Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saatlıda su problemi ilə bağlı etiraz aksiyası olub, saxlanılanlar var

Saatlı rayon Nabatkənd və Orta Muğan kənd sakinlərinin Bakıdan gələn magistral avtomobil yolunu bağlamağa cəhd etdiyi bildirilir. Sakinlər su problemlərinin olmasına etiraz edirlər.

Yerli sakinlər Turan-a bildiriblər ki, artıq uzun müddətir əkin üçün su verilmədiyinə görə bütün əkinləri yanıb.

"Heç içməyə belə su yoxdur, kanallar boşdur. Dəfələrlə şikayət, xahiş etmişik. Xeyri yoxdur", deyə etirazçılardan biri qeyd edib.

Sakinlərin sözlərinə görə, dövlət orqanları kəndlərə su verilməsi üçün heç bir tədbir görmür.

"Yaxıd da dövlət tərəfindən su maşınları ayrılmır. Suyu camaata pulla satırlar. 15 tonluq suyu 10-20 manata gətirirlər. Bu da bizi hardasa 10 gün görür. 10 gündən bir biz bu boyda pulu verməyə məcbur qalırıq", deyə digər etirazçı bildirib.

Onlar qeyd ediblər ki, aksiya iştirakçılarına polis tərəfindən fiziki güc tədbiq edilib, gözyaşardıcı qazdan və rezin güllələrdən atəş açılıb.

"Xəsarət alanlar və xəstəxanaya düşənlər var. Xəsarət alanların arasında 15 yaşlı uşaq da var".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Turan-a bildirilib ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral avtomobil yolunu bağlamağa cəhd ediblər.

"Əraziyə gələn rayon polis şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıb. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsa da, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlmiş qanunsuz hərəkətlərini davam etdirib. Onlar saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Hazırda araşdırmalar aparılır".

Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına atəş açılması ilə bağlı xəbəri qəti təkzib edib.