloqlar həmin ərazilərə təcili şəkildə ezam olunublar: “Onların mahiyyətini, dövrünü araşdırıblar. Biz bütün digər məsələlərlə bağlı məlumatı yəqin ki, 1-2 aydan sonra ictimaiyyətlə bölüşəcəyik”.

Abbas Seyidov qeyd edib ki, Ağdamda isə İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb.

Onun sözlərinə görə, hazırda arxeoloqlarımız 50 günə yaxındır Ağdamda xan nəslinin dəfn olunduğu İmarət adlanan ərazidə işləyirlər: “Demək olar ki, İmarətin bütün ərazisi, 1000 kvadrat metrdən artıq sahə qazılıb. Orada xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb. Qalanlarının da çıxarılması istiqamətində işlər davam etdirilir”.

Professorun sözlərinə görə, Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb.

Onun sözlərinə görə, sözügedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir: "Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər. Araba təkərlərinin, atlarının, silah-sursatının qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib". (Report)