Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin həll etməli olduğu "Qordi düyünü" - Generallar-Priqojin qarşıdurması Rusiyanı məhv edə bilər

Rusiya hərbi rəhbərliyində yaşanan qarşıdurma özünün pik nöqtəsinə çatıb. Bu qarşıdurmanın bir tərəfində Putinin səlahiyyət verdiyi Şoyqu-Gerasimov cütlüyü, digər tərəfində isə bir qədər əvvələ kimi Ruiya liderinin yaxın adamı sayılan və onun xaricdəki sifarişlərini həyata keçirən Yevgeni Priqojin durur.

Pressklub.az xəbər verir ki, müharibə yeni başlayanda Priqojinlə birgə hərəkət edən və səsi gur çıxan Çeçenistan lideri Ramzan Kadırov isə artıq böyük ölçüdə susdurulub. Priqojin isə hələ də susmur və generallarla mübarizəsini davam etdirir.

Rusiyada Wagner özəl hərbi şirkətinin təsisçisi və sponsoru, Rusiya prezidentinə yaxınlığına görə “Putinin aşpazı” ayamasını qazanmış oliqarx Priqojin son olaraq Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini onun özəl hərbi şirkətini məhv etmək cəhdlərində ittiham edib və bunun “vətənə xəyanətə” bərabər olduğunu deyib.

Bəyanatı Priqojinin mətbuat xidməti dərc edib.

Bəyanatda deyilir ki, müdafiə naziri Sergey Şoyqu və Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Gerasimov Wagner şirkətinə sursat verilməsini qadağan ediblər:

"Baş qərargah rəisi və müdafiə naziri sağa-sola əmrlər verirlər ki, Wagner şirkətinə nəinki hərbi sursat verilməsin, hətta ona aviasiya nəqliyyatı ilə kömək də edilməsin. İndicə xəbər gəldi ki, siyahıdan istehkamçı bellərini çıxarıblar. Axı uşaqlar bununla özlərinə səngər qazırlar. Bu birbaşa qarşıdurmanı özəl hərbi şirkətin məhvinə cəhddən başqa heç nə ilə izah etmək olmur”.

Wagner özəl hərbi şirkəti ilə Müdafiə Nazirliyi arasında münaqişə artıq bir müddətdir ki, davam edir.

Dekabr ayında uniformalarında Wagner şirkətinin qol nişanı olan bir qrup muzdlu yazdıqları videomüraciətdə Gerasimovu nalayiq söyüşlərlə təhqir etmiş və ondan mərmi istəmişdilər.

Bugünlərdə Priqojin Ukraynanın Donetsk vilayətindəki Baxmut şəhəri ətrafında vuruşan muzdluların mərmilərlə təchizatında böhran yarandığını bildirmişdi. Amma o birbaşa Müdafiə Nazirliyinə qarşı heç bir ittiham səsləndirməmişdi.

Şoyqunun qızına eyham

Priqojin iddia edir ki, Rusiya ordusunda mərmi qıtlığı yoxdur. O deyib ki, bu mərmilərin hansı anbarlara gətirildiyini, yük və hətta yeşik nömrələrini bilir, amma onun bütün tanışlıq və əlaqələri bu mərmilərin Wagner şirkətinə verilməsi üçün kifayət etmir.

Priqojinin muzdluları artıq yarım ildir ki, Baxmut üzərinə həmləyə keçə bilmirlər.

Priqojinin sözlərinə görə, 2022-ci ilin payızında Ukraynadakı Rusiya ordu qruplaşmasına general Surovikin komandanlıq edəndə Wagner şirkətinin mərmi problemi olmayıb, indi isə döyüşçülər funksionerlərin günahı üzündən həlak olurlar:

"Mən sizin qızıl qablarda səhər yeməyi yeməyinizi, rus əsgərinin cəbhədə həlak olduğu bir vaxtda qızlarınızı Dubaya istirahətə göndərməyinizi üzünüzə vurmuram. Anbarlarda olan sursatlardan bizə lazım olan qədərini verin”.

Görünür Priqojinin bu sözləri ilə Sergey Şoyqunun qızının Yeni ili Dubayda qarşılaqmasına yham vurub.

Putin adını çəkmədi

Bundan əvvəl "Вёрстка" saytı yazmışdı ki, Wagner hərbçiləri Priqojinin Müdafiə Nazirliyi ilə münaqişəsinə görə həlak olan muzdluların cəsədlərini cəbhədən çıxara bilmirlər.

Wagner özəl hərbi şirkəti Rusiyanın qeyri-rəsmi hərbi birləşməsidir. Bu birləşmə Suriyada, Afrika ölkələrində və Ukraynada gedən müharibələrdə iştirak edir.

Rusiya qanunları özəl hərbi şirkətlərin yaradılmasını qadağan edir. Priqojin etiraf edib ki, onun təşkilatı Ukrayna müharibəsinə görə mövcuddur.

Müdafiə Nazirliyinin məlumatlarında Wagner muzdlularının adı çəkilmir.

Rusiya prezidenti Vladimir Putin də fevralın 21-də Federasiya Şurasında etdiyi çıxışda Ukraynada döyüşən birləşmələrin sırasında muzdluların adını çəkməyib.