Logo
news content
User
Kateqoriyalar

Xəbər

Seçkiyə gedən Türkiyə: Müxalifət seçkini qazanarsa, Azərbaycanla bağlı siyasət necə olacaq?


Türkiyədə may ayında keçiriləcəyi gözlənilən prezident seçkisində əsas rəqabətin hazırkı prezident Recep Tayyip Erdoğanla ölkənin 6 müxalifət partiyasını birləşdirən “Altılı Masa”nın namizədi arasında gedəcəyi proqnozlaşdırılır.





Erdoğanın prezidentliyi dövründə Ankaranın, xüsusi ilə İkinci Qarabağ müharibəsində Azərbaycana açıq siyasi dəstək verməsi Türkiyənin Azərbaycan üçün siyasi-mənəvi əhəmiyyətini daha da artırdı.





Bununla belə, 2008-2010-ci illərdə Ankara ilə Bakı arasında gərginliyə səbəb olmuş Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması layihəsinin “ideya ataları” sayılan Ahmet Davutoğlu ilə Ali Babacanın “6-lı masa”da təmsil olunmaları fonunda, bu siyasi birliyin namizədi seçkidə qələbə qazanarsa, Türkiyə-Azərbaycan əlaqələrini hansı perspektiv gözləyir?





BBC News Azərbaycanca “Altılı masa”da təmsil olunan partiyaların xarici siyasət üzrə nümayəndələri ilə görüşərək onlardan seçkini qazanacaqları təqdirdə Azərbaycanla bağlı hansı siyasəti yürüdəcəklərini soruşub.




Davutoğlu və Babacanlı AKP-nin Ermənistan siyasəti




Son 20 ildə rəsmi Ankaranın Azərbaycanla bağlı siyasəti hər nə qədər “dostluq və qardaşlıq” prinsiplərinə istinad etsə də, müxtəlif vaxtlarda bu əlaqələrdə ziqzaqlar da özünü göstərib.





2008-ci ildə rəsmi Bakının əleyhinə çıxmasına rəğmən, Türkiyə hökuməti Ermənistanla “normallaşma prosesi”nin başlanması ilə bağlı bir sıra diplomatik cəhdlər etdi.





Həmin ilin aprelində xarici işlər naziri Ali Babacan Ermənistan xarici işlər naziri Edvard Nalbandyana məktub göndərərək Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmaq üçün “dialoqa hazır olduğunu” bəyan etdi.





Ali Babacanın xarici işlər naziri olduğu müddətdə pezident Abdullah Gül Türkiyə və Ermənistan milli komandalarının oyununu izləməkdən ötrü, cənab Babacanın özü isə 2009-cu ilin aprelində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı üçün Yerevana səfər etdilər.





2003-cü ildən başlayaraq, Abdullah Gülün baş nazir və prezidentliyi dövründə onun xarici siyasət üzrə baş məsləhətçisi olan Ahmet Davutoğlu 2009-cu ilin aprelində xarici işlər naziri kürsüsünə keçdikdən sonra da Ermənistanla münasibətlərin normallaşdırılması siyasətini önə çəkərək Yerevanla dialoqu davam etdirdi.





Ahmet Davutoğlu Ankara ilə Yerevan arasında diplomatik əlaqələrin qurulmasını hədəfləyən tarixi “Sürix Protokolu”nu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birlikdə imzalamış, prezident Serj Sarkisyan iki ölkənin futbol üzrə milli komandalarının oyununu izləmək üçün Türkiyəyə səfər etmişdi.





Türkiyə müxalifətindən və Azərbaycandan edilən təzyiqlərdən sonra bu sənədlər parlament ratifikasiyasına çıxarılmadan "rəfə qaldırılmışdı".





Beş il sonra Ahmet Davutoğlu yenidən erməni-türk əlaqələrinin bərpası üçün təşəbbüs göstərdi: 2013-cü ilin dekabrında Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının Yerevanda keçirilmiş toplantısında şəxsən iştirak etdi.









