Yeni ildə hökumətin ilk “sürpriz”i
Tarif Şurası qiymətləri artırdı; əhali qaza, işığa, istiliyə görə nə qədər ödəyəcək?
02 Yanvar 2025
2025-ci ilin ikinci günü-bayram tətilində Tarif Şurası kommunal xidmətləri bahalaşdırıb. Bildirilib ki, qurumun iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.
Maraqlıdır, Tarif Şurası adıçəkilən qurumların sözügedən müraciətləri haqda ictimaiyyətə, eləcə də parlamentə məlumat verilməyib. Kommunal qurumlarında bu barədə hər hansı açıqlaması yoxdur. Bu gizlilik, yumşaq yazsaq, dövlət qurumlarının əhaliyə sayğısızlığıdır.
Suya və kanalizasiyaya da “texniki” şərt haqqı qoyuldu
Artımlara gəlincə, su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər müəyyən edilib. Tarif Şurası bildirir ki, Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
Yeni tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib.
Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrindən asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.
Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Tarif Şurası iddia edir ki, bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Qeyd edək ki, indiyə qədər “Azərsu” ASC-dən başqa digər kommunal qurumlarda əhalidən “texniki şərt” adlanan qoşulma haqqı alınıb. Müstəqil ekspertlər olduqca yüksək olan bu xidmət haqqını korrupsiyaya əsas yaradan vasitə hesab edir. İnkişaf etmiş ölkələrdə təchizatçı şirkətlər abonentin mənzilinə, obyektinə qədər xətləri çəkir və buna görə haqq alımır. Azərbaycanda isə Tarif Şurasının qərarından göründüyü kimi, bu gəlir mənbəyi “şaxələndirilir”.
İstiliyin qiyməti 2 dəfə bahalaşdırılır
Tarif Şurasının qərarı ilə əhaliyə göstərilən istilik təchizatı xidmətinin tariflərində də dəyişiklik edilib. Qərarda bildirilir ki, hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.
Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Beləliklə, istilik təchizatının tarifləri 2 dəfə bahalaşdırılır və Tarif Şurası bunu dövlətin subsidiyalarının azaldılması ehtiyacı ilə izah edir. Amma onu izah etmir ki, istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil etməsi necə müəyyən edilib. “Azərictiliktəchizat” ASC böyük məbləğdə zərələ işləyən qeyri-şəffaf qurumlardan biridir. İndiyə qədər digər dövlət qurumları ilə dəfələrlə borc qalmaqalları yaşayıb.
Böyük mənzillərdə və kənd evlərində qaz pulu kəskin artacaq
Təbii qaz tariflərindəki artımlara gəlincə, Tarif Şurası iddia edib ki, Azərbaycana təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu da iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.
Qeyd olunur ki, istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.
Əhali üzrə illik istehlak həcmi:
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
48% abonent üzrə – 32 qəpik,
39% abonent üzrə – 1 manat 43 qəpik,
13% abonent (daha çox istehlak edən) üzrə – 7 manat 46 qəpik.
Şura bildirir ki, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə – 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.
Qeyd edək ki, bu dəyişiklik xüsusilə böyük kvadratlı mənzillərin qaz təminatı xərclərində ciddi artıma səbəb olacaq. Təxmini hesablamalara görə, kəndlərdə qaza görə ödənişin 1 illik xərcində 42-65 manat arasında bahalaşma qaçılmazdır. Bu rəqəm elə şəhərlərdəki böyük mənzillər üçün də keçərlidir. Tarif Şurasının qeyd etdiyi rəqəmlər isə kiçik mənzillər üçün keçərlidir, yaxud rəqəmlər reallıqla uyğun gəlməyəcək dərəcədə kiçildilib.
Elektrik avtomobilləri sürənlərə “qara xəbər”
Tarif Şurası elektrik enerjisi tariflərinə də əl gəzidir.
Əhali üzrə aylıq istehlak həcmi:
200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.
Şura iddia edir ki, tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:
65% abonent üzrə – 45 qəpik,
20% abonent üzrə – 1 manat 33 qəpik,
15% abonent (daha çox istehlak edən) üzrə – 5 manat 61 qəpik.
İddia olunur ki, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə – 0,4 qəpik (5%) artırılır.
İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi – 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.
Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.
