Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sorğu: 60 ölkədə 83 faiz qadınlara qərəzli yanaşır, bəs Azərbaycanda?



Respondentlərin 67 faizi ərin arvadını döyməsinə haqq qazandırıb və istənilən abortları pisləyib





Dünyanın 60 ölkəsində rəyi soruşulanların 83 faizi qadınlara qərəzli yanaşır.

Sorğunu BMT-nin İnkişaf Proqramı keçirib.

2017-2022-ci illəri əhatə edən sorğuya görə qadınlara orta hesabla qadınların 81, kişilərin 85 faizi qərəzli yanaşır.

Sorğuda qadınlara iqtisadi və təhsil sahələrində, habelə onların fiziki toxunulmazlığına münasibət öyrənilib.

Hesabat müəllifləri qeyd edirlər ki, son 10 ildə qadınlara münasibət faktiki olaraq dəyişməyib.

Azərbaycanda, Ermənistan və Gürcüstanda


Bir çox başqa ölkələrdən fərqli olaraq hesabatda Azərbaycan üçün 2010-2014-cü illərin nəticələri məlumdur.

Bu göstəricilərə görə Azərbaycanda qadınlara rəyi soruşulanların 98.70 faizi qərəzli münasibət nümayiş etdirib.

Qadınlara qərəzli münasibət siyasət sahəsində 83.84, təhsildə 30.34, iqtisadiyyatda 90.90 faizdir.

Sorğuya görə Azərbaycanda qadınların fiziki toxunulmazlığına qərəz 70. 06 faiz olub.

2017-2022-ci illərin göstəricilərinə görə Ermənistanda qadınlara qərəzli münasibət 91.94, Gürcüstanda isə 94.43 faizdir.

Qadının fiziki toxunulmazlığına qərəz göstəricisi Ermənistan üzrə 65.88, Gürcüstanda isə 76.32 faiz alınıb.

Qadınlara heç bir qərəzi olmayanlar Azərbaycanda 1.3 faiz, Ermənistanda 8 faiz, Gürcüstanda isə 5.57 faiz təşkil edib.

60 ölkə üzrə keçirilmiş sorğuda rəyi soruşulanların təxminən yarısı hesab edir ki, siyasi lider və ya biznes başçısı kimi kişilər qadınlardan üstündürlər.

Respondentlərin 67 faizi ərin arvadını döyməsinə haqq qazandırıb və istənilən abortları pisləyib.

Ən pis göstərici Taciksitanda qeydə alınıb


Rusiyada rəyi soruşulan hər 10 nəfərdən 9-u qadınlara qərəzli münasibət bəsləyir.

Respondentlərin 70 faizi siyasət və iqtisadiyyatda kişilərə üstünlük verib.

Lakin keçmiş sovet respublikaları ilə müqayisədə Rusiyada qadınların fiziki toxunulmazlığına qərəzli münasibət 57 faiz təşkil edib.

Qadınlara ən az qərəzi Yeni zelandiyalılar ifadə ediblər. Onların 72 faizinin ümumiyyətlə qadınlara qarşı heç bir qərəzi yoxdur.

Tacikistanda qadınlara qərəzli münasibət rəyi soruşulanların 99.9 faizi tərəfindən ifadə olunub. Belə göstərici yalnız Liviya və Nigeriyada qeydə alınıb.

Feminist hərəkatına və #MeToo aksiyasına rəğmən qadın hüquqları sahəsindəki tormozlanmanı bir sıra ekspertlər Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi və ABŞ-da Donald Trampın prezident seçilməsi ilə əlaqələndirirlər.

Hesabat müəllifləri bildiriblər ki, yeganə təsəlli gənc nəslin qadınlara daha ehtiramla yanaşmasıdır.