Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sonuncu yardım? - Bayden administrasiyası Ukraynaya daha 5,9 milyard kömək ayırdı

ABŞ dekabrın 30-da Ukraynaya 5.9 milyard dollarlıq yardım paketinin ayrılacağını açıqlayıb və rəsmi Kiyevə yardımın "ola bildiyincə tez" artırılacağını vəd edib.

Yardım paketinin 1.25 milyard dolları Ukrayna ordusunun hərbi ehtiyacları, 1.22 milyard dollarlıq bölümü isə Ukraynanın güvənliyinə yardım təşəbbüsü (USAI) üçün nəzərdə tutulub.

Bundan bir neçə saat sonra isə xəzinədarlıq Ukraynaya birbaşa büdcə dəstəyi olaraq 3.4 milyard dollar ayrılacağını elan edib.

"Administrasiyama mümkün qədər tez və daha böyük yardımın göstərilməsinə təlimat verdim", - prezident Baydenin Ağ evin bəyanatında əksini tapan sözləridir.

Təlimatın məqsədi ABŞ-nin silah anbarlarındakı köhnə hərbi avadanlığı Ukraynaya ayırmaq və tez bir zamanda döyüş bölgəsinə çatdırmaq, eləcə də həmin anbarları müasir silahlarla yeniləmək üçün ABŞ-nin hərbi sənaye bazasını canlandırmaqdır.

Dəstəyin sürəcəyi vəd edilsə də, çox güman, bu, Baydenin prezidentlik dönəmində ayrılan sonuncu yardım paketi olacaq. İddiaya görə, prezident seçilmiş Donald Tramp rəsmi Kiyevi Rusiya ilə sülh sazişi bağlamağa təhrik etməkdən ötrü Ukraynaya silah tədarükünü önəmli ölçüdə azaldacaq və ya dayandıracaq.

"Mənim göstərişimlə Birləşmiş Ştatlar prezidentliyimin qalan müddətində Ukraynanın bu savaşda mövqeyini möhkəmləndirmək üçün yorulmadan çalışmağa davam edəcək", - Bayden belə deyib.

Trampın təntənəli andiçmə mərasimi yanvarın 20-də baş tutmalıdır.