Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qoyun bazarında alıcılar seyrəlib: “Hər heyvanın qiymətində 60-70 manat fərq var” - REPORTAJ

Qurban bayramı islamda iki müqəddəs bayramdan biridir. Bütün müsəlman ölkələrində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündə başlayır. Adətə görə, üç gün davam edir.

Bu bayramda qoyun, qoç, inək, öküz, hətta dəvə kəsilə bilər. Qurbanı, adətən, niyyət edib, kəsirlər. Kəsilən qurbanlıq hissələrə bölünərək qohum, qonşu və ehtiyacı olan şəxslərə paylanılır.

Qurban bayramına az qalmış mal bazarında xırdabuynuzlu heyvanların, əsasən də, qoyunlarla qoçların qiymətində artım müşahidə olunur. Demək olar ki, xüsusi günlərdə qiymət artımı artıq adət halını alıb. Adi günlərdə diri çəki ilə kiloqramı 7-7,5 manat olan iri qoyunun əti Qurban bayramı ərəfəsində 8-9 manata satılır.

Jurnalistlər mövcud vəziyyəti öyrənmək üçün hər kəsin Maştağa mal bazarı kimi tanıdığı ünvana baş çəkiblər.



Ərazisi çox geniş olan mal bazarında gündüz saatlarına rəğmən, seyrəklik müşahidə olunur – alan da, satan da, hətta heyvan da azdır. Deyilənə görə, burada alver həftəsonu, yəni şənbə-bazar daha intensiv olur. Bazara ölkənin müxtəlif bölgələrindən iri və xırdabuynuzlu heyvanlar gətirilir.

Qarşıda bir neçə şəxs var. Məlum olur ki, bunlar başqa bölgələrdən və ət kəsimi məntəqələrindən gələn satıcılardır. Onlar qoyunları tərəzidə çəkir, iri maşınlara doldururlar.



Bizi görəndə öncə bir qədər çəkinsələr də, sonra hərəsi bir tərəfdən sözə başlayır. Satıcı Mehman Vəliyev qiymətlərin artdığını deyir:

“Qiymətlər ötən illə müqayisədə çox fərqlidir. Hər baş heyvanda 60-70 manat fərq var. Yəni ətin hər kiloqramı üç-dörd manat bahalaşıb”.

M.Vəliyev alıcılıq qabiliyyətinin çox aşağı səviyyədə olduğunu vurğulayır:

“Bir neçə gün sonra Qurban bayramıdır. Lakin alıcı yoxdur. Qurban kəsməyi əhd edən məcbur olub, alır. Bəzən bizə müraciət edirlər ki, “bizə 200 manat civarında heyvan lazımdır”. Lakin indi o qiymətə heyvan, demək olar ki, yoxdur. Ən aşağı - 13-14 kiloqram əti olan qoyun 250-300 manatadır. Ümidlə yaşayırıq. İnşallah, alıcıların sayı artar”.



O əlavə edir ki, alıcılar çox vaxt heyvanı kəsdirib almağa üstünlük verirlər:

“Bizim heyvanlarımız Beyləqandan gətirilir. Ən kiçiyinin çəkisi 13 kiloqram olur. Alıcılar çox vaxt qoyunu kəsdirib, təmiz ətin pulunu verirlər”.

Bu zaman digər satıcılardan biri bahalaşmanın təkcə Bakıda deyil, regionlarda da müşahidə olunduğunu qeyd edir.

Alıcı Şəhriyar Hümmətov isə qiymətlərdən razı olduğunu söyləyir:



“Alıcılıq qabiliyyətinin yaxşı olacağını düşünürəm. Qiymətlər çəkiyə əsasən dəyişir. Necə deyərlər, hər kəs öz cibinə uyğun hərəkət etməlidir. Çəkisi otuz kiloqramdan yuxarı olan qoyunun diri çəkidə bir kiloqramının qiyməti yeddi manat yarımdır. Ona əsasən alacağın heyvanın çəkisini müəyyənləşdirə bilərsən. Alıcılara məsləhətim odur ki, qurbanlıq heyvanı öncədən alsınlar. Çünki həmin gün ola bilər ki, qiymətlər ənənəvi olaraq artsın”.

Satıcı Cavidan Nəbiyev də bayrama doğru qiymətin artacağını təsdiqləyir:



“Alıcılıq qabiliyyəti dəyişməyib. Qiymətlərdə, demək olar ki, ciddi fərq yoxdur. Bayrama yaxın, yəqin ki, artımlar olacaq. O da gözləniləndir. Sifarişlər indidən var. Minimum qiymət 8 manatdır. Maksimum isə kiloqramı çox olanlarda müşahidə edilir”.

C.Nəbiyev bildirir ki, hətta elə heyvan var ki, qiyməti min manatı ötür:



“Daha çox erkək heyvan istəyirlər. Bir baş keçinin qiyməti 150-170 manat arasında dəyişir. 600 manata qoç almaq olar. Lap iri qoçun qiyməti min manatdan baha olur”.

Satıcılara “bazar olsun!” deyib, məkandan ayrılırıq. Ümid edirik ki, alan da satan da razı qalar, hər evdə bayram süfrəsi açılar.