Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qəbələ Həzrəsindən Qusar Həzrəsinə

Qusar səyahətinə Laza kəndindən başladım. Sorağını çox eşidib, heç vaxt
görməmişdim. Həm də eyni adda kənd dağın o tərəfində Qəbələdə də var. Həzrə
adında da hər iki rayonda kənd var. Bunların tarixi məni həmişə maraqlandırıb.
Daha bir diqqət çəkən məqam odur ki, həm Qusarda, həm də Qəbələdəki Həzrə
kəndində əhalinin pir deyib ziyarət etdikləri türbələr var. Ona qayıdacam, hələlik
isə ardıcıllıq üçün Lazadan başlamışam, onu bitirim sonra keçim Həzrəyə. Qəbələ
Lazasında olmuşam, dağın başında, dağlarla əhatə olunmuş mənzərəli, cənnət
havalı bir kənddir. Ətraf ovcunun içindədir, hündürdən görürsən.



Ovuc içi qədər...

Qusarda da mənzərəli və təmiz havalıdır, amma burda dağın başına qalxıb, onu
aşıb enirsən dağların arasına, ovuc içi kimi. Elə bil mühasirəyə düşürsən, hər
tərəfin dağlarla əhatə olunub, bağlıdır və sən dağların üstündən aşağı yox, əksinə
aşağıdan yuxarı dağlara baxırsan. Adama elə gəlir ki, burda başına nə isə gələcək,
çıxa bilməyəcəksən. Qəbələnin Lazasında isə ən yuxarıda sənsən, adama elə gəlir
nə baş versə səndən aşağıda baş verə bilər. Zatən ovuc içi boyda yerdir, Qusarın
Lazasını bir gündə səyahət edib, gecəni qalıb səhər ertə ordan çıxdıq. Hər ikisinin
havası, gül-çiçəyi. Yaşıllığı misilsizdir. Adamları da hər ikisində öz aralarında
ləzgicə danışırlar. Və gələn qonaqlar onlar üçün yalnız turistdir, çətinliklə dilləri
bizim dilə dönür. Bir neçə yeniyetmədən məktəbə gedib-getmədiyini soruşdum,
dedilər gedirik, bəs, bunlar orda nə oxuyur ki, danışmağa çətinlik çəkirlər..?
Bu kəndlər ikisi də gözəldir, amma tarix Həzrələrdə yatır, sirli tarix.
Yemək-içmək qiymətləri Qəbələdəki kimi olmasa da yenə bahadır, Bakıdan belə.



İkinci gün getdiyimiz Qusar Olimpiya Mərkəzində isə ora ilə müqayisədə bir neçə
gün qalıb dincəlmək, yeyib-içib o ətrafda səyahət edib gecəni qalmaq olar. Elə də
etdik, iki gün mərkəzdə gecələməklə ətrafda gəzib-görməli yerləri sıraladıq.

Məzarı Ərdəbildə, türbəsi Həzrədə

Qaldığımız birinci günün səhəri üz tutduq Həzrə kəndinə. Qəbələdə olduğu kimi
burda da kəndə düşdükcə düşürsən, yəni çox çökəkdədir. Gəlib çıxdıq və gördük
ki, deyib gəldiyimiz Şeyx Cüneydin məqbərəsinə gedən yolun həyət qapısında
balaca bir qıfıl var. Məyus olduq, amma ətrafa göz gəzdirib gördüm ki, qıfıldan
yuxarıda yapışdırılmış kağızda nömrə yazılıb. Zəng vurduq, bir kişi götürdü,
amma qadın gəldi.



Kərimova Məhbubə Qusar rayonunun Həzrə kəndində Şeyx Cüneyd türbəsində
abidə baxıcısı işləyir. Hardasa 50-60 yaş arasında olar. Deyir 1989-cu ildən burda
işləyirəm: “Məndən əvvəl qaynanam işləyib, ondan da qabaq onun qaynatası”.
Niyəsini soruşdum-niyə yalnız sizin sülaləyə həvalə olunub bu abidə? Deyir
babam 1900-cu ildə bu mədrəsədə dərs alıb. Bura mötəşəm mədrəsə olub-deyə,
əvvəl özü içəri keçib, sonra qayıdıb bizə - sağ ayağınızı basın – məsləhətini verdi.
Bölgələrimizdə müqəddəs sayılan yerlərə giriş edəndə, bismillah deyib sağ ayaqla
girməlisən. Niyəsini ahıllardan soruşun!!! Sadəcə qəlblərinə dəyməmək üçün əməl
edirəm. Biz də əməl edib, məqbərəyə sağ ayağı ataraq girdik və onun
danışdıqlarına qulaq kəsildik: “Bütün ətraf rayonlardan bura dini dərs almağa
gəlirmişlər. Türkiyədə təhsil almış müəllimlər dərs deyirmiş və bunun ikincə
mərtəbəsində kirayə qalırmışlar. Həmin müəllimlər rəhmətə gedəndə öz
vəsiyyətləri ilə elə burdakı məzarlqda dəfn olunublar. Şeyx Cüneydin məzarı olan
bu otaq əsas otaq, iri zal isə sinif otağı olub”. Bələdçi deyir mədrəsə sonradan
məqbərə funksiyasını yerinə yetirib. Sovet vaxtı isə gül vurub məqbərədən anbar
kimi istifadə ediblər, mümkün qədər dağıdıblar. “Mən təyin olunandan sonra
salafan, örtük salırdım ki, qar-yağış məqbərənin içinə dolmasın. Hər tərəf
bəlmədeşik idi. Sonuncu dəfə 2007-ci ildə təmir edilib”.



