Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sahibsiz itlər problemi necə həll edilməlidir? - Öldürülməklə, yoxsa...

Abşeron rayonunda, Masazır qəsəbəsində, Qurtuluş-93 yaşayış kompleksində sahibsiz itlər həyətdə oynayan 3 və 5 yaşlı uşaqlara hücum edib. Uşaqlar xəstəxanaya aparılıb, birinin vəziyyəti ağırdır, xəbəri mayın 19-da KİV-lər yayıb. Bu hadisədən sonra mətbuatda yenidən sahibsiz itləri güllələmək tələbi ilə məqalələr yayılıb. Əhalinin digər hissəsi heyvanların öldürülməsinin qəti əleyhinədir. Cəmiyyətdə hesab edirlər ki, sahibsiz heyvanlar gecə saatlarında Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən güllələnir, amma adı çəkilən təşkilatın rəhbərliyi bunu inkar edir.

Toplan Mərkəzi 2019-cu ildə Heydər Əliyev Fondu və Bakı şəhər İH tərəfindən Balaxanı qəsəbəsində yaradılıb.

Abşeron Rayon İcra Hakimiyyətindən sahibsiz heyvanların yaratdığı təhlükəni təsdiq ediblər və yeni sahibsiz heyvanlara qayğı mərkəzinin tikintisi planının təsdiq edildiyini bildiriblər. Maliyyə vəsaiti ayrılıb, layihə hazırlanıb və tikinti yeri müəyyən edilib. Rayon İH-də valideynlərin uşaqları nəzarətsiz buraxmamalarını vacib hesab edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Good World Animal Rescue and Protection - GWARP prezidenti Fərid Mənsurov Turan-ın sualına cavabda bildirib ki, onun hadisə yerində apardığı araşdırma uşaqların sahibsiz itlərə qarşı zorakılığını üzə çıxarıb. Heyvanların hücumu uşaqlar tərəfindən döyülmələrinin nəticəsi olub.

"Sahibsiz heyvanlar məsələsi dövlət orqanlarını maraqlandırmır. Qəyyumluq orqanları ilə bağlı vəziyyət daha da acınacaqlıdır, çünki çox sayda azyaşlı uşağın nəzarətsiz küçələrdə qalması faktını başqa cür izah etmək mümkün deyil. Böyüklər azyaşlı uşaqları nəzarətsiz qoysa bədbəxt hadisələr qaçılmaz olur və bunda ilk növbədə məsuliyyətsiz valideynlər və öz öhdəliklərini və səlahiyyətlərini yerinə yetirməyən qəyyumluq orqanları günahkardır. Sahibsiz itlər məsələsində sivil dünyanı izləmək lazımdır, bu ölkələrdə sahibsiz itlərin sayına onların sterilləşdirilməsi və vaksinasiyası kimi humanist proqramlarla nəzarət olunur", deyə F.Mənsurov bildirib.