Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya şirkəti ölüm dronlarının hissələrini Qərbdən necə alır

Rusiyada Lanset kamikadze dronlarının istehsalçısı Qərb şirkətlərindən komplektləşdirici hissələri idxal etməkdə davam edir.

Bu barədə məlumatı Rusiyanın “Vajnıye istorii” təhqiqat saytı verib.

Rusiya Lanset dronlarından Ukraynadakı müharibədə geniş istifadə edir.

Lanset dronlarını Zala Aero Group istehsal edir. Qrupun əsas hüquqi şəxsi CST MMC-dir.

Bu şirkətin nəzarət səhm payının – 50.85 faizlə sahibi Aleksandr Zaxarovdur, səhmlərin qalan hissəsi “Kalaşnikov” konserninə aiddir.

Bu biznesdə habelə Zaxarovun oğlu və qızı Nikita və Mariya da iştirak edirlər. Onlar CST-nin ən böyük təchizatçılarıdır.

Nikita Zaxarov Aeroskan, Mariya Zaxarova isə Orion şirkətlərinin sahibləridir.

Təhqiqatçı jurnalistlərin məlumatına görə Rusiya Ukraynaya soxulandan bəri Aeroskanın qazancı on dəfələrlə artıb və 2022-ci ildə 3.8 milyard rubl (45 milyon dollar) təşkil edib.

Orionun gəlirləri isə həmin müddətdə iki dəfə artaraq 400 milyon rubl (5 milyon dollar) olub.

Sanksiya siyahısına düşməyib


Şirkətin saytında verilmiş məlumata görə dronları itkin düşənlərin axtarışı, yanğınların söndürülməsi, neft kəmərlərinin monitorinqi və sair məqsədlərlə alırlar.

Amma jurnalistlər aşkar ediblər ki, hazırda bu dronların əsas alıcısı hərbçilərdir.

CST 2022-2023-cü illərdə hərbçilərə 5.3 milyard rublluq (63 milyon dollar) dron satıb.

Aleksandr Zaxarov Qərbin sanksiya siyahılarına düşməyib, CST-yə isə yalnız Ukrayna, Avstraliya və Britaniya sanksiya qoyublar.

Təhqiqat hesabatında deyilir ki, şirkət tamamlayıcı komponentləri təchizatçıların şəbəkəsi vasitəsilə alır.

CST şirkətinin pul dəyəri ilə Aeroskan və Oriondan başqa əsas təchizatçılarının ilk üçlüyünə Novosibirsk OMP də daxildir. Bu şirkət 2022-2023-cü illərdə CST-yə 1.4 milyard rublluq mal verib və Rusiyaya 1.3 milyard rublluq mal gətirib.

Bu şirkət Aeroskan və CTS ilə bağlılığı olan Maksim Kotelnikova məxsusdur.

Sanksiyalardan yan keçdiyini açıq deyir


Gömrük məlumatları bazasından bəlli olur ki, OMP Çinlə fəal ticarətdədir və oradan elektrik mühərrikləri, alüminium məmulatları, vint, bolt və başqa mallar alır.

Xartis DV adlı şirkət 2022-2023-cü illərdə CST və OMP-yə 50 milyon rublluqdan çox mal satıb.

Şirkətin saytında deyilir ki, onun “radioelektron komponentləri bazarına çıxışını sanksiya təzyiqlərinin artması şərtləndirib”.

Bu da qeyd olunur ki, “sanksiyalar probleminə üstün gəlmək məqsədilə firma ən mürəkkəb sifarişlərin icra olunması üçün Avropa, Şimali Amerika və Asiyadakı mövcud əlaqələrindən istifadə edir”.

"Ay Di Solutions” adlı firma isə CST-yə 60.4 milyon, CST-nin başqa təchizatçısı olan Fotopark şirkətinə isə 95 milyon rublluq mal satıb.

Şirkətin sahibi İqor İevlevdir. O hazırda Dubaydadır və ofislərin proqram təminatının idarə edilməsi proqramlarını işləyən Scyscraper şirkətinin həmsahibidir.

İran dronunda Çin hissələri


Təhqiqatçılar əlaqə məlumatları bazasında həm də Daşkənddəki bir ünvanı və Mvizion şirkətini aşkar ediblər.

Gömrük məlumatlarına görə Ukrayna müharibəsi başlanandan sonra bu Özbəkistan şirkəti Rusiyanın “Ay Di Solutions” şirkətinə 150 milyon rublluq mal satıb. Bu malların arasında ABŞ-ın Hitech Global və Nvidia şirkətlərinin də məhsulları var.

Pavel Sneqov və Sergey Orlova məxsus Spel şirkəti isə CST və OMP-yə 100 milyon rublluq mal satıb.

Şirkətin onlarla Avropa və Asiya şirkətləri ilə təchizat bağları var.

Spel habelə müdafiə sənayesi şirkətləri olan Radioavionika, Testpribor və “Taktiki Raket Silahı” firmalarına mal satır.

The Wall Street Journal qəzeti yazırdı ki, ötən yazda Britaniyanın silah təchizatı zəncirlərini izləyən Conflict Armament Research qrupunun təhqiqatçıları Ukraynada vurulmuş İran dronunda 2023-cü ildə istehsal olunmuş Çin detalını aşkar etmişdilər.

Bu hadisə İranın Rusiyaya Ukrayna ilə müharibədə necə çevik yardım edə bildiyini göstərir.

Belə çıxır ki, İrana dronları istehsal edib Rusiyaya göndərməsi üçün üç ay vaxt lazım gəlib.