Qarabağ ermənilərindən Bakıya cavab: "Siz hansı haqla bizi inteqrasiya etmək istəyirsiniz?"
14 Mart 2023
Rəsmi Bakı öz torpaqlarındakı separatçıları danışıqlar üçün paytaxta dəvət edib. Qarabağ erməniləri bunu qəbul etməyib.
Son həftələrdə "Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası" ifadələri Azərbaycan mediasında tez-tez səslənir. Ancaq Qarabağ erməniləri inteqrasiya etmək istəmədiklərini, müstəqil olmaq istədiklərini deyirlər.
Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasi müzakirəsi həm də qarşı tərəfdə insan haqları və demokratiya ilə bağlı sualları qabardıb: Azərbaycanda kövrək demokratik mühit və pozulan insan haqları fonunda Qarabağ ermənilərinə nə təklif olunur?
Bu qəbildən olan sualları isə iki rəy izləyir: Rəsmi Bakının Qarabağ ermənilərinə daha yaxşı həyat vədi və insan haqları, azadlıqların qorunması və demokratiya ilə bağlı beynəlxalq reytinqlərində Azərbaycanın "qazandığı 2 qiyməti".
Freedom House təşkilatının keçən həftə yaydığı qlobal azadlıq balları hesabatında Azərbaycan 100 yerdən, ən aşağılardakı 9-cu yeri tuta bilib və azad hesab olunmayıb.
Ermənistan 54 balla qismən azad, tanınmamış "Dağlıq Qarabağ Respublikası" 37 balla qismən azad hesab olunub.
BBC-yə açıqlama verən erməni təhlilçi Azərbaycanda insan haqlarının qorunmaması və bunun da reinteqrasiya baxımından Qarabağ erməniləri üçün “cəlbedici görünmədiyini” düşünür.
BBC-yə danışan azərbaycanlı millət vəkili və təhlilçilər insan haqları və demokratya məsələlərində Azərbaycanda problemlər olduğunu inkar etmirlər, amma onların fikrincə, demokratiya problemləri “separatizmə əsas ola bilməz”.
“Qarşımızda iki yol qoyulub...”
Azərbaycan hakimiyyəti Qarabağ ermənilərini ikinci görüşə, özü də Bakıya dəvət edib.
Bu barədə bazar ertəsi məlumat yayan “Azərtac” Prezident Adminstrasiyasına istinad edərək bildirib ki, qurum Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün bir daha görüşmək istəyir.
Dağlıq Qarabağ "parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin" sədri Seyran Ayrapetyan erməni mediasına bildirib ki, onlar Bakının təklifini qəbul etməyi istisna edirlər.
Tərəflər son dəfə martın əvvəlində Xocalıda görüşüblər.
Azərbaycan bu görüşdə Qarabağ ermənilərinin reinteqrasiyasının müzakirə olunduğunu desə, qarşı tərəf bunun dəqiq olmadığını desə də, görünən odur ki, reinteqrasiya sözü hər iki tərəfdə indi daha tez-tez işlədilir.
Separatçı “Dağlıq Qarabağ rəhbərliyi” son açıqlamasında Azərbaycanın onlar qarşısında iki yol qoyduğunu - ya inteqrasya olmalarını, ya da “sərt və kəskin tədbirlərlə” üzləşəcəklərini bildirib.
Rəsmi Bakının bu son bəyanata hələ ki, cavabı yoxdur, amma ölkə rəhbərliyi gizlətmir ki, onlar Qarabağdakı erməni əhalinin ya Azərbaycan vətəndaşlığını qəbul etməsini, ya da “çıxıb getməsini” istəyir.
Qarabağdakı erməni icmasının Azərbaycana inteqrasiya etdiyi təqdirdə onu hansı hüquq və azadlıqlar gözləyir sualına rəsmi Bakının cavabı var: etnik milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının sahib olduğu konstitusion hüquq və azadlıqlar.