Ali Babacan ve Ahmet Davutoğlu








İYİ-nin siyasəti “AKP iqtidarınınkından fərqli deyil”




Millətçilik ideologiyasına əsaslanan İYİ Partiyasında hesab edirlər ki, təşkilatın Azərbaycanla bağlı siyasəti “AKP iqtidarınınkından fərqli deyil”.





“Azərbaycan siyasəti bir dövlət siyasətidir, iqtidardan iqtidara çox dəyişməz. Klassik cümlələrlə ifadə etmiş olsaq, “bir millət iki dövlət” və Azərbaycanın torpaq bütünlüyünün qorunmasının vacibliyi prinsipi bizim üçün də əsasdır”, - partiyanın beynəlxalq məsələlər üzrə müavini, millət vəkili Ahmet Kamil Erozan BBC News Azərbaycancaya müsahibəsində deyib.





Bununla belə, cənab Erozan hesab edir ki, “Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı” ilə Rusiya ordusunun bölgəyə nəzarət etməsinə Türkiyə iqtidarı “razılıq verməməli” idi.





Ahmet Kamil Erozan həm də 1997-1998-ci illərdə ATƏT-in Minsk Qrupunda Türkiyənin rəsmi təmsilçisi olub.





“İqtidar ruslara “yox” deyə bilmədiyi üçün ruslar oradadırlar. Nə zaman çıxacaqlar? Bu çoxmu lazım idi? Mən buna Türkiyənin razılıq verməməli olduğunu düşünürəm. İqtidar bununla müəyyən mənada Azərbaycanda Rusiyanın varlığına “hə” dedi”, - Ahmet Kami Erozan BBC-yə deyib.





“Liderdən liderə siyasətlər dəyişərsə...”




Azərbaycandan “Türkiyə üçün çox-çox önəmli, çox strateji və qardaş ölkə” kimi bəhs edən mühafizəkar Gələcək Partiyasından Ümit Yardıma görə, “ölkələr arasındakı əlaqələrdə bir nömrəli prioritet qurumlar arasında əlaqələr sisteminin qurulmasıdır”.





O, prezidentlər Recep Tayyip Erdoğan və İlham Əliyevin şəxsi dostluqlarını xatırladaraq, dövlətlər arasındakı münasibətlərin şəxslərə bağlı olmasını “əlaqələrin gələcəyi üçün təhlükə” yarada biləcəyini deyir.





“Bir lider gedər, başqa bir lider gələr. Bu ikinci dərəcəli məsələdir. Ən önəmli olan qurumlar arasındakı əlaqələrdir. Bu əlaqələr yaxşı səviyyədə qurulmadığı zaman liderdən liderə siyasətlər dəyişərsə, bu, böyük bir təhlükədir. Məsələn, Avropa İttifaqı dövlətləri içində hökumətlər gəlib-gedir, prezidentlər, baş nazirlər dəyişir, amma ümumi prinsiplər olaraq eyni əlaqələr davam edir. Liderlər yox, dövlətin qurumları arasında əlaqələr önəmlidir. Şəxsi əlaqələr, ancaq bunu (dövlət qurumları arasında sıx əlaqələri) dəstəklərsə, ona yardım edərsə, bir anlam daşıyar”, - Gələcək Partiyasının təmsilçisi Ümit Yardım BBC News Azərbaycancaya deyib.





O, 2010-2016-cı illərdə Türkiyənin İran və Rusiyada səfiri olub.





Ümit Yardım hesab edir ki, İkinci Qarabağ müharibəsi prosesində rəsmi Ankara önəmli yerdə olsa da, imzalanan anlaşma zamanı və sonrakı proseslərdə diplomatik masada olmaması, “Türkiyənin yeri və gücü baxımından qəbul edilməz vəziyyətdir”.





