
Saakaşvili daha 9 il müddətinə azadlıqdan məhrum edilib
13 Mart 2025
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili "gödəkcələr işi" üzrə 9 il azadlıqdan məhrum edilib. O, külli miqdarda büdcə vəsaitlərini israf etməkdə təqsirli bilinib.
Qərarı Tbilisi şəhər Məhkəməsinin hakimi Badri Koçlamazaşvili elan edib.
Məhkəmə Xüsusi Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib və 300 min lari (108 min 125 ABŞ dolları) məbləğində cərimələyib.
Saakaşvili və Canaşiya əvvəllər dəfələrlə ittihamları rədd edərək məhkəmənin siyasi xarakter daşıdığını bildiriblər.
İttihama görə, Saakaşvili prezidentliyi dövründə büdcə vəsaitlərindən geyim, o cümlədən gödəkcə almaq, oğlunun təhsilini ödəmək, həmçinin kosmetik prosedurlar üçün istifadə edib.
Saakaşvili hazırda 6 illik həbs cəzası çəkir. Daha əvvəl onun barəsində digər iki iş - Sandro Qirqvlianinin qatillərinin əfv edilməsi və deputat Valeri Qelaşvilinin döyülməsi üzrə hökmlər çıxarılmışdı.
Yeni həbs müddəti M.Saakaşvilinin həbs olunduğu andan - 2021-ci il oktyabrın 1-dən hesablanacaq. Beləliklə, yeni hökmə əsasən, o, yalnız 2030-cu il oktyabrın 1-də azadlığa çıxacaq. Eyni zamanda, onun barəsində "7 noyabr 2007-ci il hadisələri" və sərhədi qanunsuz keçmə ilə bağlı məhkəmə prosesləri davam etdirilir.
2007-ci il noyabrın 7-də Tbilisidə polis müxalifət nümayişçilərinə qarşı gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib. Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, mitinqin dağıdılması zamanı 500-dən çox insan xəsarət alıb.
M.Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə Gürcüstana qayıtdıqdan sonra həbs edilib. Hazırda "Vivamedi" klinikasında saxlanılır.