Qarabağ ermənilərinin həyatı “işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı” olacaq, Azərbaycan Prezidenti İlham Əliyev ötən cümə axşamı keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində deyib və əlavə edib ki, Azərbaycanda milli azlıqların hüquqları Konstitusiya ilə qorunur.
Reinteqrasya baş tutarsa, erməni icmasının da milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı kimi Konstitusiyada tanınan hüquq və azadlıqlara sahib olacağı istisna deyil.
Amma Azərbaycan hakimiyyəti də məhz Konstitusiyada əksini tapan bu hüquq və azadlıqların reallaşmasına problemlər yaratmaqda tənqid olunur.
Elə həmin gün Washington-da mənzillənən və dünyada azadlıqların nəbzini ölçən “Freedom House” açıqladığı yeni hesabatında Azərbaycanı “qeyri-azad ölkə kimi” qiymətləndirib.
Rəsmi Bakı belə hesabatları, adətən, rədd edir və qərəzli sayır, o cümlədən ölkədə bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir.
Amma bu cür hesabatların Qarabağ erməniləri üçün danışıqlarda istinad nöqtəsi ola biləcəyini də ehtimal etmək olar.
"İnteqrasya könüllü proses olmalıdır"
Separatçı Dağlıq Qarabağ Respublikası prezidentinin müşaviri David Babayan BBC Azərbaycancaya müsahibəsində deyib ki, onlar "onillərlə diskrimnasiya" görüblər: "Əgər insanlara qarşı diskriminasiya edirsinizsə, onlar sizin ölkənizin bir hissəsi olmaq istəməz".
David Babayana görə, inteqrasya bərabər səviyyədə, könüllü proses olmalıdır:
"Əgər digər dövlətlə inteqrasiya istəyirsənsə, onu dövlət, partnyor kimi tanımalısan. Və inteqrasiya münasibətlərin normallaşdırılması ilə həyata keçirilməli prosesdir".
O, erməni mediasına müsahibələrində də tez-tez Azərbaycana reinteqrasiya məsələsinə toxunaraq vurğulayır ki, Azərbaycanın tərkibində onların hüquq və təhlükəsizlikləri olmayacaq.
“Eyniliyimizi itirərik”
Ermənistanın “Lragir.am” saytına verdiyi müsahibəsində Xankəndindən olan ictimai aktivist David Karabekyan deyib ki, “Artsaxın yeganə təhlükəsizlik zamini” yalnız Ermənistan ola bilər və “Artsax Azərbaycanla deyil, Ermənistanla reinteqrasiya etməlidir”.
Onun fikrincə, Azərbaycanla birgə yaşama birdəfəlik istisna edilməlidir: “...əks təqdirdə biz eyniliyimizi itirərik”, - o, müsahibəsində bildirib.
“Sizin özünüz hansı hüquqlara maliksiniz ki...”
Ermənistanlı təhlilçi Ruben Mehrabyan hesab edir ki, “Dağlıq Qarabağ” sakinlərinin özlərini Azərbaycan vətəndaşı statusunda təsəvvür etməmələrinin səbəbi “Qafqazdakı son diktaturadır” və heç də “ən cazibədar perspektiv deyil ki, Qarabağ ermənilərini işıqlı gələcəyə” inandırmaq olsun.
“Azərbaycan tərəfi onlara bütün hüquqlarını təmin etməyə hazır olduğunu bəyan edərkən, belə bir sual meydana gəlir ki, sizin özünüz hansı hüquqlara maliksiniz ki, bizimlə də belə əliaçıqlıqla bölüşürsünüz?”, - Ruben Mehrabyan BBC-yə deyib.
“Ermənilər də çiyinlərini bir işin altına versinlər”
“Azərbaycanda 1992-ci ildə demokratik yolla seçilmiş prezident vardı, insan haqları ən azı Yerevandan qat-qat artıq daha çox təmin olunurdu, amma bu, ermənilərə, Ermənistana Qarabağı işğal etməyə mane olmadı”,- Azərbaycan hakimiyyətinin sərt tənqidçisi kimi tanınmış jurnalist Xədicə İsmayıl sualıma cavabını bu cümlə ilə başlayır.