Bu sahədə tarif dəyişikliyindən yenə kvadratı böyük olan mənzillər və istehsal sahələri təsirlənəcək. Elektriklə işləyən maşınların enerjidoldurma xərclərində də 13.6 faizlik artım olacaq.
303 dərmandan cəmi 4-nün qiyməti azaldılıb
Qiymət Şurası yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddini də təsdiq edib. Eyni zamanda, 4 dərman vasitəsinin qiyməti aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb. Tarif Şurasının etiraf etdiyi kimi, qiymətlərinə “əl gəzdirilən” 303 dərman vasitəsindən cəmi 4-nün qiyməti aşağı salınıb. Deməli bu sahədə də qiymətlər istehlakçıların mənafeyinin ziddinə artırılıb.
Borc və korrupsiya bataqlığında üzən qurumlar
Qeyd edək ki, Tarif Şurasından qiymət artımı xahiş edən dövlət qurumlarının əksəriyyəti borc bataqlığında üzür, müstəqil ekspertlər onları korrupsiyalaşmış, qeyri-şəffaf təşkilatlar hesab edir.
Məsələn, Azərbaycanda elektrik enerjisinin istehsalı və topdan satışı ilə məşğul olan “Azərenerji" ASC-nin enerji satışından gəlirləri 2022-ci ildə 1 milyard 840 milyon 564 min manat ikən, 2023-cü ildə 1 milyard 685 milyon 264 min manat təşkil edib (155 milyon 300 min manat və ya 8,4% azalıb).
31 dekabr 2023-cü il tarixində “Azərenerji"də 1 milyard 994 milyon 391 min manat yığılmış zərər olub. 2022-ci ilin sonunda yığılmış zərər 2 milyard 164 milyon 739 min manat idi.
2023-cü ilin sonunda “Azərenerji"nin 1 milyard 266 milyon 16 min manat kredit borcu olub.
“Azərsu” ASC-yə gəlincə, bu qurum ötən ili 226.29 milyon manat xalis zərərlə tamamlamış olub. 2022-ci ildə 178.64 mln. manat zərər olduğunu nəzərə alsaq, zərər 2023-cü ildə daha 27 faiz artıb.
“Azərsu”nun son illər irihəcmli zərərlər etməsi onun kapital balansındakı yığılmış zərəri rekord həcmə – 8 mlrd. 85.68 mln. manata çatdırıb. 400 mln. manat nizamnamə kapitalına sahib olan bu dövlət qurumu üçün illərdir dövlət tərəfindən böyük dəstək var. Əlavə kapital ödənişi 7.1 mlrd. manat, dövlət investisiyası isə 1.22 mlrd. manatdır.
"Azəristiliktəchizat" ASC-də 2023-cü ili 9,794 milyon manat zərərlə başa vurub. ASC-nin maliyyə hesabatına bildirilib ki, bu, 2022-ci illə müqayisədə 18,15 % çoxdur.
Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 9 % artaraq 118,21 milyon manata çatıb.
Ekspert: “Proses başlandı, tənəzzül daha da dərinləşəcək”
İqtisadçı Əkrəm Həsənov Pressklub.az-a şərhində bildirib ki, kommunal tariflərin artırılması gözlənilən idi. “Mən də daxil, əksər ekspertlər bildirmişdi ki, yaşayış minimumu, minimum əməkhaqqı, müavinətlərlə yanaşı, Tarif Şurası xidmətlərin dəyərini yüksəldəcək. Bu qiymət artımları davamlı olacaq. Hamıya tövsiyə edirəm ki, qənaətcil olmaq lazımdır. Bu ildən başlayaraq, vəziyyət pisləşməyə doğru gedəcək. İqtisadi tənəzzül dərinləşəcək. Çünki iqtisadiyyatımızda çox ciddi problemlər var”, - iqtisadçı vurğulayıb.
Sonda bir məqamı da vurğulamaq yerinə düşər. Azərbaycanda minimum əməkhaqqı yanvarın 1-dən 345 manatdan 400 manata çatdırılacaq. Əmək pensiyaların indeksləşdirilməsi isə fevraldan həyata keçiriləcək. Müavinətlərin, sosial ödənişlərin artırılması ilə bağlı isə Nazirlər Kabineti 3 ay ərzində təkliflər hazırlayıb prezidentə təqdim etməlidir. Kommunal tariflərin artırılması qərarı isə bu gündən qüvvəyə minir...
Turqut