Logo
news content
User
Kateqoriyalar

Xəbər

Soyuq finlər də qızdılar: “Rusiya kimdir, bizə göstəriş verir?”  

Finlandiya prezidenti Sauli Niinistye bildirib ki, ölkəsinin NATO-ya üzvlüyü Rusiyaya təhlükə yaratmayacaq, Kremldə isə başa düşməlidirlər ki, Helsinkini bu yola onlar özləri itələyiblər. Fin rəhbərinin bu sözləri məhz Britaniyanın baş naziri Boris Consonla birgə mətbuat konfransında söyləməsi xüsusi diqqət çəkir. Niinistye deyib:

“Məncə, burada hər şey sadədir: biz öz təhlükəsizliyimizi artırırıq, başqasının əlindən isə heç nəyini almırıq”.

O, Finlandiyanın NATO-ya üzvlük üçün ərizə vermək qərarını Rusiyanın qəzəblə qarşılamasına da aydınlıq gətirib:

“Rusiya çoxdan deyirdi ki, Finlandiya və İsveçin hərbi blokdan kənarda qalması Baltik dənizində sabitliyə xidmət edir. Ancaq sonra bəyan etdi ki, Finlandiya və İsveç NATO üzvü ola bilməz. Biz də, İsveç də könüllü olaraq blokdan kənarda qalmışdıq. Belə bəyanatlarla RF göstərmək istəyirdi ki, guya biz özümüz heç nəyə qərar verə bilmərik. Bu, fərqli şeylərdir və bizi yenidən düşünməyə vadar etdi”.

Prezidentin sözlərinə görə, 24 fevral göstərdi ki, Rusiya istənilən qonşusuna hücum çəkə bilər:

“Ona görə bizdən “Rusiya Finlandiyanın NATO üzvlüyünə necə baxar” soruşmayın... Özləri bizi təhrik ediblər. Qoy gedib güzgüyə baxsınlar”.

Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün ərizə verməyə hazırlaşırlar. Son qərar bu həftə ərzində mayın 15-dək verilə bilər.