Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sellofan torbalar pulla satılır, həsirçilərin işi artıb...

Azərbaycanın cənub rayonlarının kəndlərində el sənətinə aid peşələrlə məşğul olanlar çoxdur. Bu sənətkarlardan biri də Astara rayonunun Kakalos kənd sakini Rüfət Rzayevdir. O, həsirçiliklə məşğul olur. Deyir ki, el sənətinə qayıdışı iqtisadi vəziyyətlə bağlıdır: "Mən özüm mədəniyyət işçisi olmuşam. Hazırda pensiyadayam. Pensiya alıb, günümü mənasız yerə keçirtmək istəmirəm. Vaxtilə məşğul olduğum peşəni davam etdirirəm...".

"Həsirə indi ehtiyac çoxalıb"


O, yaşadığı evin həyətində həsir toxuyur. Özünün dediyinə görə, ötən ildən qalan xammalı da var: "Həsirə indi ehtiyac çoxalıb. Həsiri, əsasən, kasıblar alır. Rütubət olan yerdə sağlamlığı qoruyur. Bundan başqa, zənbil, papaq, tərəzi, qadın çantası toxuyuram".

Köməkçi tikilidə topladığı xammalı göstərir: "Materialı əvvəllər əldə etmək çətin idi. İndi əkilməmiş sahələr çoxdur. Qamış və digər lazimı liflər bataqlıqda bitir. Əlcək taxıram, çəkmə geyinirəm, sahəyə gedib biçirəm. Yol yaxşıdırsa, traktorla gətirirəm. Yol yaxşı deyilsə, kürəyimə atıb gətirirəm".

Rzayev zənbili qabarlı əlinə alıb naxışları göstərir: "Zənbilin hazırlanmasında mənimlə yanaşı, beş-altı nəfər işləyir. Biri dəstəyini, digəri naxışlarını, başqaları isə qalan işləri görürlər. Həsir də toxuyuram. İlk növbədə həsir üçün ip hazırlanır. Dörd metrlik həsirə 130 metr ip lazım olur. Zənbilin bir ədədi həcmindən asılı olaraq 15-20 manata, həsir isə 20-25 manata satılır".

"İndi düyünü iri zənbillərdə saxlayırlar"


Azərbaycanda bu ildən (fevralın 15-dən) ekoloji amillər səbəb göstərilərək sellofan torbalar pulla satılır. Həsirçinin sözlərinə görə, bəzi adamlar indi tez-tez xərcə düşməsinlər deyə, bazarlığa gedəndə daha çox zənbilə üstünlük verirlər: "İndi düyünü iri zənbillərdə saxlayırlar. Ekoloji cəhətdən təmizdir, ərzağı uzun müddət keyfiyyətli saxlayır. Qonşu kəndin ərazisindən Pensərçay axır. Çayın ətrafı atılmış sellofan torbalarla doludur. Kəndimizdə yüzə yaxın təsərrüfat var. Hər təsərrüfat gündə iki-üç sellofan torbadan istifadə edib tullasa, görün nə qədər edir? Amma zənbil elə deyil - yaxşı istifadə etsən, 10-15 il gedər. Elə adamlar var ki, indi də sovet dövründə toxunmuş zənbildən istifadə edir. Cavan adamlar zənbil götürmək istəmirlər".

"Bu sənəti peşə məktəblərində öyrətmirlər"


Həsirçinin deməsinə görə, xarici qonaqları da olur, sərgilərdə də iştirak edib: "Sərgilərdə 10-na yaxın çeşiddə məhsullar nümayiş etdirirəm. Ölkəmizin 14 rayonunda yaradılmış sərgidə olmuşam. Sərgilərə nə aparıramsa, satılır. Ölkəmizin elə bölgəsi var ki, bu sənətdən xəbərləri yoxdur. Bu sənəti peşə məktəblərində öyrətmirlər. Nəsildən nəslə keçir".

Söhbətinə fasilə verir. İncimiş kimi uzaqdan görünən kənd mədəniyyət evini göstərir: "Ömrümün çoxu orada keçib. Orada müdir də olmuşam. Yeni nazir gəldi, dedilər ki, sən lazım deyilsən. Allah çörəyi insanların hərəsinə bir yolla verir. Mənim də çörəyim həsirdən, zənbildən çıxır".

Rüfət Rzayevin yaşı 70-dən çoxdur. Deyir ki, "iş başında olanda yaşım da yadımdan çıxır".

Onun açıqlamaları ilə bağlı Mədəniyyət Nazirliyi ilə danışmaq mümkün olmayıb.