Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin Rusiyanın imperiya tarixində "ilişib qalması"... müharibəyə apardı

II Dünya müharibəsindən bəri Avropada ən böyük müharibənin başlanmasından bir il keçmiş Rusiya xalqı qarşısında çıxış edən Prezident Vladimir Putin Qərbin 1991-ci ildə SSRİ-nin süqutundan sonrakı onilliklər ərzində Moskva ilə bağlı siyasəti barədə hər zamankı mənfi fikirlərini təkrarlayıb.

Putin iddia edib ki, NATO və onun Ukrayna ilə əlaqələri Rusiyaya qarşı artmaqda olan təhlükədir. O bu əlaqələr haqda yanlış iddialarını, o cümlədən Ukrayna hökumətinin ABŞ və Qərb hərbi alyansının nəzarətində olması haqda iddiasını təkrarlayıb. O, Ukraynanın Qərbin “quluna çevrildiyini” iddia edib.

Corc Buşun (George W. Bush) prezidentliyi dövründə Ağ Evdəki səkkiz illik karyerasının dörd ilini milli təhlükəsizlik müşaviri olmuş Stefen Hadli (Stephen Hadley) Putinin iddialarını təkzib edib. O NATO-nun Rusiyaya hər hansı təhlükə törətmədiyini və Moskvanın illərlə alyansla əməkdaşlığa razı olduğunu xatırladıb.

"Rusiyanın Avropanın bir hissəsi kimi qəbul edilməsi üçün real səy göstərilib. NATO Rusiyaya təhlükə deyildi, NATO Rusiya ilə konstruktiv münasibət istəyirdi. …Rusiyanın NATO-nun genişlənməsinə reaksiyasını yumşaltmaq üçün bu səylər göstərilirdi”, – Hadli fevralın 28-də Vaşinqtondakı evindən “Zoom”la verdiyi müsahibədə deyib.

Yeltsin Klintona xəbərdarlıq etmişdi


Hadlinin Ağ Evdəki xidmət illəri NATO tarixində ən böyük genişlənmə dövrünə düşüb: 2004-cü ildə Baltik ölkələri də daxil olmaqla Şərqi Avropanın yeddi ölkəsi alyansa üzv qəbul edilib.

Tarixçi və alimlər uzun zamandan bəri NATO-nun genişlənməsinin məqsədlərini müzakirə ediblər. Bəziləri onun şərqə doğru genişlənməsinin nə dərəcədə müdrik hərəkət olmasını da sorğulayıb. Rusiya rəsmiləri soyuq müharibə dövrünə aid alyansa hazırda ehtiyac olmadığı fikrini belə irəli sürüblər.

1990-cı illərin ortalarında Prezident Boris Yeltsin amerikalı həmkarı Bill Klintona xəbərdarlıq etmiş, NATO-nun Şərqi Avropa ölkələrini üzvlüyə qəbul edəcəyi halda onu “alçaldacağı” ilə hədələmişdi.

Putin dövründə bu şübhələr birbaşa ittihamlara, Vaşinqton və müttəfiqlərinin Moskvaya xəyanət etdiyi barədə iddialara çevrildi. Rusiya 2008-ci ildə NATO-nun Ukrayna və Gürcüstana nə zamansa alyansın üzvü olacaqları barədə vəd verməsindən xüsusilə çox qəzəbləndi.

NATO-ya üzvlük məsələsi


Hadli deyir ki, bunun ardınca Ukraynanın NATO-ya qoşulması 2014-cü ilədək arxa plana atıldı. 2014-cü ildə Moskvanın dəstəklədiyi prezidentin qovulmasından sonra Rusiya Ukraynanın şərqində yeni münaqişə ocağı yaratdı, yerli yaraqlıları silahla təchiz etdi və bəzi yerlərdə əraziyə döyüşmək üçün nizami ordu hissələri göndərdi.

"2008-ci ildən bəri Ukrayna və Gürcüstanın NATO-ya qoşulması məsələsi həqiqətən də masadan qaldırılmışdı və Rusiyanın Ukraynaya ilk dəfə hücum etdiyi 2014-cü ilədək masada olmadı. [Onların bu hərəkəti] rusların [bu gün] istəmədiklərini dedikləri şeyə yol açdı.

