Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rəsmi Kiyev “Navalnı” filminə mükafat verilməsindən narazı qalıb

“Rusiyanın daxili siyasətinin aşıb-daşdığı sənədli filmə mükafat verilməsini necə başa düşmək olar?”

Bu sözləri Volodimir Zelenskinin Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” hesabında yazıb.

O, rusiyalı siyasətçi Aleksey Navalnı haqqında çəkilən sənədli filmə “Oskar” mükafatının verilməsinə münasibət bildirib.

“Əgər “Oskar” siyasətdən kənardırsa, o zaman Rusiyanın daxili siyasətinin aşıb-daşdığı “Navalnı” sənədli filmini necə başa düşmək olar? Əgər “Oskar” Ukraynadakı müharibə və ukraynalıların kütləvi soyqırımı kontekstindən kənardadırsa, niyə davamlı olaraq humanizmdən və ədalətdən danışılır?”, - deyə Podolyak qeyd edib.

Xatırladaq ki, martın 13-nə keçən gecə Los-Ancelesdə 95-ci Amerika Kinoakademiyasının mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mərasimdə “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyası üzrə “Oskar” mükafatı “Navalnı” sənədli filminə təqdim olunub. Bu film rusiyalı siyasətçinin zəhərlənməsi, onun müalicəsi və Rusiyaya qayıdışından bəhs edir.

“Oskar”ın təşkilatçıları, keçən il olduğu kimi, bu il də Ukrayna Prezidenti Volodimir Zelenskiyə mərasim tamaşaçıları qarşısında çıxış etmək imkanı verməyiblər. Həmçinin mərasimdə mükafatı almaq üçün səhnəyə çıxan “Navalnı” filminin komandası adından Ukraynanı dəstəkləyən və Rusiyanın başlatdığı genişmiqyaslı müharibəni pisləyən heç bir söz deyilməyib.