Ermənistan Konstitusiyası dəyişmədən sülh mümkündürmü?
Rasim Musabəyov: “Paşinyanı sözündə tutmaq lazımdır – Azərbaycan heç nə itirmir”
12 Dekabr 2025
Paşinyan yenidən bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur.
“Bizim mövqeyimiz tam şəffafdır, sübut edə bilərik ki, Konstitusiyamızda Azərbaycana qarşı hər hansı ərazi iddiası mövcud deyil. Bunu həm de-yure, həm də praktik olaraq əsaslandıra bilərik. Üstəlik, Ermənistanda bəzi şərhlər və interpretasiyalar var ki, onlara görə, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları yer alır. Bəs niyə biz bu məsələni qaldırmırıq? Çünki Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni bütün bu məsələlərə aydınlıq gətirir.
Bu sazişin birinci maddəsində göstərilir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır. Hər iki dövlət qəbul edir ki, sovet dövrünün inzibati sərhədləri dövlət sərhədinə çevrilib. Bundan çıxış edərək, Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir ərazi iddiasına malik deyil və gələcəkdə də belə iddialar irəli sürməmək öhdəliyini götürürlər. İmzalanmış sazişdə daha bir bənd var: tərəflərdən heç biri bu sazişi icra etməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz. Üstəlik, bizim Konstitusiyada belə bir müddəa var ki, ratifikasiya olunmuş beynəlxalq sənədlər daxili qanunvericilikdən daha üstün hüquqi qüvvəyə malikdir.
Təsəvvür edək, sülh sazişi indi imzalanır və biz onu Konstitusiya Məhkəməsinə göndərməliyik ki, sazişin Konstitusiyamıza uyğunluğunu yoxlasın. Əgər Konstitusiya Məhkəməsi sənədin tam uyğun olduğunu müəyyən etsə, artıq onun ratifikasiyasına heç bir maneə qalmayacaq. Ratifikasiyadan sonra isə saziş Konstitusiyamıza uyğun olaraq ölkəmizdə ən yüksək hüquqi qüvvəyə sahib olacaq.
Mən bunu da açıq şəkildə demişəm: Əgər Konstitusiya Məhkəməsi qərar versə ki, saziş Konstitusiyamıza uyğun deyil, şəxsən özüm konstitusiya dəyişiklikləri təşəbbüsü irəli sürəcəyəm”, – Ermənistanın Baş naziri söz verir.
Yəni, Paşinyan tərəflər arasında Trampın iştirakı ilə paraflanmış sənədin mətninə istinad edir. Lakin rəsmi Bakı hələ də Ermənistan Konstitusiyası ilə bağlı mövqeyindən geri çəkildiyini bəyan etməyib. Bəs hazırda bu məsələ hansı vəziyyətdədir? Bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gecikdirmirmi?
Bu barədə Pressklub.az-a danışan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyovun sözlərinə görə, Nikol Paşinyan bunu ilk dəfə demir və onu müəyyən mənada anlamaq mümkündür.

“O, bəyan edirdi ki, yeni Konstitusiyanın qəbulu təşəbbüsünü qaldırmaq niyyətindədir və həqiqətən də Azərbaycanın təzyiqi altında, yəni xarici təzyiq fonunda referendum yolu ilə Konstitusiyaya dəyişikliklər edilməsi variantını nəzərdən keçirirdi. Lakin bütün çevikliyinə baxmayaraq, Paşinyan bunu etmək gücündə deyil. Amma yeni Konstitusiyanı qəbul etmək üçün əvvəlcə parlamentdə çoxluq qazanmaq, onun qəbul qaydalarını müəyyən mənada sadələşdirmək və ümumiyyətlə konstitusion dəyişiklik mexanizmini yumşaltmaq mümkündür və o artıq bunu əsaslandırmağa başlayıb. Real Ermənistan, Avropa seçkiləri – bütün bunlar buna zəmin yaradır. Faktiki olaraq yeni Konstitusiyanın preambulasında artıq Müstəqillik Bəyannaməsinə istinad olmayacaq. Beləliklə, məsələ Azərbaycanın təzyiqi olmadan formal olaraq aradan qalxacaq. O, buna görə də bildirir ki, Azərbaycanla sülh müqaviləsini imzalamağa və onu Konstitusiya Məhkəməsindən keçirməyə hazırdır.
Məncə, Azərbaycan prinsipcə Paşinyana bu imkanı verməlidir. Biz heç nə itirmirik. Sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan onun ratifikasiyasına tələsməyə bilər. Bu halda sülh müqaviləsi hələ qüvvəyə minməyəcək. Amma Paşinyan, müqavilə imzalandıqdan sonra onu Konstitusiya Məhkəməsindən keçirə bilər və bu, Ermənistan üçün artıq qüvvəyə minmiş sənəd kimi dəyərləndiriləcək. Doğrudur, bundan sonra Azərbaycanın həmin müqaviləni ratifikasiya etməsi və ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi tələb olunur. Buna görə düşünürəm ki, Paşinyanı sözündə tutmaq və ona demək lazımdır: “Buyur”. Sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan vəziyyətə nəzarəti saxlayacaq”, – ekspert bildirib.
O xatırladıb ki, sülh müqaviləsinin imzalanmaması Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasını da ləngidən amildir.
“Doğrudur, Azərbaycandan fərqli olaraq, Türkiyə Ermənistanı tanıyıb, sadəcə diplomatik münasibətlər qurmayıb və sərhədləri bağlı saxlayır. Ona görə də, müəyyən təzyiq altında olan Türkiyə tərəfi də bu məsələnin çox uzadılmasının lazım olmadığını Azərbaycanın diqqətinə çatdırır.
Fikrimcə, sülh müqaviləsinin imzalanması və onun Ermənistanda ratifikasiyası revanşist qüvvələrin də “əl-qolunu bağlayacaq”. Çünki Koçaryan və onun komandası kilsə və Moskvanın dəstəyi ilə Paşinyanı devirməyə müvəffəq olsa belə, paraflanmış sənəddən imtina etmək bir şeydir, lakin imzalanmış və ratifikasiya olunmuş sülh müqaviləsindən imtina tamamilə başqa məsələdir. Bu halda onlar “yenidən danışıqlara başlamaq lazımdır” deyə bilməyəcəklər. Bu mənada hakimiyyətə gələcək istənilən qüvvə həmin razılaşmanın şərtləri ilə bağlı olacaq. Çünki bu sənədi ABŞ da dəstəkləyib. Eləcə də Avropa, Rusiya və İran da Vaşinqtonda paraflanmış bu sənədi alqışlayıblar. Deməli, bu razılaşma həm revanşistlərin, həm də Paşinyanın imkanlarını müəyyən mənada məhdudlaşdıracaq və onun gələcəkdə müxtəlif “fokuslara” əl atmasına imkan verməyəcək. Paşinyan bir tərəfdən digər tərəfə keçməyə çox meylli siyasətçidir. Ona görə də Azərbaycan bu məsələdə ciddi şəkildə düşünməlidir”, – Musabəyov hesab edir.
Rauf Orucov