Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qriqoryandan "dəhliz" açıqlaması: "Ermənistan ərazisindən..."

Brüssel Cənubi Qafqazda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün səylərini davam etdirib. Bunu Avropa İttifaqının Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə rəsmisi Jozep Borrel deyir.

“Ermənistan və Azərbaycan liderlərinin Aİ Şurası sədrinin vasitəçiliyi ilə üçtərəfli görüşünü alqışlayırıq. Davamlı sülhə doğru irəliləyişə təkan verəcək konkret addımlar görməyə ümid edirik. Avropa İttifaqı regionda barışıq və sülhün bərpası üçün aktiv fəaliyyətini davam etdirir”, – Borrel Twitter-də yazıb.

Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəliblər.

Görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər. Elə həmin gün Prezident Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefon zəngində deyib ki, Brüssel görüşündə “Zəngəzur dəhlizinin (Ermənistanın Sünik bölgəsindən keçməsinin nəzərdə tutulduğu bildirilir) açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflər razılığa gəliblər”.

Dəhliz məntiqi...


“Zəngəzur dəhlizi” termini Ermənistanda etirazla qarşılanır, rəsmilər bu ölkənin ərazisindən hər hansı dəhlizi suverenliyin pozulması kimi dəyərləndirirlər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 24-də “Armenpress” agentliyinin sualına cavabında bir daha ölkəsinin bu məsələdə mövqeyinin dəyişmədiyini deyib. Qriqoryanın sözlərinə görə, Ermənistan ərazisindən dəhliz məntiqi ilə yol, yaxud nəqliyyat marşrutu ola bilməz.

“Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasıyla əlaqədardır... Brüsseldə əldə olunan razılaşmaların hamısı Ermənistan təmsilçilərinin keçmişdə verdiyi bəyanatlara uyğundur. Aİ Şurası başçısının görüşün nəticələrinə dair bəyanatından görmək olur ki, regional əlaqələrin açılması kontekstində razılaşmalar sərhəd, gömrük nəzarəti, ödəniş tutulması, beynəlxalq tranzitlə bağlıdır. Bu vacib məsələlər ‘Ermənistan qovşağı’ layihəsinin reallaşmasına aiddir və Ermənistan hökuməti bu istiqamətdə davamlı irəliləyəcək”, – Qriqoryan deyib.

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağdakı təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.