“Əgər Azərbaycanla Ermənistan arasında problemlər varsa – təbii ki, var - deməli, Qarabağ problemi hələ də çözülməyib. Bu problemin həllində mütləq Türkiyə də olmalıdır. Ermənistana Moskva, ya da Brüssel, Türkiyədən dahamı yaxındır” - Gələcək Partiyasının təmsilçisi ritorik sual verib.





“Eyni siyasət izləniləcək”




Ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasında (CHP) da Türkiyə hakimiyyətinin Azərbaycan siyasətinini yüksək qiymətləndirirlər.





“AKP iqtidarındakı xarici siyasət xəttində bir çox yanlışlıqlar olduğunu düşünürük, amma bunun Azərbaycanla bağlı olan bölümündə hər hansı bir yanlış addım görmürük”, - partiyanın parlament təmsilçisi Ahmet Ünal Çeviköz BBC News Azərbaycancaya deyib.





Cənab Çeviköz deyir ki, Türkiyə-Azərbaycan arasındakı əlaqələrlə bağlı “bu partiyanın mövqeyi-başqa partiyanın mövqeyi” müqayisəsi aparmaq mümkün deyil.





“Bu günkü iqtidar hansı siyasəti izləyirsə, iqtidar dəyişdiyində də eyni siyasət izləniləcək”,- cənab Çeviköz əlavə edib.





Ahmet Ünal Çeviköz Türkiyə Xarici İşlər Nazirliyində çalışarkən Ermənistanla normallaşma prosesini ehtiva edən “Sürix Protokolu”nun (2009-cu il) üzərində işləyənlərdən biri olub.





Partiya maraqlarından üstündə olan Azərbaycan anlayışı...








Erdoğan və Əliyev








“Partiyamızın Azərbaycan siyasəti ilə bağlı hakimiyyətlə heç bir fikir ayrılığı yoxdur. Türkiyədə Azərbaycanla əlaqələr, partiyaların maraqlarından üstündə olan bir anlayışla yürüdülür”, - Səadət Partiyası (SP) sədrinin beynəlxalq əlaqələr üzrə müavini Mustafa Kaya BBC News Azərbaycancaya müsahibəsində deyib.





Səadət Partiyası islamçılıq və dini millətçilik ideologiyasını dəstəkləyir.





Mustafa Kaya deyir ki, Azərbaycan mövzusu Səadət Partiyası üçün “milli mövqe” hesab edilir və “hər hansı siyasi dəyişikliyə, siyasi seçimə görə formalaşmır”.





“Qarabağ məsələsində, xüsusi ilə Rusiyanın bufer zonada öz hərbi qüvvələrini yerləşdirməsi, bu bölgəyə Türkiyənin qarışa bilməməsi və ən azı masada özünü tam hiss etdirə bilməməsi bizim tənqid etdiyimiz nöqtədir. Rus ordusunun mövcudluğu ilə Azərbaycanın qazanclarının hər an bir problem yaşayacağına dair narahatlığımız var”, - deyə Mustafa Kaya İkinci Qarabağ müharibəsindən sonrakı proseslərdə rəsmi Ankaranın mövqelərinin zəiflədiyini düşünür.





Səadət Partiyası bölgənin reallıqları baxımından, Rusiya ilə əlaqələrin vacibliyi siyasətini qəbul edir. Bununla belə, partiyada hesab edirlər ki, bufer zonada yalnız rus ordusunun yerləşdirilməsi və bölgənin Rusiyanın arbitrajlığına verilməsi zamanı “Tükiyə daha effektiv ola bilərdi”.





“Azərbaycanla Rusiya arasındakı əlaqələr, təbii ki, bölgənin reallıqlarına baxdığımızda lazımdır. Eyni ilə, Türkiyənin Rusiya ilə əlaqələrini davam etdirdiyi kimi. Amma Ermənistanın hər dəfə çətinliyə düşəndə ABŞ-ın, Fransanın, Rusiyanın birbaşa müdaxiləsi üçün müraciət etməsi fonunda Türkiyə diplomatik masada bir az daha aktiv olmalıdır”, - Mustafa Kaya deyir.





