Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinə qarşı üsyan? - Müharibə hara kimi davam edə bilər

ABŞ-ın “Bloomberg” agentliyi 2009-2013-cü illərdə NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin ali baş komandanı olmuş Ceyms Stavridisin “Rusiya Ukraynanı ələ keçirsə, üsyançılar Putinin kabusuna çevrilə bilər” başlıqlı məqaləsini yayıb.

Rusiya Ukraynaya soxulsa, prezident Vladimir Putin çətin seçim qarşısında qalacaq: harayacan getmək olar? Bu suala təcili cavab verməyə məcbur olacaq.

Analitiklərin bir çoxunun qənaətinə görə, Putin işğalı davam etdirməyə qərar verəcək, ancaq hərbi əməliyyatı Ukraynanın cənub-şərqindəki ruspərəst anklavlardan o yana keçirməyəcək. Əməliyyatın bu həddi Putinə Donbas bölgəsinin müstəqilliyini elan etməyə və Rusiyadan ilhaq etdiyi Krım yarımadasına quru körpü salmağa imkan yarada bilər.

Bəs birdən Putin Kiyevəcən irəliləyib prezident Vladimir Zelenskinin demokratik yolla seçilmiş hökumətini devirmək qərarına gəldi, onda necə olacaq?

Putin 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsinə bənzər bir plan həyata keçirmək üçün Ukrayna ilə sərhədə xeyli qoşun və hərbi texnika – tank, raket, eləcə də hərbi-dəniz vasitələri, kibernetik vasitələr yerləşdirib.

Ukraynanın Qərb müttəfiqləri, xüsusilə ABŞ bu məsələ üzərində ciddi düşünür. Total müdaxilə baş versə, Ukraynada güclü müqavimət hərəkatı yaranacaqmı? Yaranacaqsa, o halda Qərb həmin hərəkatı dəstəkləmək üçün nə etməlidir?

NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin ali baş komandanı olduğum vaxt Ukraynaya səfər edəndə mən bu ölkənin hərbçilərinin və hökumət rəsmilərinin öz dilləri, mədəni-mənəvi irsləri və dövlət müstəqillikləri ilə necə qürur duyduqlarını yaxşı görürdüm.

Ukrayna qoşunları mənim komandanlığım altında Əfqanıstana göndərilmişdi. Ölkənin hərbi qüvvələri NATO-nun başqa missiyalarında da iştirak edib. Ukraynalı hərbçilərin bəzən təlimlərdə, hərbi avadanlıqları idarə etmək işində təcrübəsizliyi nəzərə çarpırdı, amma onların əzmkarlığı, qətiyyəti bu təcrübəsizliyi kompensasiya edə bilirdi.

XX əsrdə iki dünya müharibəsi arasındakı zaman çərçivəsində rus qoşunları ilə baş verən toqquşmalar, İkinci Dünya müharibəsi illərindəki aclıq, ağır döyüşlər, həmçinin sovet dövrünün soyuq müharibəsi – bütün bunlar Ukrayna xalqının kollektiv yaddaşına həkk olunmuş tarixdir.

Timoti Snayderin “Qanlı torpaqlar” kitabında qeyd etdiyi kimi, son yüz ildə ukraynalılar rusların əlindən çox bəla çəkib.

Ukraynalılar savaşmağı bacarırlar və savaşacaqlar da. Qərbin demokratik quruluşları isə bu işdə onlara dəstək vermək yolunu tutmalıdır.

Əlbəttə, Amerika yaxşı bilir üsyan nədir, üsyanın hər iki üzünü görüb. ABŞ Vyetnamda uzun bir müharibə aparıb, nəticədə Şimali Vyetnama və Cənubi Vyetnam Azadlıq Cəbhəsinə uduzub. Əfqanıstandakı “Taliban” hərəkatı isə bu yaxınlarda ABŞ-ın səbrinə güc gələ bilib.

Digər tərəfdən Sovet İttifaqı Əfqanıstanı işğal edəndə ABŞ orada sovetlərə qarşı üsyanı uğurla dəstəkləmiş bir ölkə olub. O dövrdə ABŞ-ın üsyançılara ötürdüyü “Stinger” raketləri Əfqanıstanda vəziyyətin dəyişməsində böyük rol oynayıb.

İkinci Dünya müharibəsində müttəfiqlər Fransada müqavimət hərəkatını dəstəkləyiblər. 1944-cü ilin iyununda ABŞ, Britaniya və Kanada hərbi birləşmələri Normandiya sahillərinə çıxmaqla Fransa ərazisinə girənə kimi müqavimət hərəkatı nasist Almaniyasının fransızlar üzərində nəzarətini sarsıdan əsas qüvvə olub.

Belə dəstək gizli şəkildə, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə həyata keçirilə bilər. Ancaq avtoritar ölkənin ordusu demokratik ölkəni işğal edibsə, daha darını çuvalda gizlətməyin mənası yoxdur.

Əgər ABŞ Ukraynada mümkün müqavimət hərəkatını dəstəkləmək fikrindədirsə, onda o hərəkatın bünövrəsini indi, həm də təcili, rus tankları sərhədi keçməmiş qoymalıdır.

Bu isə silah-sursatın Ukrayna xüsusi təyinatlılarının ixtiyarına keçməsi deməkdir, çünki müqavimət hərəkatının əsas qüvvəsi məhz xüsusi təyinatlılar olacaq. Onlar yaşayış məntəqələrindən çıxıb dağlarda, meşələrdə yaşamaq, kollektiv şəkildə ünsiyyət qurmaq, işğalçılara zərbə vurmaq imkanı qazanmalıdırlar.

Bəs birdən Putin Kiyevəcən irəliləyib prezident Vladimir Zelenskinin demokratik yolla seçilmiş hökumətini devirmək qərarına gəldi, onda necə?

Bu situasiya hər kəsin daşıya biləcəyi yüngül, amma dağıdıcı, öldürücü partlayıcı maddələrin, tank əleyhinə əllə atılması mümkün raketlərin, o cümlədən aviasiya dəstəyinin, snayper tüfənglərinin, yüksək keyfiyyətli optik nişanalma avadanlıqlarının, gecəgörmə cihazlarının, çoxlu sayda adi döyüş sursatı və texnikasının nəzərdə tutulmasını tələb edir.

Eyni zamanda kibermüharibəyə dəstək verilməli, Ukraynada ABŞ ordusunun və Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatçıları olmalıdır.

Əsas tədbirlərdən biri də Rusiya Kiyevdə nəzarəti gücləndirənə kimi Zelenski hökumətinin paytaxtı tərk etməsidir. Ölkəni tərk etmiş hökumət NATO paytaxtında qarşılanmalı, alyansın tam inzibati və diplomatik dəstəyini almalıdır.

Bu hökumət dünya boyu səfirləri vasitəsilə funksionallığını tam şəkildə davam etdirməli və ölkə daxilində müqavimət hərəkatının liderləri ilə effektiv əlaqədə olmalıdır.

İkinci Dünya müharibəsində Fransanın işğalı zamanı müqavimət hərəkatına başçılıq etmiş Şarl de Qoll hərdən müttəfiqlərinə meydan oxusa da, işğal illərində onun rəhbərlik etdiyi Fransa Müvəqqəti Hökumətini indiki vəziyyətə uyğun model saymaq mümkündür. (Novator)