Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan seçkilərə gedir

Martın 19-u Qazaxıstanda parlamentin aşağı palatasına (Məclis) və yerli məclislərə seçkilər keçiriləcək.

98 nəfərlik Məclisin 69 deputatı proporsional üsula (partiya siyahıları üzrə), 29 deputatı majoritar üsulla (dairələrdən) formalaşır. Proporsional sistemlə mandat uğrunda 7 partiyanın mübarizə apardığı vurğulanır: Amanat Partiyası (hakim partiya), Demokrat Partiyası, Xalq Partiyası, Xalq Demokrat Partiyası, Sosial Demokrat Partiyası, Baytak Partiyası, Respublika Partiyası.

Parlamentə keçid üçün partiya etibarlı səslərin azı 5 faizini almalıdır.

Majoritar üsulla 29 dairədə 525 namizədin mübarizə apardığı xəbər verilir.

Hesabata görə, 223 yerli məclisdə ümumilikdə 3415 yerə 14207 namizəd iddia edir.

2019-cu il martın 20-də ölkənin birinci prezidenti Nursultan Nazarbayev istefa verib, parlamentin yuxarı palatası olan Senatın sədri Qasım-Comərd Tokayev dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.

2022-ci ildə konstitusiya yenilənib, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir dəfədən artıq seçilməyə yasaq qoyulub (əvvəlki normaya əsasən, eyni şəxs ardıcıl olaraq iki dəfədən çox prezident seçilə bilməzdi), sentyabrın 21-də növbədənkənar seçki qərarı verilib. Noyabrın 20-də keçirilmiş növbədənkənar prezident seçkisini Qasım-Comərd Tokayev udub.

Prezident 2023-cü il yanvarın 19-da parlamentin aşağı palatasının və bütün yerli məclislərin buraxılması ilə bağlı fərmanlar imzalayıb, martın 19-na növbədənkənar seçkilər təyin olunub.