O, qarşı tərəfdə səsləndirilən demokratiya, insan haqları ilə bağlı tənqidləri “bəhanə” kimi qiymətləndirsə də, hazırkı reallıqda ölkədə bu məsələlərlə bağlı ciddi problemlərin mövcudluğunu inkar etmir.
Amma Xədicə İsmayıla görə, mövcud problemləri bütün vətəndaşlar, o cümlədən Qarabağdakı ermənilər də birgə çözməlidirlər: “Azərbaycanda demokratiya deyəni də hər zaman işğal mövzusu ilə susdururlar. Ona görə də bu işğal olmasa idi, Azərbaycan bir çox məsələlərdə, o cümlədən insan haqları məsələsində geri düşməzdi. Ermənilər də indi bütün prosesləri sabotaj etməkdənsə, çiyinlərini bir işin altına versinlər”.
Xədicə İsmayıl hesab edir ki, heç də Ermənistanda və ya separatçı “Dağlıq Qarabağ”da iddia olunan qədər azadlıq və demokratiya yoxdur: “Orda burdakından fərqli özünüsenzura daha güclüdür. Ordunu tənqid etməyə bir cəhd göstərsinlər... hanı o jurnalistlər ki, erməni əsgərinin müharibə cinayətləri barədə tənqidi yazılar yazsın? Amma Azərbaycanda vətəndaş cəmiyyəti Prezidentə müraciət edib 44 günlük müharibədə müharibə cinayəti törədən əsgərlərin cəzalandırılmasını tələb elədi. Varmı orda belə vətəndaş cəmiyyəti? Yoxdur. Burda isə var”.
“Demokratiya problemləri separatizmə əsas deyil”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc insan haqları, demokratiya problemlərini separatizmə əsas saymır.
O deyir ki, bu gün Azərbaycanda hakimiyyət vətəndaş qarşısında öhdəlik daşıyır və bunu nümayiş etdirir: “Amma biz fərqindəyik ki, bir sıra təhlükəsizlik mənafeələri naminə Qərbin həyatında bərqərar olmuş demokratik standartlar Azərbaycanda tam gerçəkləşməyib. Bunu qətiyyən inkar etmirəm, açıq mətnlə də söyləyirəm. Gerçəkdən də [ötən əsrin] 90-cı illərdə biz demokratiya əmsallarına, o indekslərdəki yerimizə görə çox öndəydik, amma onda torpaqlarımız itiriləndə qabaqcıl Qərb dünyası nəinki bizi müdafiə etdi, hətta əleyhimizə oldu”.
Zahid Oruc əlavə edir ki, 2020-ci ildə Azərbaycan demokratik göstəricilərə görə aşağı yerdə olsa da, ərazi bütövlüyünü təmin eləmişdi.
“Bizə o hesabatlardakı yerimiz, yoxsa ərazi bütövlüyümüz lazımdır”, - deyə Zahid Oruc ritorik sual verdiyini əlavə edir.
"Soruşuram ki, torpaq itkisi insan haqlarının pozulmasına, siyasi azadlıqların məhdudlaşdırılmasına əsas verirmi?"
“Xeyr, vermir”, - deyə Zahid Oruc davam edir – Xankəndidə, Xocavənddə yaşayan ermənilər minumum vətəndaş və insan hüquqlarını yerinə yetirə bilmirlər. Hansısa siyasi mübarizədən danışılması qeyri-realdır, orda olan istismarçı qüvvələr bütün ərazilərə sahib olublar”.
Millət vəkili deyir ki, Azərbaycan onlara bütün təhlükəsizlik və fundamental hüquqları vəd edir və onları da “gerçəkləşdirməyə qadirdir”.
Qarabağdakı erməni əhalinin Azərbaycana reinteqrasiyası üçün rəsmi Bakının təklifləri hələlik ictimaiyyətə məlum deyil.
