Priqojin susub: Onun yeri barədə məlumat verilmir
26 İyun 2023
Vaqner döyüşçüləri Rusiyanın hərbi komandanlığının yerləşdiyi Rostov-na-Donu şəhərindən çıxarılıblar, qrupun lideri - Yevgeni Priqojin Belarusa yollanır, Rusiya dövlət mediası bildirir.
Ötən gün Belarus liderinin vasitəsilə əldə olunan razılaşmadan sonra, Moskvaya yürüş edən Priqojin, "qan tökməmək" naminə onun tabeçiliyində olan qoşunları hərbi düşərgələrə qaytarmaq gərarına gəldiyini elan edib.
Məlumatlara görə, Rusiya rəhbərliyi tərəfindən ona və onun döyüşçülərinə qarşı irəli sürülən ittihamlar ləğv ediləcək.
Yevgeni Priqojinin Belarusa getməsi ilə bağlı bütün məlumatlar yalnız bir mənbəyə - Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə əsaslanır. Dünən axşamdan bəri Priqojin Moskvaya doğru irəliləyişini dayandırdığını dedikdən sonra artıq heç bir açıqlama verməyib.
Yevgeni Priqojin qiyamını niyə dayandırdı?
Sarah Rainsford, BBC-nin Şərqi Avropa üzrə müxbiri
Pulmu? Ola bilər, hərçənd ki, mən onun artıq kifayət qədər çox pulu olduğunu düşünürəm. Dəqiqdir ki, dünənki axtarışlar vaxtı onun binasından xeyli pul tapılıb.
Bəs, onun təhlükəsizliyi və gələcək rolu ilə bağlı ona hansı zəmanətlər verilib?
Vaqner lideri uzun müddət ərzində Prezident Putin üçün kölgədə fəaliyyət göstərən mühüm fiqur olub.
Priqojin Suriyadakı döyüşlərdən tutmuş 2014-cü ildə Krımın ilhaqı ilə nəticələnən Ukraynadakı döyüşlərə qədər Kreml üçün çirkli işləri yerinə yetirib.
O, həmçinin "trol fermaları" adlanan qurumlar vasitəsilə dezinformasiyaların yayılmasında iştirak edib.
Priqojinin Belarusa yollanması üçün hansı sövdələşmənin əldə olunduğu və onun gələcəkdə nə edəcəyini bilmək maraqlı olardi.
Mən onun sakitcə təqaüdə çıxacağını gözləmirəm və onun bundan sonra nə edəcəyi naməlum qalır.
O, bir gecənin içində sakitcə yoxa çıxan adamlardan deyil.
Sarah Rainsford həmçinin Vaqner qrupunun mümkün gələcəyini nəzərdən keçirir. Onun təhlilində deyilir ki, Vaqner döyüşçülərinə qarşı irəli sürülən cinayət ittihamlarının ləğv edilməsi barədə Kremlin dediklərinə inanmaq çox çətindir, çünki Putin xəyanəti sevmir.
Vaqnerçilərə qarşı ittihamların ləğvinə "inanmaq çox çətindir"
Təhlilə əsasən, Vaqner qrupu Müdafiə Nazirliyinin tərkibinə daxil edilirdi və onun müstəqil maliyyələşdirilən və fəaliyyət göstərən birləşmə kimi günləri başa çatmaq üzrə idi.
"Yevgeni Priqojin nazirliklə uzun müddətdir ki, mübahisə edirdi və qoşunlarının bu nazirliyə daxil edilməsinə müqavimət göstərirdi. Zənnimcə, Priqojini belə radikal hərəkətə sövq edən də elə bu amil oldu, - Sarah Rainsford yazır. - "Vaqner" döyüşçülərinin müqavilələr imzalayıb Rusiya Müdafiə Nazirliyinə qoşulub-qoşulmayacağı hazırda cavablandırılmamış bir sualdır".
Şənbə günü Rusiya Prezidenti ölkənin cənubundakı Rostov şəhərini ələ keçirən Vaqner qrupunun lideri - Yevgeni Priqojini qiyamda və xəyanətdə ittiham edib.
Vladimir Putin televiziya çıxışında qiyamda iştirak edənlərin cəzalandırılacağını deyib.
Vaqner qrupunun lideri ittihamları rədd edir. Yevgeni Priqojin, öz növbəsində, hakimiyyəti korrupsiyada ittiham edib.
O, ölkənin hərbi rəhbərliyini devirmək üçün "sona qədər gedəcəyini" bəyan edirdi.
Lakin ötən gün Belarus lideri vasitəsilə əldə olunmuş razılaşmadan sonra, Priqojin qoşunlarının Rusiya paytaxtına doğru irəliləməsini "dayandırmağa" razılaşıb. Razılaşmanın şərtləri və təffərrüatları açıqlanmır.
Washington Post: Putin Priqojinin planları barədə əvvəlcədən bilirdi
ABŞ-ın Rusiyada hazırlanan qiyam barədə əvvəlcədən məlumatlı olub. Bu barədə kəşfiyyatdakı mənbələrinə əsasən, Washington Post və ondan əvvəl New York Times qəzeti yazıb.
Washington Post-da daha bir maraqlı məqam da qeyd olunur. Qəzetin danışdığı anonim mənbələrdən birinə görə, Priqojinin nəyəsə hazırlaşdığı barədə Rusiya Prezidentinin də ən azı, bir sutka əvvəldən məlumatı olub.
Lakin Putinin bunları bilərək niyə heç bir addım atmadığı naməlum qalır.
ABŞ kəşfiyyatı Priqojinin planları barədə iyunun ortalarından xəbər tutmağa başlasa da, onun mahiyyəti və ya dəqiq vaxtı barədə məlumat olmayıb.
ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) da daxil, bir sıra təhlil mərkəzlərində qiyamın əvvəlcədən planlaşdırıldığını hesab edirlər.
"Priqojinin döyüşçülərinin koordinasiyasını və hərəkətlərinin sürətini nəzərə alaraq demək olar ki, o, üsyanı əvvəlcədən planlaşdırıb, lakin ISW açıq mənbələrə əsaslanaraq bu fikri təsdiq edə bilmir", ISW-nin hesabatında deyilir.
ISW öz xülasəsində Priqojini qiyama sövq edən səbəbləri də təhlil edir.
İyulun 1-dək könüllü birləşmələr Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamalı idi.
Bu, Priqojinin siyasi və bəlkə də şəxsi gələcəyi üçün təhlükə kimi qəbul edilə bilərdi və o, Vaqnerin müstəqil qüvvə kimi qalmasının yeganə yolunu Müdafiə Nazirliyinə qarşı çıxışda gördu, təhlildə deyilir.
"Priqojin hələ ki, təmasda deyil"
Yevgeni Priqojin hələ ki, təmasda deyil. Onun harada olduğu məlum deyil. Bu barədə onun mətbuat xidməti RTVI jurnalistinin sorğusuna cavabında bildirib.
"O, hamıya salamlarını çatdırır və normal rabitə əlaqəsi olanda suallara cavab verəcək".
Yevgeni Priqojini sonuncu dəfə iyunun 24-də axşam Rostov şəhərini tərk edərkən görüblər.