Rusiyaya casusluq ittihamı ilə ömürlük həbs cəzası alan Oldriç Eyms ABŞ həbsxanasında ölüb
08 Yanvar 2026
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əks-kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Oldriç Eyms ABŞ-nin Merilend ştatındakı həbsxanada vəfat edib. O, 1990-cı illərdə SSRİ və Rusiyanın xeyrinə casusluğa görə ömürlük həbs cəzasına məhkum edilmişdi.
84 yaşlı Eymsin ölümü haqda Amerika mediası ABŞ Federal Həbsxanalar Bürosuna istinadla xəbər yayıb. O, yanvarın 5-də dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.
"The Washington Post" və CBS qeyd edir ki, Eymsin fəaliyyəti CIA-in 100-dən çox əməliyyatına təsir göstərib, CIA-in əməkdaşlığa cəlb etdiyi azı 10 sovet xüsusi xidmət əməkdaşının SSRİ-də dövlətə xəyanət ittihamı ilə güllələnməsinə səbəb olub.
O.Eymsin fəaliyyəti Amerika xüsusi xidmətinin tarixində ən ciddi zərbələrdən biri sayılıb. O, məhkəmədə etiraf edib ki, ona bəlli bütün CIA agentlərinin, digər Amerika və xarici xidmət əməkdaşlarının adlarını sovet DTK-sına ötürüb.
DTK ilə 1985-ci ildə əməkdaşlığa başlayıb, bir çox digər ikili agentlərdən fərqli olaraq bunu ideoloji deyil, maddi maraqlarla edib. 1994-cü ilin fevralında onun ifşa olunmasına və saxlanılmasına elə böyük xərcləri səbəb olub. Həmin il əfv hüququ olmadan ömürlük həbsə məhkum edilib.
"Eyms işi" CIA direktoru Ceyms Vulsinin istefasına, ABŞ-Rusiya münasibətlərində gərginliyin müvəqqəti artmasına səbəb olub. "Sual yarandı: Rusiya bizə qarşı casusluq fəaliyyəti aparırsa, ona yardımı ləğv etməli və ya dayandırmalı deyilikmi?", – ovaxtkı ABŞ prezidenti Bill Klinton xatırlayırdı. Onun sözlərinə görə, o zaman o buna qarşı çıxıb. Rusiya prezidenti Boris Yeltsin isə Eymsin fəaliyyətindən xəbəri olmadığını bildirib.