Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qubad İbadoğlunun mənzilində və bağ evində axtarış aparılıb

İstintaq orqanının qərarı ilə bu gün Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri, həbsdə olan Qubad İbadoğlunun mənzilində və bağ evində axtarış aparılıb.

Bakıdakı mənzildə axtarış 1 saat 5 dəqiqə, Novxanı bağında isə 30 dəqiqə davam edib, siyasətçinin qardaşı Qalib Bayramov bildirib.

Onun sözlərinə görə, İbadoğlunun mənzilindən uşaqlarına məxsus iki kompüterin prosessorları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən nəşr olunan, amerikalı islam tədqiqatçısı Məhəmməd Həmidullahın "İslam Peyğəmbəri" kitabı götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bağda istintaq üçün əhəmiyyətli material və əşya tapmayıblar, Bayramov deyib.

* Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu iyulun 23-də günorta saxlanılıb. Bazar ertəsi ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204 .3.1-ci maddəsilə (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham irəli sürülüb.

Bu maddə üzrə onu 8 ildən 12 ilədək həbs cəzası təhlükəsi gözləyir. İyulun 24-də məhkəmə istintaq müddətində onu 4 ay həbs edib. Hüquq-müdafiə təşkilatları İbadoğluya qarşı təqibləri pisləyiblər və onun azad olunmasını tələb ediblər.

** Ötən ay İbadoğlu Milli Şuranın rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan diplomat Arif Məmmədovla birlikdə Azərbaycan gənclərinin təhsil fondunun yaradıldığını bildirib. Fond Londonda qeydiyyatdan keçib.

Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib.

https://www.youtube.com/watch?v=gQYs90srcxQ