Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polis Gədəbəydə etirazçıya qarşı gözyaşardıcı qazdan istifadə etdi - DİN tədqiqata başlayıb - FOTO/VİDEO

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin bəzi sakinləri etiraz aksiyası keçirib.

Yerli sakinlərin AzadlıqRadiosuna bildirməsinə görə, onlar ərazidəki qızıl mədəninin fəaliyyəti nəticəsində su hövzəsinin yaranması ilə bağlı etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, su hövzəsində zəhərli maddələr toplanır. Onlar əlavə ediblər ki, artıq ərazidə ikinci belə su hövzəsi yaradılır.

Yerli sakinlərin vurğulamasına görə, polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb. Bəzi sakinlərin xəsarət aldığı, saxlandığı deyilir.


DİN-dən deyilənlər…


Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Turan”a bildiriblər ki, iyunun 20-də günorta Gədəbəy rayonu Söyüdlü kəndinin bir qrup sakini süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

"Polis əməkdaşlarının qanuna əməl etməyən şəxslərlə profilaktik söhbətindən sonra onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulayıblar.

Amma nazirlikdən xəsarət alan və saxlananların olması ilə bağlı deyilənlərə, hələ ki, münasibət bildirilməyib.

Məsələyə, hələlik, başqa aidiyyatı və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

DIN yoxlama aparır


Noyabrın 20-də Gədəbəy rayonun Söyüdlü kəndində aksiya ilə bağlı sosial şəbəkələrdə bir çox videolar da yayılıb.

Həmin videoların birində sakitcə hərəkət edən yaşlı bir xanımın üzünə polis əməkdaşının arxadan qaz sıxdığı görünür.



“Turan” Agentliyinin xəbərinə görə, videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, onların bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub:

“Həmin fakt üzrə xidməti yoxlama aparılır.”

“Daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib”


DİN-in mətbuat xidmətindən habelə iddia edilib ki, süni gölün tikintisinə qanunsuz müdaxilə edən şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar əraziyə toplaşıblar:

“Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar”.

[video width="1280" height="720" mp4="http://pressklub.az/wp-content/uploads/2023/06/aksiya.mp4"][/video]

Bundan əvvəl olan şikayətlər və cavab


Söyüdlü kəndinin sakinləri bundan əvvəl də eyni şikayətləri dilə gətirmişdilər. Onlar deyirdilər ki, qızıl mədəninin tulantılarından yaranan göl 2012-ci ildə kəndin yaxınlığında salınıb. Kənd sakinlərinin sözlərinə görə, ondan sonra arı təsərrüfatları dağılıb. Onlar gölün suyunun içməli sulara qarışacağından da ehtiyat edirlər.

Ərazidəki qızıl yatağını işlədən Azərbaycan Beynəlxalq Mədən Şirkətinin Kimyəvi tullantılar üzrə nəzarətçisi Elşad Məmmədov isə bu yaxınlarda kənd sakinlərinin sözləri ilə razılaşmadığını bildirmişdi:

“Onun iyi var. Amma mal və ya insan içməsə onun ziyanı olmaz.”

Onun deməsinə görə, göldə az miqdarda sianid turşusu qalır və sonra da nasoslarla geri qaytarılır.

Elşad Məmmədov deyirdi ki, ayda bir dəfə ərazinin dərinliyində monitorinq aparılır və sızmanın olub-olmadığı öyrənilir. Onun vurğulamasına görə, sızma yoxdur.

Müəssisənin əməkdaşı yeni gölün salınmasını mövcud gölün daşa biləcəyi ehtimalı ilə izah edib. Onun deməsinə görə, bundan ötrü dövlətə müraciət ediblər, amma kənd sakinlərinin şikayətindən sonra proses bir il yarım dayanıb.