Logo
news content
User
Kateqoriyalar

Xəbər

Spiker prezidentdən məyus olub - Zurabişvilinin mövqeyi onları qane etmir

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili prezident Salome Zurabişvilini martın 9-na keçən gecə Tbilisidə keçirilən etiraz aksiyasından paylaşdığı videogörüntüyə görə zorakılığı “romantikləşdirməkdə” ittiham edib.

Pressklub.az-ın məlumatına görə, Gürcüstan prezidenti sosial şəbəkədəki səhifəsində etiraz edən gənclərin polisin xüsusi texnikadan istifadə ilə bağlı xəbərdarlıqlarının sədaları altında rəqs etdiyini əks etdirən video yayımlayıb.

“Mən prezidentin dünən gördüyümüz mövqeyindən, onun zorakılığı necə romantikləşdirməsindən çox məyus oldum”, - Papuaşvili bildirib.

Gürcüstan parlamentinin spikerinin fikrincə, “bu, prezidentin parlamentə göstərməli olduğu münasibət deyil”.

Gürcüstan prezidenti Salome Zurabişvili ilk gündən parlamentin qəbul etməyə çalışdığı “xarici agentlər” haqqında qanuna qarşı çıxıb və qəbul olunacağı təqdirdə ona veto qoyacağını vəd edib. Martın 7-də minlərlə insan qanun layihəsinə etiraz etmək üçün Rustaveli prospektinə çıxanda Zurabişvili açıq şəkildə etirazçılara dəstək verib.