Zahid Orucun sözlərinə görə, reinteqrasiya zamanı ermənilər sosial həyatlarını təmin edəcək, iqtisadi hüquqlardan bəhrələnəcəklər, təbii qazı Ermənistandan yox, Azərbaycandan alacaqlar, əgər siyasi azadlıqlar uğrunda, hansısa məsələyə münasibətdə (dövlətin təhlükəsizliyinə təhdid olan məsələlər xaric) mübarizə tələb olunursa, mübarizə də aparacaqlar.
“Qarabağda torpaq islahatına gediblər, iqtisadi subyektlərin sahibidlər, diplomları tanınacaqmı, buna münasibət gözləyirlər. Azərbaycanın enerji resurslarından istifadə edəcəkləri təqdirdə ödənişləri necə olacaq, bu məsələlər həll edilməlidir. 30 ilin düşmənçiliyindən çıxmaq asan deyil”, - Zahid Oruc əlavə edir.
“Nifrət tonu aradan qaldırılmalıdır”
Azərbaycanlı siyasi təhlilçi Şücaət Əhmədzadəyə görə, demokratik idarəçilik etnik münaqişələrdə heç də həmişə bir həll vasitəsi deyil, ona görə də Qarabağ erməniləri üçün ən başlıca məsələ təhlükəsizlikləridir ki, onlar Azərbaycanın tərkibində rahat və təhlükəsiz yaşaya biləcəklərmi? O hesab edir ki, Azərbaycan ilk növbədə buna təminat verməlidir.
Siyasi təhlilçinin fikrincə, bunun üçün azərbaycanlı və erməni milli kimliyi üzərindən bir-birinə nifrət tonu aradan qaldırılmalıdır: “Milli normativlər elə qurulmalıdır ki, erməni və azərbaycanlı üçün bir-biri təhlükə anlayışından çıxsın”.
Amma o, eyni zamanda hesab edir ki, belə bir reinteqrasya ilə ölkədə liberallaşma, siyasi hüquqların təminatı olan institutların gücləndirilməsi ilə paralel getməlidir: “Azərbaycanın Konsititusiya islahatlarına getməsi, ölkədə məhkəmə hakimiyyətini, bələdiyyə üsul-idaərsinin gücləndirilməsi, dirçəldilməsi, vətəndaş cəmiyyətinə şərait yaradılması vacibdir, bunsuz olmaz və Azərbaycan ənənəvi problemlərdən qurtulmalıdır”.
Mümkündürmü ki, Azərbaycan Qarabağdakı erməni icmasına ölkənin tərkibində qalmaq və vətəndaşlığını daşımaq şərti ilə onların bütün siyasi-ictimai və iqtisadi azadlıqlarını ehtiva edən bir model təklif etsin?
Şücaət Əhmədzadə bunu mümkün saysa da hesab edir ki, belə bir sistem dayanıqlı ola bilməz və yeni münaqişələrə gətirib çıxarar. Onun sözlərinə görə, belə modelin dayanıqlığı üçün bütün ölkədə demokratik institutlaşma lazımdır.
Bəs Azərbaycan hakimiyyətinin ölkədə demokratikləşmə, insan haqlarının yaxşılaşdırılması istiqamətində fəaliyyəti görünürmü?
Siyasi təhlilçi ölkədə hələlik demokratik dəyişikliklərin işartısını duymadığını, əksinə, media, siyasi partiyalar haqqında qəbul edilən son qanunların liberallaşmanın getməməsini göstərdiyini deyir. Amma o, islahatların aparılmasını vacib sayır, təkcə Qarabağ ermənilərinin reinteqrasiyası üçün yox, həm də Azərbaycanın özü üçün:
“Nəinki daxili, hətta xarici faktorlar da çox gərgindir və regionda qeyri-stabillik yaranma ehtimalları yüksəkdir. Buna görə də liberallaşma aparılmalıdır, altertnativ yol yoxdur. Belə bir yol katastrofik yol ola bilər, düşünürəm ki, heç kim bu yolu getmək istəməz. Gözləyirəm ki, biz liberallaşmanın şahidi olacağıq”, - təhlilçi əlavə edir.