Səadət Partiyasında, həm də hesab edirlər ki, Qarabağın yenidən qurulması prosesində Türkiyənin iştirakı “şəffaf idarə edilmir”.





Cənab Kayanın sözlərinə görə, Türkiyədə fəaliyyəti mübahisəli olan bəzi şirkətlər “sanki bir təlimatla Qarabağa aparılır”.





“Bu gün bir iqtidar var, sabah başqası ola bilər. Türkiyə ilə Azərbaycan dostluğu isə şəxsi yanaşmalar, şəxsi birliklərdən asılı olmayacaq qədər güclüdür. Qarabağın yenidən qurulmasında türk firmaları üçün belə bir yönləndirilməni doğru saymırıq”, - o, əlavə edib.





“Rusiyanı inkar etmək olmaz”




Hərçənd Hakim Ədalət və İnkişaf Partiyasında (AKP) Azərbaycanda Qarabağın yenidən qurulması və bərpasında iştirak edən şirkətlərlə bağlı iddiaları əsassız sayırlar.





AKP-çi millət vəkili, Türkiyə parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyir ki, bu şirkətlər beynəlxalq layihələrdə uğur qazanıblar və Azərbaycan da onların hesabatlarını dəyərləndirib və müvafiq qərarı verib.





BBC News Azərbaycancaya müsahibəsində AKP təmsilçisi bildirib ki, o firmalardan hansısa birinin fəaliyyətində “yanlış nəsə olarsa, Azərbaycan tərəfi “nə lazımdırsa edər”.





Şamil Ayrım İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin regionda fəallığının zəifləməsi iddialarını da qəbul etməyərək arasında Türkiyənin də olduğu “3+3” platformasını xatırladıb.





“3+3 Əməkdaşlıq Platforması”nın yaradılması təşəbbüsü 2020-ci ilin dekabrında, 44 günlük Qarabağ müharibəsi başa çatdıqdan sonra Türkiyə və Azərbaycan liderlərinin birgə təşəbbüsü kimi irəli sürülüb.





“Türkiyə və Azərbaycanın təklifi ilə 3+3 Əməkdaşlıq Platformasının yaradılması bizim diplomatik masada olmamız deyilmi?! Bölgənin reallıqlarını dəyərləndirmək lazımdır. Rusiyanı inkar etmək olmaz. Türkiyə Azərbaycanın təhlükəsizliyinə zəmanət olsa da, Rusiya da bölgədə əsas güc faktorudur”, - AKP təmsilçisi deyib.





“Altılı masa” xarici siyasət xəttini namizədin elanından sonra açıqlayacaq”




2022-ci ilin fevralında 6 müxalifət partiyası “gücləndirilmiş parlament sistemi üçün konstitusiya dəyişikliyi”nə nail olmağı hədəfləyən siyasi platforma yaratdıqlarını elan ediblər.





"Altılı Masa" xarici siyasət prioritetlərinə dair proqramı hələ açıqlanmayıb. Ehtimal olunur ki, “Altılı Masa”nın xarici siyasət xəttinin ümumi prinsipləri prezidentliyə namizədin adının açıqlanacağı mərasimdə elan ediləcək.





Hələlik, namizədin kim olduğu bəlli deyil.





Gözlənilir ki, “Altılı masa”ya daxil olan Cümhuriyet Xalq (CHP), İYİ, Səadət, (SP), DEVA, Gələcək (GP) və Demokrat partiyalarının liderləri Kemal Kılıçdaroğlu, Meral Akşener, Temel Karamollaoğlu, Ali Babacan, Ahmet Davutoğlu və Gültekin Uysal-ın birgə məsləhətləşmələrindən sonra namizədin kimliyi fevral ayında açıqlansın.