Logo
news content
User
Kateqoriyalar

Xəbər

SOS: 12 ildən sonra 4 milyard insan bu bəlaya tutulacaq...

Dünyada 1 milyarddan çox insan artıq çəkidən əziyyət çəkir. 2035-ci ildə bu rəqəmin 4 milyardı keçəcəyi təxmin edilir.

Pressklub.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarında bildirilir.

Piylənmədən əziyyət çəkən insanların 650 milyonu böyüklər, 340 milyonu gənclər, 39 milyonu isə uşaqlardır. Hər 7 kişi və 5 qadından biri piylənmə ilə mübarizə aparır.

2020-ci ilə nisbətən 2035-ci ilə qədər piylənmə xəstəliyinin 18 yaşa qədər oğlanlar arasında 100 faiz, qızlar arasında isə 125 faiz artacağı gözlənilir. ABŞ, Çin, Braziliya, Hindistan və Rusiyada piylənmə göstəriciləri dünyadakı bütün bu xəstəlikdən əziyyət çəkən şəxslərin üçdə birini təşkil edir. Ürək, böyrək, qaraciyər və reproduktiv orqanlara təsir edən artıq çəki şəkərli diabet, ürək-damar xəstəlikləri, hipertoniya, insult və müxtəlif xərçəng növlərinin yaranmasına səbəb olur.

Piylənmə qadınlarda daha çox rast gəlinir. Cənubi Sakit Okeandakı ada ölkəsi olan Tonqada qadınların 82,8 faizi piylənmədən əziyyət çəkir və bu dünyada ən yüksək statistik göstəricidir. Futuna 73,7, Kuk adaları 70,7 və Samoada statistik göstərici 68,6 faizdir. Eyni zamanda, qadınlarda ən çox piylənmə nisbətinə sahib ölkələr arasında 49,1 faiz Küveyt, 48,8 Misir və 47,4 faiz ilə Liviya önə çıxır. Avropada bu nisbətin yüksək olduğu əsas ölkələr kimi 34,1 faiz Rumıniya, 33,6 faiz Yunanıstan, 32,6 faiz Latviya və 32 faiz Portuqaliyadır. Cənubi Afrika (41 faiz) və Seyşel adaları (39 faiz) Afrika qitəsində piylənmənin yüksək olduğu ölkələrdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında ən yüksək piylənmə nisbəti isə 42,4 faiz ilə ABŞ-dir.