Təmirə yenə ehtiyac var, erroziyaya uğrayır, tavanı, divarları ovulub tökülür.

Türbənin divarları daxildə 1.42 m hündürlükdə kvadrat formalı, şahmat formasında
düzülmüş mavi və qara-bənövşəyi rəngli kaşı plitələrlə üzlənib ki, kənardan kafelə
bənzəyir. O qədər keyfiyyətli materialdır ki, təzə imiş kimi təsir bağışlayan yeganə
onlardır. Bu divarlar arasında hələ də aşkarlanıb yerini tapmayan tarix yatır.
“Bələdçi deyir dövlətin təmir planına salınıb, amma pandemiya araya düşdü, sonra
da məlum məsələlər, hələ qalır”.



Onu da deyim ki, adı Şeyx Cüneydin məqbərəsi olsa da məzar artıq burda deyil,
Ərdəbildədir. Şeyx Cüneyd Şah İsmayılın babasıdır, atası Şeyx Heydər Beş
barmaqda dəfn olunub. Şah İsmayıl Xətai hakimiyyətə gələndən sonra babasının
qalıqlarını burdan çıxartdırıb aparıb Ərdəbildə dəfn etdirib. Sonra da oğlu
Təhmasibə vəsiyyət edib ki, babasının məzarının yeri itməsin deyə üstündə türbə
tikdirsin. 1456-da dəfn olunub, türbə isə 1544-də tikilib. Bütün bu faktları bələdçi
danışır, viki mənbə ilə bəzi faktlar uyğun gəlməsə də ondan əvvəl burda
işləyənlərdən, ağızdan-ağıza gələn tarix daha düzgün olar-deyə dediyi kimi
yazdım.

Sirli məzarlar



Məqbərənin bayırında məzarlar var. Bələdçi xanım deyir o məzarlıqda
müəllimlərdən başqa Şeyx Cüneydin ətrafı, təhsilli din adamları, elm adamları,
axundlar, yüksək rütbəlilər dəfn olunub. Baş daşı nə qədər hündürdürsə o qədər
yüksək rütbəli adamdır. Bəzi məzar daşlarının üstündə müxtəlif şəkillər var,
günəş, qələm və sair. Həmin rəsmlər də rəhmətliklərin kimliyindən xəbər verir.
Məzarlıqda kənardan baxanda gözə dəyən başdaşı azdır, hündür olanlar görünür,
amma yaxınlaşdıqca kütləvi məzarlıq görürsən. Hamısın üstü ərəb-farsa, quran
ayələri yazılıb. Kütləvi olması döyüşlərdən xəbər verir.
Türbə Qəbələ rayonunun Həzrə kəndində yerləşən XV–XVI əsrlərdə inşa edilmiş
tarix-memarlıq abidələrinə çox bənzəyir. Qəbələ Həzrəsindəki kompleksə daha
əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə qədər qalıb. Həm də
Qəbələdəki türbələr geniş meşə ərazisində və 3.5 hektara yaxın sahəyə malik orta
əsr qəbristanlığının mərkəzində inşa edilib. Dövrümüzə çatmış dörd türbə Şeyx
Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən
ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi
göstərilir.



Ayrı-ayrılıqda və birlikdə araşdırılmalı tarixdir. Həm də çox maraqlı.
Əslində məni buralara da elə o sirli tarix gətirib, istirahət bəhanə idi. İstirahətə
gəlincə, baha da olsa Qəbələ tərəf daha sərfəlidir. Çünki eyni sırada Qax, Şəki,
Balakən, Oğuz var, birindən o birinə keçirsən, bir növ turneyə çıxırsan. Qusarda iki
günə hər yeri gəzib başa vurub darıxırsan. Yaxınlıqda bir Qubadır, orda da
qiymətlər göydədir.

Qusarda mağazalarda Bakı ilə böyük fərq gördüm. Bircə misal “Cici bəbə” uşaq
peçenyəsi 1 manat, “Snikers”in kilosu 16 manatdır. Bakıda isə 1.70 qəpik və 21
manatdır. Bu da belə.

Vətənin hər yeri gözəldir!

Qusar-Həzrə-Laza-Bakıdan Ramilə Qurbanlı