NATO üzvlüyünü və NATO-nun Ukrayna və Gürcüstana necə kömək edəcəyi məsələsini yenidən müzakirə masasına gətirən [amil] həmin hücum idi.

…Ruslar NATO infrastrukturunun şərqə doğru hərəkətindən şikayət edirlər. Bunların heç biri Rusiyanın 2014-cü ildə Ukraynaya girməsinədək baş verməyib. Buna görə də iddia edərdim ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum etməklə özünün hədələndiyini dediyi şeyi (NATO-nun genişlənməsi məsələsini) yaratmış oldu.

Bundan başqa, keçmişdə Moskvanın nüfuz dairəsində olmuş ölkələr – Baltik dövlətləri və Varşava Paktı ölkələrində uzun zamandan bəri mövcud olmuş tarixi Rusiya qorxusu var idi və bu onları NATO üzvlüyünə can atmağa vadar edirdi.

Və əlbəttə, indi NATO üzvü olan dövlətlər bizə belə deyirlər: 'Biz sizə demişdik'”, – Hadli bildirir.

İki məsələ


O zaman Putinin reaksiyası ölçülü olsa da, ABŞ-nin 2002-ci ildə Ballistik Raketlərə qarşı Sazişdən çıxma qərarı da Kremlin uzun sürən qəzəbinə səbəb oldu. Buş administrasiyası iddia edirdi ki, bu pakt ABŞ-nin Şimali Koreya və İran kimi təhlükələrə qarşı raket müdafiəsi qurmaq qabiliyyətinə mane olur və sazişdən çıxma Rusiyanı zəiflətmək niyyəti daşımır.

Hadli Putinin o zaman verdiyi izahı qəbul etdiyini deyir.

"İlk vaxtlar bu, iki ölkə arasında …yaxşı münasibətlərə yol açdı. Putin [ABŞ-nin sazişdən çıxmasını] tənqid etmədi və hətta bunun əksini dedi. Dedi ki, o ABŞ-nin müqavilədən çıxmasını bəyənməsə də, bu Rusiyanın maraqlarına və təhlükəsizliyinə təhlükə təşkil etmir”.

Hadli iki məsələni xüsusi vurğulayıb: Kremlin 2000-ci illərdə Gürcüstan, Ukrayna və Qırğızıstanda baş qaldıran silsilə xalq etirazlarının Amerikanın ssenarisi olduğu qənaətində olması və Putinin Rusiyanın imperiya tarixində “ilişib qalması”.

"Biz düşünürdük ki, bu inqilablar Rusiyaya faydalı olacaq, çünki Rusiyanın ətrafında sabit, demokratik, çiçəklənən qonşuları yaranacaq. Putin bunu bu cür görmürdü. O bunu MKİ-nin (CIA) Rusiyaya qarşı… rejimlər qurmaq cəhdi, Rusiyanın özündə sabitliyi pozmaq üçün məşq kimi görürdü. Mənə elə gəlir, biz Putini elə o zaman itirdik”, – o deyir.

“Son nəticədə bunun heç bir fərqi olmazdı”


Hadli vaxtilə NATO-nun genişlənməsi işinin yanlış idarə olunduğuna dair şübhələri olduğunu söyləyir.

"Putinin 2022-ci ildə Ukraynaya hücumu ərəfəsində etdiyi çıxışa qədər bu haqda çox düşünürdüm (O, Putinin müharibədən 3 gün öncə etdiyi çıxışı nəzərdə tutur). O çıxışın ön hissəsi Putinin əsl simasını göstərir. Bu hissədə o bunun Rusiya imperiyasının bərpası, tarixi Rusiya torpaqları üzərində nəzarətin bərpası, Ukraynanın məhv edilərək Rusiya tərəfindən udulması haqdadır.

Bu planlar baxımından NATO-nu genişləndirməyimiz yaxşıdır. Əks halda, bu Moskvanın Rusiya imperiyasını bərpası ideyası üçün daha çox açıq sahə ola bilərdi.

Biz işləri başqa cür görə bilərdikmi? Bəlkə də…. Ancaq [əsl] sual budur: Putinin keçmiş sovet məkanında Rusiya imperiyasını bərpa etmək [maniyasını] nəzərə alsaq, son nəticədə bunun bir fərqi olardımı? Düşünürəm ki, təəssüf ki, son nəticədə bunun heç bir fərqi olmazdı”, – o deyir.